10 iyul 2020 10:29
719

Həmkarımızın kitabı Təbrizdə nəşr olunub

“İki sahil” qəzetinin əməkdaşı, yazıçı-publisist Nurəddin Ədiloğlunun “Adəm və Həvva” kitabı Təbriz şəhərində “Aydın” nəşriyyatında işıq üzü görüb. Kitabı Azərbaycan türkcəsində fars əlifbasına şair-tərçüməçi Elmira Zəncani (Sənəm) və Tanay Şərqi (Dərəcək) çevirmişdir.

Kitaba müəllifin Qarabağ hadisələrindən bəhs edən “Adəm və Həvva” kino-povesti, Aprel döyüşlərində igidlik göstərən Azərbaycan əsgərlərinə həsr etdiyi “Bumeranq” pyesi və son dövrdə qələmə aldığı “Nuhun günahı”, “Nar çubuğu”, “Qərib qadın”, “Sərhəd pərvanəsi” və başqa hekayələri daxil edilmişdir. Cənubi Azərbaycanda nəşr olunan aylıq azərbaycandilli “Xudafərin” dərgisinin naşiri və baş redaktoru, doktor Hüseyn Şərqi Soytürkün dediyinə görə, “Adəm və Həvva” kitabı güneyli oxucular tərəfindən maraqla qaşılanıb. Şair-tərcüməçi Elmira xanım Zəncani isə kitabın nəşri barədə belə deyir: “Adəm və Həvva” adı bizə qədim çağları xatırlatsa da, mövzusunu müasir həyatdan, xüsusilə Qarabağ müharibəsindən, Bakıda qaçqınlıq həyatı yaşayan insanların taleyindən götürmüşdür. Amma çevirmə zamanı biz müəlliflə əlaqə saxlayıb bəzi qəhrəmanların adını dəyişməli olduq. Çünki yazıçının müqəddəs Qurandan götürdüyü peyğəmbər adları ilə adlandırdığı qəhrəmanları güneyli oxuculara təqdim etməyə ədəbi senzura, təbii ki, icazə verməzdi...”

Onu da qeyd edək ki, yazıçı N.Ədiloğlunun “Adəm və Həvva” kitabı güneyli oxuculara “Aydın” nəşriyyatının təqdim etdiyi yeganə nəşr deyil. Azərbaycanlıların mənəvi paytaxtı hesab olunan Təbriz şəhərində fəaliyyət göstərən bu nəşriyyat Azərbaycan Respublikasında yaşayıb-yaradan qələm adamlarının həm bədii, həm də elmi əsərlərinə tez-tez müraciət edir. Şair-dramaturq Ramiz Abdullayevin “99 qardaş” (E. Zəncaninin çevirməsində) kitabı, ötən il isə akademik Nizami Cəfərovun “Azərbaycan türkcəsinin tarixi metodoloji məsələləri: məqalələr toplusu” nəfis tərtibatla “Aydın”da nəşr olunmuşdur. 314 səhifəlik toplunu Azərbaycan türkcəsində fars əlifbasına Elmira Zəncani (Sənəm), Əkbər Aqayi, Tanay Şərqi (Dərəcək) çevirmişdir.