09 iyul 2019 15:43
369

Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı ideyalarının vəhdəti, tale bənzərliyi

Sona Vəliyeva

Milli düşüncə və milli ideyanı inkişaf etdirərək millətin istiqlalı uğrunda mübarizə aparan ziyalılar xalqın tükənməz, zəngin xəzinəsidir. Elə buna görə də XIX əsrin ikinci yarısından başlayan milli şüurun oyanış mərhələsindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan zəngin tarixi dövr inkişaf tariximizin intibah mərhələsi kimi dəyərləndirilir. Çünki bu dövrün ictimai-siyasi, kulturoloji, maarifçi, ədəbi-bədii inkişafının milli mübarizə hərəkatı ilə uzlaşması tarixi hadisənin baş verəcəyini sübut edirdi. Həsən bəy Zərdabidən başlayan “İttihadi-İslam” yolunda mübarizə M.Şahtaxtlı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, N.Nərimanov, C.Məmmədquluzadə və başqa milli düşüncə adamlarını yetişdirdi.

Milli mübarizəyə qoşulmaq ictimai təfəkkürə malik olmağın elə mərhələsidir ki, böyük ideyalarla yaşayan şəxsiyyətlər fəaliyyətləri, həm də mənsub olduqları dərin mənəviyyatları ilə eyni ruhun daşıyıcıları olduqlarını sübuta yetirə bildilər.

Ruh və düşüncə birliyi millətin xilası yolunda mütəşəkkilliyin əsasına çevrildi. Millətə sevgi, xalqa sədaqətli övlad olmağın ziyalılıq nümunəsi, milli inkişafın, ictimai mübarizənin sistemli, mərhələli inkişaf təkamülü – “ittifaq yaradılması” fikri Zərdabinin milli mücadilədə bütün ziyalılara proqram-tövsiyəsi idi.

Zərdabinin ideyaları Ümumrusiya türklərinin milli istiqlal düşüncəsində böyük şölələrlə alovlanan bir ocaqdan paylanan oda bənzəyirdi. Elə bir oda ki, yetişdiyi hər bir ocaqda minlərlə könülləri millət sevgisiylə alovlandıracaqdı. Elə buna görə də H.Zərdabidən, yəni “ocağın” əsl mənbəyindən başlamadan İ.Qaspıralı yaradıcılığına keçə bilməməyimin səbəbini açmağa çalışacağam. XIX əsrin sonu – XX əsrin əvvəllərində ümumrusiya türklərinin milli düşüncə və milli azadlıq hərəkatının “fikir atası” və müəllimi H.Zərdabi öz ideya və arzularını minlərlə yaxında, uzaqda yaşayan soydaşlarına səxavətlə ötürə bilmişdi.

Onun fikrincə, maarifçilikdən başlayan milli azadlıq hərəkatının yüksək inkişaf mərhələsi millətin tərəqqisini dil, din və millət kontekstində irəliyə doğru apararaq dünyanın təkamül prosesində öz yerini tutmağı qarşısına məqsəd qoymalıdır.

H.Zərdabi bütün həyatı boyu təhsilə böyük dəyər verərək bütün millətini oxuyub inkişaf etməyə səsləyirdi. 1872-ci ildən başlayan müəllimlik fəaliyyəti ilə yanaşı, insanlar arasında “Övladınızı oxudun, ən son əşyanızı belə satıb övladınızı oxudun” təbliğatı ilə xalq arasında dolaşaraq insanları elmin gücünə inandırmağa çalışması, elm-təhsilin inkişafı üçün Bakı, Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Qarabağ, Quba, Qusarı gəzərək ilk xeyriyyə cəmiyyəti yaratmağı öz üzərinə götürməsi onu əsl milli lider kimi xarakterizə edən hadisələr idi.

İlk teatr yaratmaq, milli oyanışa çağırış ruhlu əsərləri tamaşaya qoymaq ideyası da onun maarifçiliyindən irəli gəlirdi.

