06 dekabr 2019 15:28
834

Füzulililər YAP-ın namizədlərinə dəstək olacaq - FOTO

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Kampaniya çərçivəsində dünən namizədlikləri YAP tərəfindən irəli sürülən şəxslərlə görüş keçirilib.

Görüşü YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimov açaraq bələdiyyələrin son 5 ildəki fəaliyyətindən, ölkə Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin müsbət nəticələrindən danışıb. A.Həşimova qeyd edib ki, bu dəfə də YAP Füzuli rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları seçki prosesinə cəlb etmək üçün əməli addımlar atıb: “Ümumiyyətlə rayon sakinlərinin YAP-a, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamı çox böyükdür. Füzulililər bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdirmişlər. Əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər.”

Sonra YAP Füzuli rayon təşkilatının sədri Rafael Zülfüqarov çıxış edərək qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir: “İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. Çünki seçkilərə “Xalq üçün” şüarı ilə gedən partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir.”

Orxan Vahidoğlu, “İki sahil”