13 noyabr 2019 19:37
1081

Hacı Fuad Nurullayev: Dinlərarası əməkdaşlığa ehtiyac artır

Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verib. Odur ki, bu gün ölkəmiz beynəlxalq aləmdə dini-mənəvi dəyərlərin inkişafına böyük töhfələr verən multikulturalizm mərkəzi kimi tanınmaqdadır. Hətta bu sahədə həyata keçirdiyi tədbirlərlə dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Üstəlik, tolerant, multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya təqdim etməkdədir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu il noyabrın 14-15-də Bakı şəhərində müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək Dünya dini liderlərinin II sammiti də dediklərimizin növbəti əyani təzahürüdür.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, dünya dini liderlərinin sayca ikinci Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır: “Bu, adi bir həqiqətdir ki, bu gün yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət cəmiyyət yaratmaq mümkün deyil. Bu mənada çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğu çox vacib amildir. Odur ki, dinlərarası əməkdaşlığa ehtiyac daha da artmaqdadır. Bir də unutmayaq ki, bu gün dünyada əmin-amanlığın, sülhün bərqərar olunmasında dini liderlərin, din adamlarının böyük rolu vardır. Bu gün dünyada baş verənləri bir daha analiz edəndə belə qərara gəlmək olar ki, tökülən qanların, dağıntıların, münaqişələrin kökündə anlaşılmazlıq dayanır. Bu mənada əminliklə söyləmək olar ki, müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək. Bu yerdə bir məsələni də vurğulamaq istərdim. Bəziləri elə düşünürlər ki, ölkəmizdə əmin-amanlıqdır, vəssalam. Amma unutmayaq ki, Azərbaycan dünyanın bir parçasıdır. Odur ki, ölkəmiz çalışır ki, bütün dünyada hər kəs dinindən, irqindən asılı olmayaraq əmin-amanlıq içində yaşasın. Şübhəsiz, gənc müstəqil bir ölkənin belə bir çağırışı dünyanın diqqət mərkəzindədir”. 

Hacı Fuad Nurullayevin fikrincə,  Cənubi Qafqazda miqyasına və tərkibinə görə seçilən beynəlxalq toplantının Bakıda keçirilməsi Azərbaycana, əgər belə demək mümkünsə, bir sıra dividentlər gətirəcək: “Belə ki, tədbir Azərbaycan dövlətinin yürütdüyü siyasətin humanist ampluasının əsas mesajlarını nüfuzlu ictmai və din xadimlərinə təqdimatı üçün yaxşı imkan yaradacaq. Belə vasitəçilik isə dövlətimizin regionda aparıcı mövqeyini dünyaya nümayişinin bir fürsəti olacaq. Sammitə gələnlər bu mürəkkəb cografiyada müxtəlif dinlərə sitayiş edən insanların necə vəhdətdə yaşadığını əyani görə biləcəklər. Şübhəsiz, onlar bütün bunlar haqqında təmsil etdikləri ölkələrində müəyyən fikirlərlə çıxış edəcəklər”.

Müsahibimiz bildirdi ki, belə sammitlər təkcə sırf dini məsələlər üçün nəzərdə tutulmur: “Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsinin iştirakı gözlənilir. Dəvətlilərin siyahısında tanınmış siyasi xadimlərin olması onu göstərir ki, tədbirdə bugünkü dünyanın siyasi mənzərəsi və çağırışları da müzakirə olunacaq: “Bu mənada Dünya dini liderlərinin II sammiti Azərbaycanın problemlərini bir daha dilə gətirmək baxımından əhəmiyyətlidir. Yəni bu tədbir Dağlıq Qarabağ problemini növbəti dəfə səsləndirmək, işğalçı Ermənistanın iç üzünü bir daha açmaq üçün, mən deyərdim ki, bir fürsətdir. Odur ki, belə bir tədbirin keçirilməsini olduqca müsbət dəyərləndirirəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”