Həsən bəyin həyat və fəaliyyəti boyu uğrunda mübarizə apardığı ideyalar ümumtürk, ümumislam dünyasının problemlərini əks etdirdiyindən ondan sonra gələn bütün türk aydınları, fikir adamları onun konsepsiyaları üzərindən bu ideyaları möhkəmləndirməkdə çətinlikləri dəf edə bildilər.

Məktəb, təhsil haqqında istər 1875-ci ildən nəşr etdiyi “Əkinçi”, istər sonralar “Kaspi”, istərsə də “Həyat” və digər qəzetlərdə öz fikirlərini tarixi nəsihətə çevirərək, Rusiya qəzetlərini oxuyan ümumrusiya türklərinə və soydaşlarına, bütün Yaxın Şərq müsəlmanlarına belə deyirdi:

“Badikubə quberniyasında oxuyan kimlərdir? Bizim quberniyada bircə gimnaziya var ki, orada oxuyan 500 nəfərin 250-si rus, 150-si erməni və 100 nəfəri müsəlmandır”. Onu da qeyd edirdi ki, Bakının çox az sayda erməni əhalisi və ondan bir qədər artıq rusların olmasına rəğmən, yerli əhali azərbaycanlılar ola-ola, bu yerləri qeyri-millətdən olanların tutması millətin inkişafına zərbədir.

“…Belə olanda biz müsəlmanlar elm təhsil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ götürməkdən qaçmağa görə o cəngdə məğlub olub, sonda tələf olacağıq. Necə tələf olmayaq ki, bizim qonşular bizlərdən birə əlli artıq elm təhsil etməyə səy edirlər? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin…” (“Əkinçi”, № 8. 4 noyabr 1875).

İllər sonra, Zərdabda yaşadığı zaman min əzabla ibtidai məktəbin açılmasından sonra “Kaspi” qəzetinə yazdığı məqaləsində, nəhayət, Zərdabda məktəbin açılmasını millətinin böyük uğuru kimi dəyərləndirirdi. 
H.Zərdabi ideyaları milli mübarizənin bütün mərhələlərində istinad dayağı, güc mərkəzi idi. Çünki Həsən bəy Zərdabidən gələn hər bir ideya – istər təhsil, istər mətbuat, istər milli, ümumtürk birliyi, dini birlik ideyaları sistemli şəkildə Krım türklərinin lideri olan İsmayıl Qaspıralı yaradıcılığında türkçülüyün vəhdət fəlsəfəsini yaratmaqda mənbə rolunu oynadı.

İsmayıl Qaspıralı Həsən bəy Zərdabinin fikir xəzinəsindən hələ “Əkinçi” dərc olunandan bəhrələnirdi. Bütün ümumrusiya türklərinin müəllimi və atası sayılan Zərdabi yaradıcılığının Qaspıralı kimi içində millət və türkçülük ideyaları gəzdirən böyük şəxsiyyətlər üçün mənbə rolu oynamasına zəruri sayılan səbəblər var idi. Vaxtilə Ziya Gökalp “Rusiyada yaşayan böyük türkçü” deyərək fikrində çox haqlı olaraq İsmayıl bəyin fəaliyyətini önə çəkirdisə, o, böyük türk Həsən bəyi özünə ideya rəhbəri hesab edirdi.

Həsən bəy milləti cəhalətdən çıxarmağın əsas yolunun elm olduğunu göstərdi. O, müəllimin cəmiyyətdə əsas rolunun cəhaləti elmin işığı ilə məhv etmək olduğunu vurğulayırdı. İsmayıl bəy daha irəli gedərək məktəblərin sayını çoxaldaraq, xüsusi dərslik və yeni pedaqoji metodların tətbiqi ilə mənimsəmə prosesinə həm də müasirlik gətirdi.

