KÖŞƏ

Qvami Məhəbbətoğlu

Heç kim unudulmur, heç nə yaddan çıxmır

03 dekabr 2020 20:39
2137

Vətən müharibəsi adlandırılan İkinci Qarabağ müharibəsi Ermənistanın kapitulyasiyası ilə yekunlaşdı. Nəticədə işğaldakı yaşayış məskənlərimiz düşmən tapdağından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Üstəlik, “Qarabağ münaqişəsi” deyimi də birdəfəlik arxivlərə atıldı. Bununla da Azərbaycan öz şanlı tarixində yeni və silinməz səhifələr açdı.

Xalqımız erməni vəhşiləri üzərindəki bu tarixi qələbəni sevinclə qarşıladı, onu ümumxalq yürüşləri ilə qeyd etdi. Şübhəsiz, bu sevinci xalqımıza yaşadan Ali Baş Komandanımızın rəhbərlik etdiyi  Azərbaycan Ordusunun əsgər və zabitlərinin rəşadəti oldu. Təkcə bir faktı xatırladaq ki, onların misilsiz qəhrəmanlığı sayəsində Qarabağın tacı sayılan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi həkk edildi. Bu mənada onların şücaəti əsla unudula bilməz.

Prezident, Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu barədə söz açmışdır. Məsələn, noyabrın 11-də dövlətimizin başçısı Ermənistanın sentyabrın 27-dən başladığı hərbi təxribatı zamanı yaralanan və 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Vətən müharibəsində fərqlənmiş hərbçilərin və mülki şəxslərin yeni orden və medallarla təltif ediləcəyini bildirmişdi: “Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm… Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm.”

Dövlətimizin başçısı 1 dekabr 2020-ci il tarixli “Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” sənədi imzalamaqla verdiyi bu vədi də reallığa çevirdi. Bu sənədə  əsasən, “Zəfər” və “Qarabağ” ordenləri, “Vətən Müharibəsi Qəhrəmanı”, o cümlədən, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi. 

Üstəlik, Ali Baş Komandan xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədi ilə dekabrın 3-də imzaladığı Sərəncamla hər il noyabrın 8-nin  Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsini rəsmiləşdirdi. Bəli, bundan sonra xalqımız hər il ordumuzun 44 günlük zəfər yürüşünün zirvə məqamına yetişdiyi günü – 8 Noyabrı, yəni Zəfər Gününü təntənə və coşqu ilə qeyd edəcək, igid Vətən oğullarımızın ön cəbhədə göstərdikləri ölçüyəgəlməz hünərləri daha geniş şəkildə xatırlayacaq. Bu gün həm də işğalçılıq niyyətindən əl çəkməyən, ardıcıl şəkildə sülh danışıqlarını pozan, təmas xəttində təxribatlar törədən  Ermənistanın miskin bir dövlətə çevrildiyi gün kimi yad ediləcək. Bu mənada Zəfər Gününün xalqımızın ən əziz bayramlarından biri olacağı şəksizdir. Fikrimizcə, bu günü həm də dövlət başçımızın müharibə siyasəti ilə əlaqədar müəyyən etdiyi düzgün strateji xəttin məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə yüzlərlə soydaşımız şəhid olmuş və  itkin düşmüşdür. Onlar da unudulmayıblar. Belə ki, Prezident Anım Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Canlarını respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ilə bağlı tədbirlər bununla yekunlaşmır. Belə ki, Prezidentin Sərəncamına əsasən, bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.  Prezident  İlham Əliyev Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə daha bir Sərəncam da imzalayıb. Bu Sərəncama əsasən, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi də təşkil ediləcək.

Qeyd edək ki, dekabrın 3-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsi ilə əlaqədar yaydığı məlumata görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.