11 aprel 2019 10:30
326

Hər bir azərbaycanlının Prezidenti

Hər bir xalqın taleyində siyasi lider amili müstəsna əhəmiyyət kəsb edir. Əsl siyasi liderlər cəmiyyətdə siyasi prosesləri istiqamətləndirməklə yanaşı, tarixi inkişafın gedişini müəyyən edən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilirlər. Real siyasət də məhz belə siyasi liderlərin davranışlarına, bütövlükdə cəmiyyət həyatına təsir göstərən qərarlarına əsaslanır.

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.

Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı Ulu Öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən illərdə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Ötən illərdə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

Respublikamızda son illər ərzində həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Dəniz səviyyəsindən 3000 metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən “mavi yanacaq” üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin tamamilə ləğvi, sırf Azərbaycan brendi olan “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.

Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda “kosmik dövlətlər klubuna” üzv olan Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotivinə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Əsrin müqaviləsi”nin yenilənməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması bu baxımdan beynəlxalq əhəmiyyətli hadisə kimi qarşılanır.

Dövlət başçısının son illərdə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır. Son 3 ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan yeni metodologiya ilə hazırlanan “Qlobal Rəqabətlilik Hesabatı - 2018/2019” hesabatında dünyada sosial bərabərliyin yüksək səviyyədə təmin olunduğu ölkə kimi qərarlaşmışdır. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar respublikamızın “Doing Business 2019” hesabatında da ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan vermişdir. Azərbaycan bu hesabatda dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.

Azərbaycanın hesabatda “Vergilərin öd

ənişi” göstəricisi üzrə 7 pillə irəliləyərək 28-ci pillədə qərarlaşması da bu sahədə həyata keçirilən uğurlu islahatların nəticəsidir. Yeri gəlmişkən, 2019-cu il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əlavə və dəyişikliklər Azərbaycanda biznes mühitinin sağlamlaşdırılmasına hesablanmışdır. Məsələn, məcəlləyə edilən dəyişikliklə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılmışdır. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əməkhaqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulmuşdur. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsait sahibkarların və vətəndaşların sərəncamında qalacaqdır.

Hələ 2019-cu ilin əvvəllərində cənab Prezident ölkədə təxminən 2 milyon 200 min vətəndaşımızı əhatə edəcək irimiqyaslı sosial müdafiə paketinin tətbiq ediləcəyi barədə açıqlama vermişdi. Təkcə son iki ay ərzində imzalanan Sərəncam və Fərmanlarda nəzərdə tutulan islahatlar sadəcə “hər bir azərbaycanlının prezidenti olmaq” fəlsəfəsinin praktikada uğurla reallaşmasının bariz nümunəsi deyil, həm də bəzi dövlət və dövlət rəhbərlərinin illərlə həll edə bilmədiyi sosial məsələlərin operativ və effektiv həlli nümunəsidir.

Belə ki, Prezidentin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum əmək haqqı 38,5 faiz artırılaraq 180 manat müəyyən edildi. Bu Sərəncam 600 mindən artıq vətəndaşın sosial rifah vəziyyətinə müsbət təsir göstərməklə demək olar ki, inqilabi mahiyyət daşıyır. Onun ardınca isə dövlət başçısı müxtəlif sferalarda çalışan qulluqçuların əmək haqlarının artırılması ilə bağlı geniş əhatəli sərəncamlar imzaladı. Nəzərə almaq lazımdır ki, bu siyasət son 15 ildə ümumilikdə əmək haqları 7, minimum əmək haqqı isə 6,5 dəfə artırılmaqla ardıcıl xarakter daşıyır.

Məlumdur ki, 2015-ci ildə baş vermiş devalvasiyadan sonra vətəndaşların, xüsusən də aztəminatlı ailələrin banklara xarici valyuta ilə olan borcları onların maddi vəziyyətində müxtəlif çətinliklər yaratmışdı. Cənab Prezident bu dəfə də xalqın səsinə səs verərək 2019-cu ilin 28 fevral tarixində fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı Fərman imzaladı. Bununla da 100 minlərlə vətəndaşımızın çiyinlərindəki ağır maddi yük qaldırılmış oldu.

İstər bazar iqtisadiyyatına, istərsə də planlı iqtisadi münasibətlərə sahib olmasından asılı olmayaraq fors-major hadisələr zamanı vətəndaşa dəyən zərər dövlət və ya özəl sığorta fondları tərəfindən ödənilir. Lakin vətənə və vətəndaşa olan sevgini, qayğını dövlət siyasətinə çevirmiş möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti belə durumlarda sığorta qurumu kimi çıxış edir və vətəndaşların hərtərəfli hamisi rolunu oynayır. Ən son 2019-cu ilin 26 martında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı dövlət başçımız bir daha öz yüksək humanizmini və prinsipial mövqeyini ortaya qoydu. Belə ki, imzaladığı Sərəncamla ticarət mərkəzindəki sahibkarlara dəyən bütün zərərin dövlət tərəfindən ödənilməsini təmin etdi.

Hüquqi dövlətin ən mühüm xüsusiyyətlərindən biri vətəndaşa, xüsusən də, cinayət törətmiş şəxslərə münasibətdə maksimalist davranmamaq, onların cəmiyyətə yenidən qazandırılması və ədalətə olan inamının itməməsi üçün zəruri, demokratik və vətəndaş cəmiyyəti prinsiplərinə söykənən hüquqi-normativ bazanın yaradılması və effektiv tətbiqidir. Əfv institutu da bu baxımdan hüquqi dövlətdə vacib faktor kimi çıxış edir. Prezident İlham Əliyev də əfv hüququndan istifadə edərək mütəmadi olaraq məhkumları tam və ya cəzalarının geri qalan hissəsindən azad edərək yüksək humanizm nümunəsi göstərir. Təkcə sonuncu 2019-cu ilin 16 mart tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 431 nəfərə şamil edilmişdir. Bu humanist addım birmənalı şəkildə ictimai sülhə, vətəndaş həmrəyliyinə xidmət edərək cəmiyyətimiz tərəfindən hər zamankı kimi öz yüksək qiymətini almışdır.

Sonda xüsusi vurğulamaq istərdik ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci ilin 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin hazırlamış, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirmişdir. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsi ilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.

İnkişafa xidmət edən islahatların reallaşdırılmasında Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, ölkəsinin taleyini cənab İlham Əliyevə etibar etmiş vətəndaşlarımızdan gəlir. Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın, sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahlara doğru aparan siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir. Uğurlar olsun, cənab Prezident!

Siyavuş Novruzov,

Yeni Azərbaycan Partiyası icra katibinin müavini,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri