24 yanvar 2020 12:31
1017

Hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır

“Neftçi İdman Klubu” 2019-cu ilin idman təşkilatı seçilib

Bu gün ölkəmiz Beynəlxalq Olimpiya Hərəkatında şərəfli bir yolla irəliləyir. Son illər Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng, dünyanın ən inkişaf etmiş idman ölkələrinin də təəccübünə səbəb ola biləcək işlər hər birimizdə qürur hissi yaratmaqla bərabər, təbii ki, həm də bizləri çox sevindirir. Buna görə isə ilk növbədə dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi dəyərləndirməyə borcluyuq. Belə ki, paytaxtımızda və respublikanın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançıların hazırlanması üçün münbit şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilməkdədir. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Son illər ölkəmizin beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun açıq təzahürüdür.

“Neftçi İdman Klubu” bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Geriyə boylansaq, 2019-cu ildə klubumuzun çoxsaylı uğurlara imza atdığının şahidi olarıq. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 35 növü üzrə 234 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 900-dən artıq neftçi idmanla məşğul olub.

Yola saldığımız ildə “Neftçi İdman Klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət ərzində həmin işçilər arasında klubumuz tərəfindən voleybol (yanvar ayında kişilər, martda isə qadınlar arasında), futtennis, səmti müəyyənetmə, piyada turizm, mini-futbol (28 -  May Respublika Gününə və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), “Atam, anam və mən” (1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri, eləcə də spartakiada təşkil olunub keçirilib ki, bu yarışlarda da 2000-ə yaxın insan iştirak edib.

Respublikamızda idmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 sentyabr - Neftçilər günü) ərəfəsində təşkil olunan spartakiadadır. 2019-cu ildə klubumuz tərəfindən neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadası keçirildi. Yarışda 33 müəssisədən olan komandaların tərkibində 1400-dən artıq neftçi iştirak edirdi ki, onlardan da 300-dən çoxu qadınlar idi. Spartakiadada 14 idman növü (atletika, mini-futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə yarışlar təşkil edilmişdi.

Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlara nail olunub. Yola saldığımız ildə akrobatika idman növü üzrə klubun açıq birinciliyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri keçirilib ki, bu yarışlarda da yüzlərlə idmançı bacarığını nümayiş etdirib. 

Respublikamız müstəqillik əldə etdikdən indiyə qədər idmançılarımız bütün olimpiadalarda (Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyro) iştirak edərək ölkəmizə medallarla dönüblər. Bununla bərabər, klubun yetirmələri bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Təkcə 2019- cu il ərzində idmançılarımız 1256 medal qazanıblar ki, onlardan da 437-si qızıl, 366-sı gümüş, 453-ü isə bürüncdür.

İyunda Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında klubumuzun yetirmələri böyük uğura imza atıblar. Belə ki, Avropanın 50 ölkəsindən 4 mindən çox atletin mübarizə apardığı mötəbər turnirdə “Neftçi İdman Klubu”nun təmsilçiləri  2-si qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla bu oyunların 9 medalına sahib olublar. Qızıl medallara Hacı Əliyev və Mahir Əmiraslanov (hər ikisi sərbəst güləş) layiq görülüblər. Rüstəm Orucov (cüdo), İslam Abbasov (yunan-Roma güləşi), Ağasif Səmədov (sambo) gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska (hamısı cüdo) isə bürünc medala yiyələniblər.

Elə həmin ay “Neftçi İdman Klubu”nun atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalına sahib olub. O, üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə göstərərək Universiadanın qalibi olub. Klubumuzun digər yetirməsi, cüdoçu Hidayət Heydərov isə gümüş medala layiq görülüb.

İyul ayında Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında da idmançılarımız yüksək nailiyyətlər qazanıblar. Təmsilçilərimizdən Elmir Əliyev və Xasay Həsənli (hər ikisi yunan-Roma güləşi) əzmlə mübarizə apararaq mötəbər yarışın qalibi adını qazanıblar. Əbülfəz Nəsirov  (sərbəst güləş) və Vüqar Talıbov (cüdo) gümüş, Şükran Zamanlı (cüdo) isə bürünc medala yiyələnib.

Martda Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında Nazim Babayev üçtəkanla tullanma yarışlarında 17,29 metr nəticə göstərərək qızıl medal qazanıb və bu nəticə ilə o, həm də öz şəxsi rekordunu yeniləyib.