İsmayıl bəyin Rusiyada təhsil ilə bağlı neçə-neçə məqamlardan tutmuş sonrakı fəaliyyət çətinlikləri, xaraktercə islahatçılığa, təkamülə üstünlük verməsi bizi Həsən bəyin ziyalı taleyindəki oxşarlıqlarla bəzən eyni görəvin davamçısı olduğu qənaətinə gətirir. Bəlkə ona görə İsmayıl Qaspıralının “Əkinçi”nin səpdiyi toxumdan bir dənəsi Krıma düşdü, “Tərcüman” göyərdi” fikri böyük insanların millət taleyində türkçülüyün elmi əsasda işlənərək minilliklərin gələcək birlik düsturuna çevrilməsi qənaətini yaradır. Min əzabla ərsəyə gələn, altı il yolu gözlənən “Əkinçi” 1875-ci ilin iyulunda açılsa da, 1877-ci ildə bağlandı. Bütün Rusiyada və Yaxın Şərqdə yaşayan türkdilli xalqların sevimlisi olan “Əkinçi” illər sonra “Tərcüman”ı göyərtdi. Həsən bəy kimi İsmayıl bəy də “Tərcüman”la məşğul ola-ola, eyni zamanda həm də məktəblərin açılması və yeni təhsil proqramlarının işlənməsi ilə də məşğul olurdu.

Həsən bəy “Həyat” qəzetinin 1906-cı il 5-ci nömrəsində yazırdı: “İndi… Rusiyaya tabe olan tayfalar öz uşaqlarını öz anadilli məktəbxanalarında, öz dillərində oxuda bilərlər və onlar padşah məktəblərində oxuyanda öz dillərini və ədəbi-məzhəblərini də oxutsunlar... Qardaşlar, yatmaq vaxtı deyil. Ayılıb bir fikir edin, bu işlərin axırı necə olacaq? Yoxsa həqiqət ki, bizim ruhumuz gedib, bircə cəsədimiz qalıb? Belədə vay bizim halımıza”.

İllər sonra yenə sistemli millət və türkçülük ideologiyasının davamı kimi İsmayıl bəy Qaspıralı bu klassik öyüd üzərindən yeni dövrün köhnə problemlərinə nəzər salaraq daha çağdaş, islahatçı ideyalarla 1895-ci ildə “Tərcüman”da “Şərq məsələsi” məqaləsində maarifçiliyə yeni baxışlarını şərh etdi. Onun fikrincə, Şərq, Qərb məsələsi baxımından maarifçilik fərqli aspektlərdən inkişaf yolu keçdiyi kimi, bu gün də fərqlənir. Avropa kültürü və maarifinə nə qədər üstünlük versə də, yenə Şərq maarifçiliyində həm də türkçülük ruhunun hakimliyini unutmayaraq dil, din və tarixi kültür, mənəviyyat, ruh birliyinin müsəlmanların ümumbirliyində oynayacağı rolu ön plana çəkirdi. O həm də “...millətin istiqbalı və tərəqqisi üçün hər şeydən əvvəl fikir lazımdır. Fikir oyanmadan tərəqqi olmaz” deyirdi.

Göründüyü kimi, təhsildə dilin ana dili olması məsələsi, dini inancların tədrisi məsələsinin ilkin əsası hələ çox-çox əvvəl, 1906-cı ildə Həsən bəyin “Həyat” qəzetində çap olunan “Dil və din” məqaləsində belə əsaslandırılırdı: “…Elm, təhsil ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylər tayfanın dirəkləri hesab olunur, onların tayfa olmağına səbəbdir. Bu şeylərin biri dil, o biri isə din və məzhəbdir… Hər halda, elm təhsil edən vaxt gərək öz dilində, öz din məzhəbində tərəqqi eləsin ki, dünyada qala bilsin. Onlarsız tayfa olmaz (tayfa dedikdə millət nəzərdə tutulurdu)”.

İsmayıl bəy din, dil və millət birliyini “İşdə, əməldə, fikirdə birlik” düsturuna çevirərək daha irəli gedə bildi. Həm də bu dövrdə millətinin milli özünüdərk mübarizəsi elə yüksəlmişdi ki, dövr Zərdabinin gənclik mübarizəsi dövründən tamamilə fərqli şəkildə inkişafa şərait yaratmışdı. Məsələlərə yanaşma, nisbətən demokratik ab-hava şəraitinin yetişməsi vəziyyəti yüngülləşdirmişdi. Xalqın öz taleyini həll etmək hüququ qazanmaq istiqamətində növbəti mərhələ – Ümumrusiya müsəlmanlarının I və II qurultaylarının baş tutması məhz bu dövrün mübarizəsinin nəticəsi idi.

