KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Gorkinin Larrası və günümüzün Emin Millisi

21 may 2019 11:08
1932

Yəqin ki, Maksim Gorkini oxuyanlar onun bəzən çox qısa bir hekayətdə böyük məzmun – ibrət yükü daşıyan əsərlərinin fərqinə varır. Belə əsərlər arasında “İzergil qarı” əfsanəsi də var. İki hissədən ibarətdir. Birinci hissə “Danko əfsanəsi”, ikinci hissə isə “Larra əfsanəsi” adlanır. Danko haqqında yazılarımdan birində yazmışdım. Bu dəfə isə işimiz Larra ilədir…

Son günlər Emin Milli adlı bir şəxsin etirafı gündəmdədir. O, uzun illərdir Prezident İlham Əliyevə qarşı nifrət püskürməsini etiraf edir, yanlış yolda olduğunu deyir. Bu şəxsin bu etirafı – mövqeyi kimiləri tərəfindən təqdir, kimiləri tərəfindən də tənqid edilir. Özəlliklə də belə radikal adamlardan öz siyasi kapitalını artırmaq üçün istifadə edən fürsətçi-siyasətçilər, təbii ki, Eminin əməlini xəyanət kimi dəyərləndirir. Onların önündə gedən Əli Kərimli isə bütün işini-gücünü atıb bu cür əməlin daha geniş yayılmasının qarşısını almaq üçün dəridən-qabıqdan çıxır. Lakin işimiz bütün bunlarla deyil. Məsələ başqadır.

Gorkinin Larrası haqqında: Larra müştəbeh, özündən razı, heç kimi – hətta qəbilə ağsaqqallarını belə saymayan bir gəncdir. O, bir gənc qızı öldürdüyü üçün cəzaya məhkum edilib. Cəza isə ölüm deyil. Heç həbs də deyil. Sadəcə cəmiyyətdən – qəbilədən – insanlardan təcrid edilməkdir. Yəni ona elə bir cəza fikirləşib tapırlar ki, bu adam heç vaxt ondan qurtula bilməsin. Hətta ölüm yoluyla belə. İlk dönəmlərdə Larra bu cəzanı kinayə ilə qarşılayır, üzünü çevirib qəbilədən uzaqlaşır. Düzdür, arabir geri dönür, insanlara zərər vurur, oğurluq edir, amma təcrid olunmağının fərqinə o qədər də varmır. Ta ki, haqq-hesab günü yetişənədək. Aradan illər keçəndən sonra Larranın ölüm anı yetişir. Daha doğrusu, o, ölmək istəyir. Lakin ölə bilmir. Buna görə də qəbiləyə dönür, insanlara sataşmağa, dava salmağa çalışır. Onun ölmək istədiyini anlayanlar bu şəxsdən üz döndərir, qaçıb uzaqlaşırlar. Larra ha illah edir, heç kim qayıdıb ona bir daş belə atmır. Hətta kiminsə əlindən yerə düşmüş bıçağı götürüb öz sinəsinə saplayır, yenə də ölə bilmir. Çırpınır, vurnuxur, ölüm ondan qaçmağa davam edir. İnsanlarsa o qədər insafsız olur ki, buna dünyalarca nifrət etmələrinə baxmayaraq ölümünə yardımçı olmurlar. Olmurlar ki, o yaşamağa və əzab çəkməyə davam etsin. Davam etsin ki, özünü öz qəbiləsindən – tayfasından – xalqından təcrid edənlərə ibrət olsun. Beləcə Larra əzabla yaşamağa davam edir. Kim bilir, bəlkə hələ də sağdır, hələ də zülm çəkir, insanlara qovuşmaq istəyir, lakin rədd edilir. Elə onun adının mənası da “rədd edilmiş”dir…

İndi bu Emin Millinin etirafı mənə Larranın acı taleyini xatırladır. Yadımdadır, bir neçə il öncə belə adamların ölmək üçün Azərbaycana qayıtmaq istəyəcəyini, lakin bu müqəddəs torpağın onları qəbul etməyəcəyini demişdim. Açığı, bu qədər qəddar və zalım deyiləm. Ancaq sadəcə həyat hekayətlərindən dərs almağı bilən birisi kimi bu cür adamlarla bağlı ağlıma başqa bir şey gəlmir. Mənə elə gəlir ki, Emin Milli həqiqətən də Larranın taleyini yaşayır. Özü özünü Azərbaycan cəmiyyətindən təcrid edib, uzun illər xaricdə oturub ölkəsinə ziyan vurmaqla məşğul olub. İndi iş o yerə çatıb ki, oturub düşünməyə vaxt tapıb və anlayıb ki, öləcəyi – Vətənlə bütünləşəcəyi yer yalnız Azərbaycandır. Özünün bütün hallarıyla bu torpaq onu istər sağlığında, istər əbədi istirahətində xoşbəxt edə bilər…

Emin Milli kimi daha bir neçə nəfər var xaricdə. Onların bəzilərilə görüşlərimiz, söhbətlərimiz də olub. Hətta bəzilərilə internet üzərindən ünsiyyəti davam da etdiririk. Həmişə onlara demişəm: elə edin ki, heç olmasa ölərkən bu Vətənin torpağına gömülməyə üzünüz olsun…

Bir də heç vaxt təmas qurmadığım bir neçə nəfər var. Bizim ictimai-siyasi kəsimin insanları onları “söyüş çetesi” adlandırır. Sözün həqiqi anlamında küçə adamlarıdır. İntellektləri sıfırın altındadır. Ədəb və əxlaqdan anlamaz bu yoxluqlar (ifadə Mirşahinə aiddir və çox uğurludur – A.H.). Avropanın küçələrində guya Azərbaycan üçün demokratiya davası aparırlar. Emin Milli tipində adamlar bəlkə də nəyisə etiraf etməklə Azərbaycana dönə, heç olmasa burda ölə biləcəklər. Amma o söyüş çetesinə mənsub yoxluqlar heç dönə və ölə də bilməyəcəklər bu torpaqda…

Gorkinin Larrası və günümüzün Emini, məncə, o yolu getməyə təzə başlayanlar üçün bir ibrət olmalıdır. Kim həmin yoldan tez dönərsə, uduşlu çıxacaq. Yoxsa Emin Milli kimi uzun və havaya sovrulmuş illərdən sonra dönməyə məcbur olacaqlar. Lakin onda da çox gec olacaq, çox.

Həyat ibrət alınacaq hekayətlərlə doludur. Tarix boyu belə olub. Ağıllı adamlar başqalarının başına gələnlərdən ibrət alıb və alır, ağlı taraz olmayan, burnundan uzağı görməyənlərsə dəfələrlə öz başlarına gəldikdən sonra ibrət alıb, yaxud da heç vaxt ala bilməyib. Ona görə deyirik ki, günümüzün Larrası olan Emin millidən ibrət almağa tələsin. Həm də ona görə tələsin ki, Azərbaycan cəmiyyəti də, dövləti də hələ bağışlamağa, şans verməyə açıqdır. Gün gələcək ki, bu açıqlıq qapanacaq və onda ölməyə belə Azərbaycana dönə bilməyəcəksiniz…