30 sentyabr 2020 18:49
697

Həmsədrlər Ermənistanın işğalçılıq siyasətinə göz yumurlar

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur.

Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilir. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Nəticədə uzun illər işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilib.

Ermənistanın məlum təcavüzündən sonra yaranan gərginliklə əlaqədar hər zaman olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri ənənələrinə sadiq qalaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar. Bəyanatda həmsədrlər tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırıblar. O cümlədən həmsədr ölkələr ayrı-ayrılıqda bəyanat verərək tərəfləri sülhə səsləyiblər. İlk əvvəl Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq tərəfləri atəşi dayandırmağa çağırıb. Daha sonra Fransa XİN-i analoji bəyanat qəbul edib. Ən nəhayət, ABŞ Dövlət Departamenti də cəbhədəki gərginliyin artması ilə bağlı bəyanat yayıb. Sözügedən bəyanat da digər iki həmsədr ölkənin bəyanatından elə də fərqlənməyib.

Bütün bu deyilənlərlə yanaşı, ümumilikdə, Ermənistanın son təcavüzünə həmsədr ölkələrin rəsmi reaksiyası yetərli sayıla bilərmi?

Birmənalı vurğulamaq lazımdır ki, həmsədrlərin sözügedən məsələ ilə bağlı məlum reaksiyaları yetərli sayıla bilməz. Məsələ ondadır ki, yenə də həmsədr ölkələr işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoymadılar. Ümumi yanaşma nümayiş etdirərək atəşkəsin bərpa olunmasını istədilər. Hansı ki, bənzər yanaşmanı əvvəlki dövrlərdə də sərgiləyiblər. Yəni, hərbi eskalasiya baş verəndə tərəfləri atəşkəsə çağırıblar. Halbuki 30 ildir Ermənistan işğal olunmuş əraziləri boşaltmır. Əksinə, yeni ərazilər işğal etməyə cəhd göstərir. Tovuz döyüşləri buna bariz nümunə idi.

Həmsədrlər Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməkdənsə, ümumi fikirlər səsləndirirlər. Halbuki Ermənistan sentyabrın 27-dən başlayaraq mülki şəxsləri və obyektləri hədəfə alıb. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə danışıqlarla bağlı təxribat xarakterli fikirlər səsləndirdi, amma həmsədrlərdən heç biri buna etiraz etmədi. Onların bu susqunluğu fonunda isə N.Paşinyanın həyasız açıqlamaları davam etdi. Məsələn, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya tərəfi sentyabrın 27-dən indiyədək bir neçə dəfə bəyanat verərək cəbhə xəttində gərginliyin artmasından narahatlığını ifadə edib. Əgər Rusiya həqiqətən hərbi əməliyyatlardan bu qədər narahatdırsa, o zaman nə üçün vaxtında təcavüzkar Ermənistanı cilovlamaq üçün hansısa addımlar atmırdı? Bunu etmək əvəzinə, əksinə, Rusiya Ermənistanı silahlandırmaq yolunu tutub.

Cavid Əkbərov, “İki sahil”