20 iyul 2019 12:17
846

Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır

Gürcüstan hökuməti turizm sektoru ilə bağlı yeni təkliflər planı hazırlayıb. On maddədən ibarət sənəddə Azərbaycan şirkətləri ilə əməkdaşlıq da nəzərdə tutulub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, təkliflər paketi Rusiyanın Gürcüstana birbaşa uçuşlara tətbiq etdiyi qadağaya cavab kimi tərtib olunub.

Nazir deyib ki, sənəddə Bakıdan Tbilisiyə “şatl” tipli avtobusların xəttə buraxılması təklifi yer alıb.

Onun sözlərinə görə, Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır və onlara Bakı-Tbilisi istiqamətində hərəkət edəcək “şatl” avtobuslarını aviabiletlərə inteqrasiya etmək təklif olunur.

Sənəddə, həmçinin çarter reyslərin subsidiyalaşdırılması, diplomatik korpusla iş, Gürcüstana məşhur simaların dəvət olunması, təbliğat kampaniyalarının gücləndirilməsi və digər istiqamətlər üzrə maddələr də öz əksini tapıb.