07 iyun 2019 14:52
1128

Gənclər və İdman naziri İsmayıllıda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov iyunun 7-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda 15 nəfər vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən, idman qurğularına lazımi avadanlığın verilməsi, qeyri-hökumət təşkilatlarının yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub. Müraciətlərdə qaldırılan məsələlər arasında Gənclər evlərinin tikintisi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, şəxsi məsələlər də yer alıb.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.