05 yanvar 2021 18:17
931

«Güclü dövlət, yüksək rifah» prinsipi həyata keçirilən siyasətin əsasıdır

Dövlətimizin başçısı İlham Əliyevin  2003-cü ildən «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» tələbinə uyğun olaraq son 17 ildə  atılan addımlar Azərbaycanın hər bir iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasına geniş imkanlar açır. Ötən ilin ilk aylarının, yəni pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanmazdan öncə sosial-iqtisadi göstəriciləri yada salaq. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artmışdı.  Qeyri-neft sektorunda artım  6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz təşkil edirdi.  İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz idi. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq. Ancaq pandemiya iqtisadi inkişafımıza böyük əngəl törədir və törədəcək.

Mart ayından sonrakı dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini müşahidə etdik. Lakin dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə  Azərbaycan ən böyük iqtisadi dəstək proqramını- pandemiyanın iqtisadiyyata  mənfi təsirini minimuma endirəcək,  makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırladı.  Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2019-cu il   Azərbaycanı bütün istiqamətlərdə  təkmil islahatlara imza atan ölkə kimi tanıdıb. Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmə, yeniləşmə, dövlətimizin başçısı İlham Əliyevin  hər bir dövlət məmurundan öz işinə daha məsuliyyətlə yanaşma çağırışı, bu və ya digər rayonların icra hakimiyyəti başçıları, dövlət strukturlarının rəhbərləri ilə görüşlərində qarşıya qoyduğu vəzifələr Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amillərdir.

O da məlumdur ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixdə  koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı  İşçi Qrupu yaradılmışdır.  İşçi Qrupu mütəmadi olaraq 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edən  10 proqramın icrası ilə bağlı görülən işlər barədə məlumat verir. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib. Məşğulluq və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər böyük rəğbətlə qarşılanmaqla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynadı.  190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlər  üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilərək 12 min ailəni əhatə edib. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni - 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 milyon manat təşkil edib. Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb.

Bir mühüm məqamı da qeyd edək ki,  koronavirusla mübarizə tədbirlərinə başlanan zaman böyüklərə hörmət əlaməti olaraq yaşı 65-dən yuxarı  vətəndaşların evdən çıxmamaları üçün onlara sosial xidmətlər həyata keçirilib. 65 yaşdan yuxarı 15 min tənha  və  əlilliyi olan şəxs bu xidmətdən istifadə edib.

2020-ci il, eyni zamanda, Azərbaycanın tarixinə Zəfər ili kimi daxil oldu. Dövlətimizin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində şəhid olanların ailələrinə, yaralı hərbçilərimizə diqqət və qayğısı sosial siyasətin əsas tərkib hissəsidir. Postmüharibə dövründə  görüləcək işlərin sırasında təbii ki, bu kateqoriyadan olan  insanlara diqqət və qayğı əsas yer tutur. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7 faiz  artım deməkdir. Həmçinin “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz  artırılıb. Ümumiyyətlə, postmüharibə  dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Əvvəldə də qeyd etdiyimiz kimi, 2019-cu ildə  dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi iki sosial paket əsasında  4,2 milyon insanın  sosial rifah halının yaxşılaşdırılması təmin edildi.  Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırıldı.  Problemli kredit məsələsinin həll edilməsi də ölkəmizdə  ən yüksək səviyyədə həyata keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk.

Ümumi nəticə bundan ibarətdir ki,  dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılır.  Koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqət mərkəzində olması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Cənab İlham Əliyev bu çağırışı edir ki, əsas məqsədimiz, ilk növbədə,  vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır.   “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”  Prezidentin 2020-ci il 19 mart tarixli   Sərəncamının  icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi və uğurlu icrası da  bu istiqamətdə atılan addımların əsas tərkib hissəsidir.

Dövlətimizin başçısı ilk gündən  bu çağırışı qarşıya əsas vəzifə kimi qoydu ki,  ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız  dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik. Bir mühüm məqamı da qeyd edək ki, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar  təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir.

Bu statistikanı da açıqlayaq ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Tarif Şurasının qərarında benzin və dizelin qiymətinin artırılmasının səbəbləri və gözləntilər öz əksini tapıb. Məqsəd həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsidir. Hədəflər sırasında  2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması, Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərdə tutulub.

Göründüyü kimi, Azərbaycan dövrün və zamanın tələblərinə uyğun olaraq addımlar atır. Bütün hallarda «Güclü dövlət, yüksək rifah» prinsipi həyata keçirilən siyasətin əsasıdır. Qiymət tənzimlənməsi nəticəsində yaranan əlavə vəsait  sosialyönümlü tədbirlərə yönəldiləcək.

Yeganə Əliyeva, «İki sahil»