19 fevral 2019 11:44
1267

Hədəf qüdrətli, müasir Azərbaycan qurmaqdır

Prezident İlham Əliyev özünün gündəlik titanik fəaliyyəti ilə onun siyasətini tənqid etməyə cəhd edənləri təəccübləndirməkdə davam edir. 2018-ci ilin prezident seçkilərindən sonra özünü “uzaqgörən siyasətçi” hesab edənlərin bir qrupu belə bir fikri təlqin etməyə çalışırdılar ki, hazırkı iqtidar və bu komandanın lideri artıq tükənib və mövcud problemlərdən çıxış yolları tapmaqda çətinlik çəkir.

Lakin hər dəfə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu absurd iddialarla çıxış edənləri yenə də mat vəziyyətinə saldı. Sübut etdi ki, O və komandası hələ uzun illər Azərbaycan siyasətində möhtəşəm uğurlara imza ata biləcək, kreativ siyasi kursunu daim zənginləşdirəcək və inkişaf etdirəcək. 2019-cu ilin cəmi ikinci ayının ortalarınadək olan müddətdə baş verənlər, Prezident tərəfindən atılan addımlar və verilən qərarlar indi təkcə Azərbaycanda deyil, dünya ictimaiyyətində ciddi maraq və müzakirə doğurub. Bəzi siyasi şərhçilər hesab edirlər ki, Prezident İlham Əliyevin son aylardakı yenilikçi addımlarını ictimai fikirdə eyni sürətlə müzakirə və həzm etmək çətinliyi müşahidə olunur.

Bu baxımdan dövlət başçısının fevralın 12-də Real televiziyasına verdiyi müsahibə, orada səsləndirdiyi fikirlər bu addımların konseptual proqramı kimi qəbul edilməlidir. Müsahibədə irəli sürülən fikirlər həm bu günədək görülən işlərin nəticəsini qiymətləndirir, həm də bundan sonra atılacaq addımların yol xəritəsini aydınladır.

Prezident demək olar ki, cəmiyyəti düşündürən və narahat edən bütün məsələlərə toxunub. Dövlət başçısı müsahibəsinə, ilk növbədə, ictimai rəyə, xalqın və medianın münasibətinə hansı dəyəri verməsi ilə başlayıb: “Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm”.

Bu sözlər, ilk növbədə, onun göstəricisidir ki, Azərbaycan Prezidenti mediaya və ictimai müzakirəyə kifayət qədər açıq və diqqətli yanaşan siyasətçidir. Əlbəttə, dövlət başçısı bunu həm də bu günədək atdığı xeyli sayda konkret addımları ilə sübut edib.

Dövlət başçısının sözügedən müsahibədəki fikirləri həm də Azərbaycanın yeni islahatlar dövrünə qədəm qoyması və gedəcəyi tərəqqi yolunu izləmək baxımından da əhəmiyyətlidir. Prezident çox inamlı şəkildə Azərbaycanın yeniləşmə dövrünə qədəm qoyduğunu və bu istiqamətdə uğurla irəlilədiyini ifadə edib: “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”.

Müsahibədə Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunun müqayisəli təhlili də yer alıb. Bu mənzərəni qiymətləndirmək üçün yalnız bir fakta nəzər salmaq yetərlidir. Azərbaycan ilk dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşüb. O illərdə təqribən 90-95-ci yerlərdə olan ölkəmiz cəmi 12 il sonra, 2018-ci ildə bir sıra inkişaf etmiş ölkələri də geridə qoyaraq 25-ci yerə yüksəlib. Təkcə bu faktın özü Azərbaycanda aparılan iqtisadi islahatların səmərəliliyini göz önündə canlandırır.

Prezident müsahibəsində əsas hədəfləri də göstərib: hədəf Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir: “Ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır... Hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni sistem xarakterli islahatlar”.

Görülən işlər, həyata keçirilən yeniliklər göstərir ki, bu hədəflərə çatmaq uzaqda deyil.

Müsahibədə toxunulan əsas məsələlərdən biri də dövlət-vətəndaş münasibətlərinin real mənzərəsidir. Dövlət başçısı hər dəfə vətəndaşlarla görüşündə bütün seçki kampaniyalarında səsləndirdiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” şüarının əməli təzahürünü nümayiş etdirir. Bu, istər şəhid ailələri ilə, istər Şamaxıda zəlzələdən zərər çəkən sakinlərlə görüşdə, istərsə də son Beyləqan səfərində insanlarla ünsiyyətdə olduqca nümunəvi formada müşahidə edildi. Prezident nümayiş etdirdi ki, O xarizmatik və qətiyyətli dövlət başçısı olmaqla yanaşı, həm də 92 yaşlı bir azərbaycanlı nənənin oğlu kimi özünü təqdim edə bilir, şəhid anasının kövrək duyğularına bir övlad kimi yanaşa bilir, hətta sadə vətəndaş kimi sadə bir azərbaycanlı ilə mahnı da ifa edə bilir... Prezident İlham Əliyevi xalqa sevdirən də, onun oppenentlərini məyus edən də məhz bu cəhətləridir.

Azərbaycan rəhbəri sözügedən müsahibədə xarici siyasət konsepsiyasında da ciddi nəzəri dəyişiklik edildiyini diqqətə çatdırıb. Prezident açıq şəkildə ifadə edib ki, Azərbaycanın xarici siyasətində indi prioritet məsələ balanslaşdırma deyil, yalnız milli maraqların təmin edilməsi dayanır: “Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”.

Prezidentin müsahibəsində toxunduğu əsas mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdir. Dövlət başçısı bu istqamətdə əldə edilən hərbi və siyasi uğurları yüksək qiymətləndirib.

Taleh Turqut, “İki sahil”