19 yanvar 2021 17:50
1685

Həmin gün Bakı şəhidlərimizin qanı ilə qırmızı rəngə boyandı

Azərbaycan xalqının yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsindən 31 il ötür. Həmin gün imperiya Bakıda görünməmiş vəhşiliklər törətdi,  günahsız insanları - uşaqları, qocaları, qadınları qətlə yetirdi. Bir sözlə, həmin gün Bakı şəhidlərimizin qanı ilə qırmızı rəngə boyandı, açılan səhər şəhid oğul və qızlarımızın qanından rəng aldı.

31 il bundan əvvəl imperiyanın bir məqsədi vardı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımızın əzmini qırmaq. Amma Sovet ordusunun tərkibində ermənilərin də olduğu xüsusi təyinatlıların amansız cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, milli azadlıq əzmini sona qədər nümayiş etdirdi və özünün müstəqillik tarixinə yeni bir parlaq salnamə əlavə etdi. Bununla xalqımız sübut etdi ki, Azərbaycan övladları öz həyatlarını müstəqillik və ərazi bütövlüyü uğrunda qurban verməyə hər an hazırdırlar.

20 Yanvar faciəsindən dünya bir qədər gec xəbər tutdu. Çünki imperiya nəyin bahasına olursa olsun Azərbaycanda törətdiyi qırğını ört-basdır etməyə, öz əməllərinə haqq qazandırmağa  çalışırdı. Nə qədər qəribə olsa da, sovet rejiminin göstərişlərini yerinə yetirən, öz şəxsi ambisiyalarının əsirinə çevrilən Azərbaycanın o vaxtkı vətənpərvərlik hisslərindən məhrum rəhbərliyi də təqsirkarı özümüzdə axtarırdı.

Amma ulu öndər Heydər Əliyev imperiyanın sərt qadağalarına baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etdi, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını kəskin pislədi. Məhz bundan sonra dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Yeri gəlmişkən, 20 Yanvar gününün “Ümumxalq Hüzn Günü” kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Elə Şəhidlər xiyabınında ucalan "Əbədi məşəl” abidə kompleksi də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində Ulu Öndərin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.

Şübhəsiz, imperiyanın azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhalinin üzərinə qoşun yeritməsi, insanları qətlə yetirməsi bəşəri cinayət idi. Yeri gəlmişkən qeyd edək ki, illər sonra keçmiş SSRİ prezidenti, daha doğrusu, 20 Yanvarın baiskarı Mixail Qorbaçov bu hadisədən danışarkən bildirmişdir ki, Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi. Göründüyü kimi, ortada cinayətin etiraf edilməsi faktı var. Lakin  indiyədək bu cinayəti törədənlər, onun təşkilatçıları hələ də beynəlxalq müstəvidə hüquqi qiymətlərini, layiq olduqları cəzasını almayıblar.

Doğrudur, 20 Yanvar bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Elə sonrakı illərdə də xalqımız haqsızlıqla heç zaman barışmayacağını bir daha nümayiş etdirdi. Belə ki, Vətənimizin övladları müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını qurban verməyə hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra da göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması bunun bariz nümunəsidir. Bu gün Azərbaycanda hər kəs bu qənaətdədir ki, əldə olunan bu zəfərin bünövrəsi elə 20 Yanvarda qoyulub. 44 günlük Vətən müharibəsində igid oğullarımız bu şəhidlik məktəbindən nümunə götürərək torpaqlarımızı erməni işğalından azad etdilər, torpaqlarımızda üçrəngli dövlət bayrağımızı dalğalandırdılar, ölkəmizin ərazi bütövlüyünə nail oldular. Bununla da şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə verdilər.

…Bu gün 20 Yanvar faciəsinin 31-ci  ildönümü qeyd olunacaq. Yenə də and yerimiz olan Şəhidlər xiyabanına aparan yolda izdiham yaşanacaq.  İnsan axınının ardı-arası kəsilməyəcək. Onlar müqəddəs ziyarətgaha aparan yolun yolçularına çevriləcəklər. Uşaqdan böyüyə hamının simasından qürur hissi, qələbə sevinci oxunacaq. Hamı şəhidlərin ruhu qarşısında baş əyəcək, məzarlar üstünə gül-çiçək düzəcək,  bununla hər bir şəhidimizə olan ehtiramlarını bir daha göstərəcək. İllərdir ki, bunun şahidiyik və bu müqəddəsliyə şahid olmaqda davam edəcəyik.

Qvami Məhəbbətoğlu, “İki sahil”