28 fevral 2019 10:50
1534

Gələcəyə yatırım: müasirlik, dinamik inkişaf, yeni texnologiyaların tətbiqi

Dövlətimizin başçısı İlham Əliyevin təhsilin inkişafı ilə bağlı son sərəncamları məhz bu məqsədə xidmət edir

Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir.

Ötən il  ADA Universitetində keçirilən məzun günündə də bu mühüm məqam  xüsusi qeyd edilmişdir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir.” Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. Təhsilə göstərilən diqqət büdcə xərclərimizdə də özünü təsdiqləyir. Büdcə xərclərində əsas yeri  təhsil və müdafiə xərcləri tutur. Dövlətimizin başçısı bildirir: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz  son beş ildə  orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr  dövlətimizin gücünü, həyata keçirilən siyasətin  uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da vurğulayır ki, əgər  inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır: “Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.”  Yeni texnologiyaların tətbiqi şəraitində  qarşıya əsas hədəf kimi qoyulan  iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür.

Təhsilin inkişafında məktəblərin rolu önə çəkilərək yenilərinin tikilməsi, yaxud əsaslı təmir olunması,  maddi-texniki bazalarının daha da möhkəmləndirilməsi, kompyuterləşdirilməsi istiqamətində  mühüm addımlar atılır. Məlumdur ki,  Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya yenidən  təmir olunaraq istifadəyə verilib. Bu günümüzün əsas tələbi budur: “Hər şagirdə bir kompyuter.” Məqsəd budur  ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun,  gənc nəslin dünyada  gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin.  Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan  və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.   Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu  mühüm vəzifələr əsas tutularaq  ötən ilin sonunda Gənc alimlərin I qurultayı keçirildi.  İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. 

Dövlətimizin başçısı İlham Əliyevin  16 noyabr 2018-ci il tarixli  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın,  həmçinin 23 noyabr 2018-ci il tarixli  “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında  sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının  beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir.  Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir.  Onlar təhsillərini başa vuraraq,  Vətənə qayıtmaqla  əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da  inkişafına, tərəqqisinə öz töhfələrini verirlər.  

Ölkə Prezidenti İlham Əliyevin  son “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”,  “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqadülərin verilməsi haqqında” Sərəncamları, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir.   Bu sənədlər ümumilikdə  110 min tələbəni əhatə edəcək. Tələbələr üçün sevindirici xəbərlərdən biri də budur ki, ödənişli təhsil alan tələbələr də təqaüd almaq imkanı əldə edəcəklər. Təhsil ekspertləri bu mühüm məqamı xüsusi qeyd edirlər ki, təqaüd sisteminin təkmilləşdirilməsi  tələbələr arasında rəqabət muhitinin yaradılmasına bilavasitə təsir edəcək.  Çünki əvvəllər  ödənişli əsaslarla  təhsil alan tələbələr təqaüd almaq imkanlarına malik deyildilər.  Artıq məlum sənədlər  akademik göstəriciləri yüksək olan, amma ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüd almaq sevincini yaşadacaq.

Təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələlərə dövlət qayğısını gücləndirmək məqsədilə imzalanan Fərmana əsasən Prezident təqaüdünün həcmi  185 manatdan 210 manata artırılır. Tələbələr üçün sevindirici xəbərlərdən biri də  2019-cu ilin büdcə müzakirələri zamanı   dövlət sifarişli yerlərin artırılması barədə  qararın qəbul olunmasıdır. Növbəti tədris ilindən təqaüd yerlərinin  12324-dən   20500-ə çatdırılması nəzərdə tutulub. Bu da öz növbəsində  dövlət sifarişli yerlərin  42 faizə çatdırılması deməkdir. Magistratura yerlərinin 25 faiz artırılması barədə qəbul olunan qərar da xoş xəbərlər sırasındandır. Dövlətimizin başçısı İlham Əliyev bu addımların davamlı olacağını bildirir.

Bir sözlə, Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə  mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu   fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün    dünyada  təkcə neft-qaz ehtiyatlarına malik ölkə  deyil, həmçinin  yüksək səviyyəli  elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar  ölkəsi kimi tanınır.  Ümumilikdə qeyd etsək, davamlı inkişaf təkmilləşməni, yeniləşməni, bir sözlə,  millətin gələcəyi kimi dəyərləndirilən təhsilin dünya təhsil sisteminə inteqrasiyasını bir tələb kimi ortaya qoyur.

Yeganə Əliyeva, “İki sahil”