Həsən bəy Zərdabini vaxtsız qocaldan, səhhətində problemlər yaradan, amma inkişafa doğru işıqlı yola çevrilən milli məsələlər Krımda İ.Qaspıralı, Azərbaycanda Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə kimi ideoloq və siyasi mübarizlər tərəfindən davam etdirilirdi.

Rusiya və Yaxın Şərqdə eyni dini və dili paylaşan xalqların ideya vəhdətini ön plana çəksə də, qəzetin bağlanmaq təhlükəsini də göz önünə alaraq H.Zərdabi 1875-ci ildə “Əkinçi”nin 11-ci nömrəsində yazırdı: “Hər qəzet gərək vilayətin aynası olsun… əlbəttə, qəzetin belə ayinə olması xalq ilədir. …yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərdə bəyan etsin… hər qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız “Əkinçi”də yazılan mətləblər barədə mübahisəyə başlasalar, bizə də köməkçi olarlar”.

H.Zərdabinin toxunduğu məsələlər özündən sonrakı fikir adamları üçün mübarizə yollarının düzgün həllində əsas vasitəyə çevrilə bildi.

Qonşu İran mətbuatı ilə əlaqələrin inkişafını arzulasa da, səy göstərsə də, çağırışları cavabsız qalır və ideyaları həyata keçməyərək natamam görünür: “Qəzetimizi Tehranda çap olunan İran qəzetlərinin idarəsinə göndərib iltimas etdik ki, onlar da bizə öz qəzetlərini göndərsin. Amma İran qəzet idarəsi bizə məhəlgüzar olmadı”.

Həsən bəyin qızların təhsili ilə bağlı Türkiyə ictimaiyyətinə, təhsil idarəsinə ünvanlanmış tövsiyələrində qızların təhsili ilə bağlı məsələlərə diqqətin ayrılması kimi fikirlər sanki planlı şəkildə türkçülüyə, islam dininə və müasirləşməyə baxışın yeni proqramı kimi sonralar İ.Qaspıralıya həvalə olunur.

Ehtiyatlı davranışla, siyasi diplomatik ağırlıqla yerinə yetirilməsi vacib və mümkün olan hər işi yerinə yetirmək məsələsi həm ağılın, həm də milli təəssübə malik olmağın nəticəsi kimi İ.Qaspıralını tarixi şəxsiyyət kimi dəyərləndirdi. Beləliklə, o, tək Krım türklərinin deyil, dünyaya səpələnən türklərin qeyrətli təəssübkeşinə çevrildi.

“Üsuli-cədid” Bağçasarayda açılsa da, dünyanın təhsil sistemində ilk rast gəlinən “40 günə ana dilində oxuyub-yazmağı öyrədən” bir metodun yaradıcısı olan İ.Qaspıralını məşhurlaşdırdı. Bu məktəblərin sayı Rusiyada 700-ü keçdi. Bu fəaliyyəti nəzərə alaraq “Tərcüman” qəzeti yazırdı: “İsmayıl bəyin üsuli-cədid cərəyanı öz zamanında “Tərcüman” sayəsində Krım hüdudlarını aşaraq İdil-Uralda, Türküstanda, Azərbaycanda, …Qafqazda, hətta Rusiyanın hüdudlarını aşaraq İran, Çin, Hindistanda kəndisinə böyük bir tərəfdar buldu”.

1914-cü ildə bu məktəblər sərhədləri aşaraq beş mini keçdi.

