25 iyun 2019 16:53
2078

Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib

İyunun 25-də Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İB-dən bildirilib ki, bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 44 min 016 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, ölkəmizin başçısının tapşırığına əsasən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub.

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşınması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrinə sayğac quraşdırma işləri aparılıb.

Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.

Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə, eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.