Aprel ayında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan güləş üzrə Avropa çempionatında “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış sərbəst güləşçiləri qitə çempionatında uğurla çıxış ediblər. Üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev karyerasında üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb. Beləliklə, Hacı Əliyev həm üçqat dünya, həm də üçqat Avropa çempionu olub. Mahir Əmiraslanov isə bürünc medal əldə edib. Yunan-Roma güləşçimiz İslam Abbasov gümüş medala yiyələnib. Avqustda Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında keçirilən dünya birinciliyində klubumuzun yunan-Roma güləşçisi, Avropa Gənclər Olimpiya Festivalının qalibi Elmir Əliyev böyük əzmkarlıq nümayiş etdirərək gümüş medal qazanıb. Elə həmin ay Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin dünya birinciliyində isə digər yunan-Roma güləşçimiz Ülvi Qənizadə eyni uğuru təkrarlayaraq dünya ikincisi olub. Noyabrda Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında təşkil olunan dünya çempionatında “Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Sənan Süleymanov gümüş medala yiyələnib.

Sentyabr ayında güllə atıcımız Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində gerçəkləşən Avropa çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında 587 xal toplayıb və qitə çempionatının qızıl medalına sahib olub.

Oktyabrda şahmatçımız Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan dünya kubokunda böyük uğura imza atıb. Belə ki, klubumuzun təmsilçisi Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub.

İyun ayında Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında baş tutmuş Avropa birinciliyində “Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan cüdoçusu Hüseyn Məmmədov Avropa birinciliyinin bürünc medalını qazanıb. Avqustda Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında təmsilçilərimiz daha bir uğura imza atıblar. Böyük əzmkarlıq nümayiş etdirən cüdoçularımızdan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxıb. Sentyabr ayında Finlandiyanın Vantaa şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində klubumuzun cüdoçularından ikisi mükafata layiq görülüb. İdmançılarımızdan Əhməd Yusifov və İbrahim Əliyev qitə birinciliyinin bürünc medallarını əldə ediblər. Həmin ay Qazaxıstanın Almatı şəhərində gerçəkləşən  yeniyetmələr arasında dünya birinciliyində “Neftçi İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov  bürünc medal qazanıb. Onu da qeyd etmək yerinə düşər ki, yeniyetmələrdən ibarət milli komandamız bu dünya birinciliyində tarixdə ilk dəfə finala yüksəlib və mötəbər yarışın gümüş medalına layiq görülüb. Oktyabrda  Mərakeşdə təşkil olunan gənclər arasında cüdo üzrə dünya birinciliyində Azərbaycan millisinin heyətində yer alan iki idmançımız uğurla çıxış edərək medala sahib olub. Cüdoçularımızdan Əhməd Yusifov gümüş, İbrahim Əliyev isə bürünc medala yiyələnib.

Bundan əlavə, cüdoçularımız il ərzində təşkil olunmuş Avropa kuboku yarışlarında, eləcə də “Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində əzmlə mübarizə apararaq ölkəmizə medallarla dönmüşlər.

2019-cu ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm addımlar atılıb. Yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbaycan çempionatında 2-ci yeri tutub.

Klubumuz uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda “Neftçi İdman Klubu”nda 24 məşqçinin rəhbərliyi altında 300-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.

Sadaladığımız bu uğurlar ötən il ərzində klubun qazandığı nailiyyətlərin cüzi bir hissəsidir. 2019-cu ildə əldə etdiyi yüksək nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman təşkilatı” adına layiq görülüb. Bundan əlavə, həmin qurum tərəfindən “İlin ən yaxşı idmançıları” nominasiyasında qalib olan idmançılardan altısı - Hacı Əliyev (sərbəst güləş), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Rüstəm Orucov (cüdo), Elçin Əsədov (velosiped) və Aynur Məmmədova (parataekvondo) klubumuzun yetirmələridir. Bütün bu göstəricilər “Neftçi İdman Klubu”nun Azərbaycanda lider idman cəmiyyəti olmasının əyani sübutudur.

Ancaq biz qazanılan bu uğurlarla kifayətlənmirik. Əksinə, daha yüksək nailiyyətlər əldə etmək üçün inamla, əzmlə çalışaraq irəliyə doğru addımlamaqda qərarlıyıq.

Hazırda əsas hədəfimiz bu il Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq və həmin mötəbər yarışda ölkəmizi layiqincə təmsil etməkdir. Məqsədimizə çatmaq üçün var gücümüzlə çalışır və bu istiqamətdə bütün qüvvələrimizi səfərbər etmişik.

Şübhəsiz, klubumuzun bu nailiyyətləri əldə etməsində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin idmançılarımıza göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmalıdır. Məhz onun mütəmadi olaraq göstərdiyi qayğının sayəsində klubun idman qurğuları ən müasir idman inventar və avadanlıqları ilə təchiz olunub, idmançı, məşqçi və hakimlər müxtəlif beynəlxalq yarışlara, təlim-məşq toplanışı və seminarlara ezam olunublar. Bir sözlə, idmançılarımıza uğur qazanmaq üçün hər cür şərait yaradılıb.

Sadıq Sadıqov,

“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri,
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti,
MOK-un İcraiyyə Komitəsinin üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi