Elə məhsullar var ki, insanlıq yox olsa belə, Yer üzərində uzun müddət olduğu kimi qalacaq və keyfiyyətini itirməyəcək.
Aşağıda belə məhsullarla tanış ola bilərsiniz.
Düyü
Düyünün saxlanılması üçün ən uyğun temperatur 4,5°C-dir. Qida saxlamaq xüsusi hazırlanmış plastmas və şüşə bankalarda və göstərilən temperaturda saxlanılarsa, düyü 30 ilə qədər keyfiyyətli qala bilər və öz qidalandırıcı xüsusiyyətlərini və ətrini itirməz.
Quru süd
Bütün texnoloji normativlərə uyğun hazırlanan quru süd çox uzun müddət xarab olmadan qalır. Bunun üçün sadəcə quru südü hermetik möhürlənmiş qablarda saxlamaq lazımdır.
Soya sousu
Soya sousu açıq qabda belə üç ildən çox öz keyfiyyətini itirmədən qala bilər. Təbii üsullarla hazırlanan, kimyəvi məhsullar qatılmayan və düzgün temperaturda saxlanılan soya sousu daha uzun müddət keyfiyyətini itirmir.
Quru lobya
Briham Yanq Universitetinin tədqiqatçıları təcrübə apararaq müəyyən ediblər ki, 30 il saxlanılan quru lobyanın xairici görünüşü dəyişsə də, içərisindəki faydalı maddələr öz keyfiyyətini itirmir. Bu o deməkdir ki, tam quru halda lobya və digər paxlalıları illərlə saxlamaq olar.
Duz
Duz əslində mineral maddədir. Yer üzərində xarab olmuş duz tapmaq qeyri-mümkündür. Duz rütubətə qarşı həssasdır, rütubətdən bərkləşib böyük parçalara çevrilə bilir, ancaq tərkibi dəyişmir, onu əzərək yenidən istifadə etmək olar. Lakin yodlaşdırılmış duzun ömrü maksimum bir ildir.
Qatı spirtli içkilər
Spirtli içkilərin çoxunun saxlama müddəti olmur. Əsas odur ki, qaranlıq və sərin yerdə, möhkəm bağlanmış qabda saxlanılsın.
Sirkə
Ağ sirkə də saxlama müddəti heç vaxt bitməyən məhsullardan biridir. Onu original hermetik şüşədə, qaranlıq və sərin yerdə, istidən uzaqda uzun müddət saxlamaq olar.
Şəkər
Duz kimi şəkər də öz keyfiyyətini itirmədən illərlə qala bilir, ancaq mütləq hermetik qablarda saxlanılmalıdır. Əks halda bütün nəmi özünə çəkəcək. Şəkər tozu və qəhvəyi şəkər də belədir.
Bal
Unikal məhsul hesab edilən təmiz bal hətta əsrlərlə qalsa belə keyfiyyətini itirmir. Onun strukturu və tərkibi bakteriyalar üçün tamamilə əlverişsizdir. Konteynerlərdə ağzı tam qapalı halda saxlanılan zaman balın hava və rütubətlə qarşılıqlı təsiri məhdudlaşır və bu zaman tamamilə xarab olmayan bir məhsula çevrilir. Yeri gəlmişkən, Misir piramidalarından birinin qazıntısı zamanı arxeoloqlar bal ilə dolu qablar aşkar etmişdilər. Tapıntının 2-3 min il bundan əvvələ aid olduğu iddia edilirdi, ancaq bal hələ də yeməli idi. Arxeoloqlar hətta onun dadına da baxmışdılar. Bu hadisədən bir neçə il sonra Gürcüstanda 5500 yaşı olan bal tapıldı.
Nubar Süleymanova,
“İki sahil”