25 iyun 2019 16:56
1328

Heç kim unudulmur, heç nə yaddan çıxmır - FOTO

Tarix boyu Azərbaycanın qəhrəman, igid övladları misilsiz rəşadətlər göstəriblər. Bu igidlərdən  biri də SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Texniki istismar şöbəsinin rəngsazı Ceyhun İltifat oğlu Dadaşovdur.

Ceyhun Dadaşov 1992-ci ildə Zəngilan rayonunun Vənətli kəndində yerləşən N saylı hərbi hissənin 3-cü batalyonunda xidmət edib. Zəngilanın Yeməzli, Ağbis, Qubadlının  Çayalı kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Beyləqan rayonunun Xaçınstroy kəndi istiqamətində, eləcə də Kafdarqaya, Qızılqaya yüksəklikləri uğrunda gedən döyüşlərdə fərqlənib. Belə ki, o, bu döyüşlərdə düşmənin bir neçə tankını sıradan çıxarıb.

Ceyhun Dadaşov həmin döyüşlərin birində yaralanıb və Mərkəzi Hərbi Hospitalda müalicə olunub. Müalicədən sonra isə Füzuli isdiqamətində yerləşən N saylı hərbi hissənin tank taborunun BMP tağımında tağım komandirinin müavini vəzifəsində qulluğunu davam etdirib.

Bu günlərdə C.Dadaşov Füzuli Rzaquliyevin rəhbərlik etdiyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AMVİB) təsis etdiyi "Müharibə veteranı" və "Milli ordu 100 il" Xatirə medalları ilə təltif olunub. Medalları Ceyhun Dadaşova AMVİV-in Zəngilan rayon şöbəsinin sədri Azad Musayev təqdim edib.

C.Dadaşov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  hər bir işdə insan öz əməyinə qiymət verildiyini görəndə daha da ruhlanır: “Bu gün torpaqlarımız hələ də erməni işğalı altındadır. Ərazilərimizi azad etmək uğrunda canımızı belə verməyə hər an hazırıq.  Əminəm ki, Prezidentimizin, Ali Baş Komandanımızın siyasəti nəticəsində bu problem də həllini tapacaq. Yeri gəlmişkən, biz veteranları sevindirən odur ki, hazırda dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuz gündən-günə güclənir. Aprel döyüşləri, Günnüt zəfəri bu tərəqqinin bariz sübutudur.”

Orxan Vahidoğlu, “İki sahil”