25 aprel 2019 19:06
1352

 Gənclər bu günümüz, sabahımız, uğurlu gələcəyimizdir - FOTO

Aprelin 25-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Yasamal rayon təşkilatının V hesabat-seçki konfransı keçirildi. Konfransdan əvvəl iştirakçılar YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin təşkilatın foyesindəki büstü önünə gül çələngi qoydular.

Konfrans  Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiya üzvləri arasında çoxluq təşkil edən gənclərin hesabat dövründəki fəaliyyətindən bəhs edərək bildirdi ki,  siyasi hazırlıqları ilə  fərqlənən yeni nəslin nümayəndələri partiyanın işində fəallıq göstərirlər:

- Bu gün Azərbaycan gəncləri müstəqil dövlətimizin fəal qurucularıdırlar.  Bu, böyük xoşbəxtlikdir.  Hər bir azərbaycanlı kimi, gənclərimiz də  belə qüdrətli bir ölkənin vətəndaşları olduqları üçün fəxr edir, qürur duyurlar. Ölkəmizin hərtərəfli inkişafında  fəallıq göstərən gənclərimiz iqtisadiyyatımızın müxtəlif sahələrində çalışmaqla siyasi hazırlıqları ilə də fərqlənir,  ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Azərbaycanda  gənclər siyasəti uğurla davam etdirilir. Gənclərə həmişə böyük ümidlə baxan, onlara qayğı göstərən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  1997-ci ildən başlayaraq hər ilin 2 fevral tarixi Azərbaycanda «Gənclər Günü»  kimi qeyd olunur. Ölkə Prezidenti, YAP-nın Sədri, gənclərin hamisi İlham Əliyevin vurğuladığı kimi  ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Respublikada keçirilən prezident, parlament, bələdiyyə seçkilərində, təbliğat-təşviqat kampaniyalarında nümunə göstərən gənclərimiz fləşmobların təşkilində, seçicilərlə  söhbətlərdə nümunə göstərmişlər.

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək  gənclərlə aparılan işlərdən ətraflı danışdı. Bildirdi ki, paytaxtın intelleki mərkəzlərindən sayılan Yasamal rayonunda ali təhsil ocaqları çoxluq təşkil etdiyindən Birliyimizin üzvləri siyasi hazırlıqları, təhsildə qazandıqları uğurları ilə də seçilirlər:

- YAP Yasamal rayon təşkilatı  ətrafında  31. 500  üzvü birləşdirir. Onlardan12.300 nəfərini gənclər,  4200  nəfərini qadınlar təşkil edir. Təkcə ötən ildə  961 gənc rayon təşkilatına üzvlüyə qəbul olunmuşdur.  Üzvlərimizin 7050 nəfəri ali,  4700 nəfəri orta- ixtisas təhsillidir. Üzvlərimiz arasında 31 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru vardır.  Partiyanın qurucusu,  ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğını bu gün daha yüksək səviyyədə davam etdirən  cənab İlham Əliyevin  bizlərə göstərdiyi  diqqətə ən layiqli cavabımız dövlət başçımızın ətrafında sıx birləşərək  onun  siyasətini əməli işimizlə doğrultmaqdır.

Hesabat məruzəsi ətrafında çıxış edən gənclərdən Anar Cəfərov,  Vəfa Mürsəlzadə, Bayram Aslanov bildirdilər ki, biz gənclər təhsildə, şəxsi həyatımızda, çalışdığımız sahələrdə üzərimizə düşən vəzifələri yerinə yetirməklə üzvü olduğumuz  YAP-ın ideyalarına sadiqliyimizi  dövrün çağırışlarına əməli fəaliyyətimizlə  bildirəcəyik. 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova  gənclərə xitab edərək onları ulu öndər Heydər Əliyev ideyalarına sadiq yenilməz qüvvə adlandırdı:

- YAP-ın üzvü olmaq elə Ulu Öndərin ideyaların davam etdirən  ziyalı potensialı  deməkdir.   Azərbaycan gəncliyi ölkəmizin  diplomatik uğurlarının qazanılmasında da  iştirak edir. Beynəlxalq idman yarışlarında  qələbə qazanan gənclərimizin Azərbaycan bayrağını yüksək pillələrdə dalğalandırması bütünlükdə gəncliyə göstərilən diqqətin nümunəsidir. Partiyamızın Sədri cənab  İlham Əliyevin qarşıya qoyduğu vəziflərdən biri də yeni təfəkkürlü  insan yetişdirmək, gənclərimizi  azərbaycançılıq ideyalarına sadiqlik ruhunda tərbiyə etməkdir. Sevindirici haldır ki, bugünkü  gəncliyimiz bütün çağırışlara cavab verə biləcək səviyyədə hazırlıqlıdırlar. Sizlərin  bütün sahələrdə qazandığınız uğurlar bütünlükdə Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir.    

Bahar Muradova mövcud olan potensialdan örnək götürən  gəncləri daha inamlı olmağa, sabaha ümidlə baxmağa çağıraraq onlara dövlətçilik işlərində, şəxsi həyatlarında uğurlar arzuladı.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi  ki, bu gün Azərbaycan gəncliyi  partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələri şərəfli işi ilə  doğruldur,  bu  adı ləyaqətlə daşıyır.

- Dahi şəxsiyyət Heydər Əliyevin  yaratdığı partiyada təmsil olunan gənclərimiz fəallıqlarını artırır, Vətənə layiqli xidmətləri ilə fərqlənirlər. Yasamal rayonunda yaşayan  gənclərin partiyanın  rayon təşkilatında çoxluq təşkil etməsi YAP ümumxalq inamının nəticəsidir. Gənclərimiz  cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai işlərdə də fəallıq göstərirlər. Ərazi və əhalisi baxımından  çox  böyük olmasa da,  ölkəmizin qüdrətli dövlət kimi dünya birliyində tanınmasında  xüsusi rolu və xidmətləri olan gənclərimiz  minlərlədir.  Azərbaycanın həmmüəllifi olduğu, qitələri birləşdirən  qlobal enerji və nəqliyyat layihələrinin reallaşması  təkcə region üçün deyil, bütünlükdə dünya dövlətləri üçün böyük əhəmiyyət daşıyır.  Reallaşan layihələrin davamı olacaq daha möhtəşəm  işlər məhz  bugünkü  gənclərin iştirakı ilə  həyata keçiriləcək. Buna görə də  gənclər fəallıqları ilə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, Azərbaycanın uğurlarına qısqanclıqla baxan mənfur niyyətli qüvvələrə siyasi hazırlıqları, elmdə, iqtisadiyyatda qazandıqları nailiyyətlərlə cavab verməlidirlər. Yaramaz və yarıtmaz  milli xəyanətkarlarımızın təxribatlarına sosial şəbəkələrdə fəallıq göstərməklə cavablar verməlidirlər. Belə qərəzli dairələrə ən layiqli cavab isə Azərbaycanın dinamik, uğurlu inkişafı, siz gənclərin xoş sədanız olacaq. Gəncliyimizin varlığı, xalqımızın  tükənməz potensialı daha qüdrətli Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyidir.

Konfransda  təşkilatı məsələlərə baxıldı. İlqar Quliyev YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi. Gənclər Birliyinin 25 nəfərdən ibarət İdarə Heyəti, 61 nəfər Şura üzvü seçildi.  YAP  Respublika Gənclər Birliyinin  konfransında iştirak edəcək gənclər müəyyənləşdi.

Xuraman İsmayılqızı, «İki sahil»