KÖŞƏ

Vəli İlyasov

Həmsədrlər Ermənistanı küncə sıxışdırırlar

12 mart 2019 10:30
1688

Xəbər verildiyi kimi,  martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq ilk rəsmi danışıqlar barədə birgə bəyanatla çıxış ediblər.  ATƏT-in rəsmi saytında yerləşdirilən bu bəyanat Ermənistanın indiki hakimiyyətinin bir ilə yaxın aparılan danışıqlar prosesinin formatına dair irəli sürdüyü tezisləri alt-üst edir. Eyni zamanda İrəvanda geniş vüsət almış və Paşinyan hökumətinin bəzi üzvlərinə də sirayət etmiş “bir qarış da olsun torpaq qaytarmamaq” çağırışlarına cavab olaraq təsdiq edilir ki, Bakı üçün hətta ən əlverişsiz nizamlama variantı belə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsini nəzərdə tutur. Belə ki, həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən, o cümlədən fəal hərbi əməliyyatları bərpa etmək niyyətlərindən  çəkinməyə çağırırlar.

Göründüyü kimi, bu çağırışların əsas hissəsi məhz erməni tərəfinə yönəlib. Həmsədrlər aydın şəkildə erməni tərəfinə mesaj verirlər ki, danışıqlar formatını dəyişdirmək cəhdləri, yəni Dağlıq Qarabağın tərəf kimi  danışıqlarda iştirakı baş tutmayacaq. Çünki Azərbaycanın razılığı olmadan danışıqların formatını dəyişdirmək mümkün deyil. Halbuki indiyədək  Paşinyan hər fürsətdə bəyan edirdi ki, onun Dağlıq Qarabağ ermənilərinin adından danışmaq üçün mandatı yoxdur. Əgər Azərbaycan nəticəyə hesablanmış danışıqlar prosesi görmək istəyirsə,  gərək danışıqlarda  Dağlıq Qarabağın iştirakına razı olsun.

Bu, Nikol Paşinyanın hakimiyyətə gələndən bəri Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinin əsas müddəası idi. İndi isə həmsədrlər onun nəzərinə çatdırırlar ki, danışıqlar ancaq indiki format çərçivəsində aparılmalıdır və prosesin irəli aparılması üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir.

Başqa sözlə, həmsədrlər Ermənistanda “ərazilər əvəzinə sülh” variantını qəbuledilməz sayan və ya “bir qarış da torpaq qaytarmamaq” prinsipinə söykənənlərə birmənalı şəkildə xatırladırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması istənilən halda, istənilən nizamlama variantında əsas elementlərdən biridir. Deməli, Nikol Paşinyanın  ərazilərin qaytarılmasına dair danışıqlar aparmaqdan yayınması da mümkün olmayacaq.

Həmsədrlər qeyd edirlər ki, bütün bu prinsiplər və elementlər  tam şəkildə nəzərdən keçirilməlidir. Prinsiplərin və ya elementlərin istənilən birini digərinin üzərinə qoymaq balanslı həll yolunun tapılmasını qeyri-mümkün edir. Bu nə deməkdir?  Diplomatik dildə bu o mənanı verir ki, Ermənistan rəhbərliyi münaqişənin nizamlanmasının mümkün yolları barədə danışanda Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini, yaxud müstəqilliyinin tanınmasını şərt kimi irəli sürə bilməz. Çünki bu halda öz müqəddəratını təyin etmə hüququ ərazi bütövlüyü prinsipindən önə keçmiş olacaq. Yəni Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən sonra Azərbaycanın ərazi bütövlüyündən danışmaqdan söhbət gedə bilməz. Həmsədrlər münaqişənin həlli yolunu bu iki prinsip arasında balansın tapılmasında görür. Belə balans isə heç bir halda Dağlıq Qarabağa müstəqillik verilməsindən keçə bilməz.

Təsadüfi deyil ki, Ermənistanda Paşinyanın opponentləri həmsədrlərin bəyanatını İrəvanın danışıqlarda mövqelərinin zəifləməsinin göstəricisi və indiki hakimiyyətin buraxdığı diplomatik səhvlərin nəticəsi adlandırıblar. Respublika Rartiyasının sözçüsü Eduard Şarmazanov hesab edir ki, bu bəyanat Paşinyanın hakimiyyətinə dəyən sillədir və ona göstərilmiş “sarı kartdır”. Çünki həmsədrlər danışıqlar formatının dəyişdirilməsini qəbuledilməz adlandırmaqla Paşinyana tam əks mövqe ortaya qoyurlar. “Bu isə indiki hakimiyyətin qeyri-ciddi və populist siyasətinə cavabdır”. Şarmazanov bildirir ki, həmsədrlərin bəyanatına hələlik Nikol Paşinyanın münasibəti məlum deyil. Hərçənd Paşinyan bir neçə gün əvvəl bildirmişdi ki, Azərbaycan prezidenti ilə qarşıdakı görüşündə, o cümlədən danışıqlar formatının dəyişdirilməsini müzakirə edəcək. Azərbaycan Prezidenti İrəvandan səslənən son bəyanatların danışıqlar prosesindən imtina kimi dəyərləndirilə biləcəyini deyərək ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşündə beynəlxalq vasitəçilərin bu kimi bəyanatlara qiymət verməli olduqlarını bildirmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti  İlham Əliyevin razılaşdırılmış ilk rəsmi danışıqlarının yeri və vaxtı hələlik açıqlanmayıb. Amma həmsədrlərin son bəyanatından sonra məlum olur ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağa dair populist və avantürist mövqeyini kənara qoyub ən azı “Madrid prinsipləri”nin hansısa yeni variantı üzrə real danışıqlar aparmalı olacaq. Bunun əksi isə danışıqlardan imtina və yeni müharibəyə çağırış deməkdir. Yeni müharibə başlansa Ermənistanın Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyi şəksizdir.