20 yanvar 2020 16:58
1622

Gəncədə 20 Yanvar şəhidləri ehtiramla anılıb

20 Yanvar – Ümumxalq Hüzn Günü Gəncədə də qeyd olunub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş, üzərində 90 nəfərin adları yazılmış abidə ziyarət olunub.

Daha sonra əbədi məşəl abidəsinin önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib, şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları şəhid məzarlarını da ziyarət ediblər.

Niyazi Bayramov şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.