16 oktyabr 2019 20:41
673

Hədəfimiz Olimpiya Oyunlarında iştirak etməkdir

Hazırda bütün milli federasiyalar “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün lisenziya xalları uğrunda mübarizə aparır. Mövsümün oktyabrın 22-də bağlanacağını nəzərə alsaq, son bir neçə günün idmançılar üçün necə əhəmiyyətli olduğunu deməyə ehtiyac yoxdur. Təbii ki, Azərbaycan yığma komandası olaraq biz də dördilliyin zirvə yarışında təmsil olunmağı çox istəyirik. Komandamız bunun üçün ciddi mübarizə aparır.

Bu sözləri Malayziyada keçirilən “Tour of Peninsular” veloturunun birinci mərhələsinin qalibi olan Azərbaycan yığma komandasının üzvü Elçin Əsədov deyib.

Velosipedçimiz bildirib: “Oktyabrın 12-13-də Türkiyədə keçirilmiş yarışlarda 85 lisenziya xalı topladıq. Oradan birbaşa Malayziyaya yollandıq. Təxminən bir gün yolda olduqdan sonra yarış keçirilən ölkəyə gecə çatmaq, səhər isə starta çıxmaq nə qədər çətin olsa da, məqsədimiz, amalımız uğrunda sonadək çalışacağımıza həm özüm, həm də komanda yoldaşlarım adından hamını əmin etmək istəyirəm. Çox sevinirəm ki, 2.1 kateqoriyalı yarışın ağır mərhələsinin qalibi oldum və liderliyi də ələ keçirdim. Komanda yoldaşlarıma, baş məşqçimizə və texniki heyətə dərin təşəkkürümü bildirirəm. Biz bir komandayıq və təbii ki, bu uğur təkbaşına qazanıla bilməzdi”.

Malayziya veloturunun birinci mərhələsində qalib gəldiyi günün – 15 oktyabrın Azərbaycan üçün əlamətdar olduğunu vurğulayan idmançı deyib: “2003-cü ilin məhz bu günündə İlham Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Mən həmin gün qazandığım qələbəni ulu öndərimiz Heydər Əliyevin bizə əmanət etdiyi müasir müstəqil Azərbaycanı bugünkü yüksəkliklərə qaldırmış Prezidentimizə həsr edirəm. İnanıram ki, biz də öhdəmizə düşən vəzifəni yerinə yetirərək “Tokio 2020” Yay Olimpiya Oyunlarında Azərbaycanı şose velosipedi yarışında təmsil etməyə nail olacağıq”.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabrın 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.