08 noyabr 2019 18:21
140

“Hər rəngində mən varam”

YAP İcra Katibliyində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər rəngində mən varam” filminin təqdimat mərasimi keçirilib

Noyabrın 8-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində YAP Gənclər Birliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər rəngində mən varam” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Onun sözlərinə görə, bir millətin dövləti varsa, bayrağı da var. Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.

“Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məfhumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib” -deyən, S.Orucovun sözlərinə görə, üçrəngli bayrağımız  ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ucaldılıb. Amma Cümhuriyyət cəmi 23 ay yaşaya bildi.

YAP Gənclər Birliyinin sədri deyib ki, ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən Dövlət bayrağı kimi təsbit edildi. Qeyd edib ki, 1990-cı il noyabr ayının 17-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı elan olundu. Sonra bu bayraq müstəqil dövlətimizin atrubutu  kimi qəbul edildi.
S.Orucovun sözlərinə görə, Prezident İlham Əliyevin qərarı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün üçrəngli bayrağımız bütün beynəlxalq təşkilatların qarşısında dalğalanır və hər bir vətəndaş bununla qürur duyur. “Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir”-deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Tədbirdə həmçinin Azərbaycan bayrağına həsr olunmuş şeirlər səsləndirilib.

Sonra “Hər rəngində mən varam” filmi nümayiş olunub. Qeyd edək ki, film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanıb.