23 yanvar 2020 20:07
1303

Həftədə bir kredit kartı ölçüsündə plastik qəbul edirikmiş

Sən demə, bir il ərzində 250 qram plastik qəbul edirik

“Röyter” agentliyi xəbər verir ki, mikroskopik ölçüdə xırda plastik hissələr hazırda okeanın dibindən, Arktika buzlaqlarından tutmuş hər yerdə, hətta bizim bədənimizdə də mövcuddur. Plastik hissəciklər o qədər geniş yayılıb ki, tənəffüs edərkən, plastik butulkalardan su içərkən rahatlıqla orqanizmimizə daxil olur.

“WWF International” tərəfindən həyata keçirilən yeni tədqiqatlar göstərib ki, həftədə bir kredit kartı ölçüsündə plastik insanın həzm sisteminə daxil olur.

Məlumdur ki, son əlli ildə geniş yayılmış, yenidən istifadəyə yararlı və ucuz bu material ətraf mühit üzərində dağıdıcı təsirə malikdir.

Plastik material bioloji olaraq, parçalanmır, çox kiçik hissələrə ayrılır və hər yerə səpələnir.

Özümüzdə bilmədən həftə ərzində bir qaşıq, altı ay ərzində bir kasa plastik qəbul etmiş oluruq.

İlk baxışdan narahatedici görünməsə də, bu minvalla on il ərzində 2,5 kq plastik istehlak edirik. Bütün ömrüboyu isə orta hesabla insan orqanizminə 20 kq plastik hissəciklər toplanmış olur.

Tədqiqatda iştirak edən Avstraliyanın “Newcastle” universitetinin nümayəndəsi Thava Palanisami nano ölçülü, xırda plastik hissəciklərin həzminin insan orqanizmində hansı izlər qoyduğunu hələlik araşdırmadıqlarını bildirib. “Təkcə onu deyə bilərik ki, plastik hissəciklərin həzm prosesi bədəndə toksikliyi yüksəltmək potensialına malikdir, bu isə çox ciddi bir narahatlığa səbəbdir”,-deyə Palanisami vurğulayıb.