23 avqust 2019 13:47
911

Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib

Avqustun 23-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Göygöl rayonunda Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən idman qurğularının lazımi avadanlıqla təminatı, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, Gənclər evinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının tikintisi ilə bağlı olub. Eyni zamanda, işlə təminat və şəxsi məsələlərlə bağlı da müraciətlər edilib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Digər müraciətlər isə baxılması üçün icraya yönəldilib.