1893-cü ildə İ.Qaspıralı Bağçasarayda anadilli qız məktəbinin açılmasına nail oldu. Bu ideya hər zaman millətinin tərəqqisini arzulayan H.Zərdabinin də ən vacib arzularından biri idi. Elə bu arzu ilə də Həsən bəy Zərdabi Tağıyevə qız gimnaziyası açmağın ideyasını verərək, həm də bu ideya uğrunda fəallıq göstərərək 1901-ci ildə Bakıda Müsəlman Qızlar Gimnaziyasını açmağa nail olmuşdu.

H.Zərdabi tək Bakıda xalqın gələcək milli azadlıq mücadiləsində rol oynayan fikir adamlarının deyil, həm də Ümumrusiya müsəlmanları içərisində türkçülüyün dərki və onun uğrunda mübarizə apararaq vəhdət fəlsəfəsini yaradanları əsas ideya ətrafında səfərbər edə bilmişdi.

İ.Qaspıralı və onun azərbaycanlı dostları, ideya silahdaşları Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və başqaları Ümumrusiya müsəlmanlarının qurultaylarında H.Zərdabinin onlara yönəltdiyi sistemli tövsiyələri əsas proqram kimi qəbul edərək Rusiyadan ona ətraflı izahla məktublar göndərirdilər.

1905-ci ildə Rusiyada yaşayan müsəlmanların ruslarla eyni hüquq bərabərliyi tələbi: seçki hüququ, vəqf torpaqlarının müsəlmanlara buraxılması, Krımın torpaqsız insanlarına torpaq paylanması ideyaları ilə dolu müraciətin müəllifi İsmayıl bəy Qaspıralı əsl türkçü liderliyini təsdiq edə bilmişdi. Dünya müsəlmanlarının birliyi, təhsilin bu birlikdə rolunu yüksəltmək üçün Hindistan və Misirə səyahəti və orada təhsil şəbəkələri açmaq və ittifaq yaratmaq ideyalarının təbliğatçısına çevrilməsinin əsas qaynaqları da H.Zərdabinin “fikir və ideya atası” olmağına nümunə idi. Çünki Həsən bəy Bakıda, Dumada millətin taleyüklü məsələlərində səhhəti bahasına olsa da, uğurlara nail ola bilirdi. Kasıblar üçün məktəb və kitabxanaların açılması, səhiyyə xidmətinin pulsuz göstərilməsi Zərdabinin yeni fikirləri idi.

Zərdabinin bütün türkdilli xalqlara ən dərin əsaslarla tövsiyə etdiyi dil, din, millət məsələsi təhsil və maarifləndirməkdən keçərək İ.Qaspıralının yaratdığı “Dildə, fikirdə, əməldə birlik” şüarında türkçülüyün əbədi yaşam düsturunu müəyyənləşdirdi.

İsmayıl Qaspıralı Rusiya imperiyasında yaşayan türklərin ilk “Qadın dünyası” (“Aləmi-nisvan”) dediyi dərgisini dərc edərək “ilk” olan fəaliyyət sahələrinə H.Zərdabinin fikir davamçısı kimi imzasını atdı. 
Böyük insanları birləşdirən əlahiddə bir məqam mövcuddur. Millət, xalq sevgisinə layiq fövqəladə düşüncə və əməli fəaliyyətə malik olmaq!

Həsən bəy Zərdabi ilə İsmayıl bəy Qaspıralının qismətinə düşən millət yolunda fədakarlıqdan əlavə, onları şəxsi tale oxşarlıqları da birləşdirir. Hər ikisinin iki qız, iki oğul övladının olması, hər ikisinin böyük kürəkəninin Azərbaycan Cümhuriyyətinin yaranmasında və inkişafında böyük rol oynamaları da bu böyük insanların tale yazısı idi.

Həsən bəyin kürəkəni Əlimərdan bəy Topçubaşov ilk Azərbaycan parlamentinin sədri, Nəsib bəy Yusifbəyli nazir, həm də millət fəalları olaraq tarixi şəxsiyyətlər kimi anılır.

Həsən bəy “Əkinçi”ni yaxın silahdaşı, həyat yoldaşı Hənifə xanımla çıxarırdı.

“Tərcüman” qəzetinin ən məhsuldar fəaliyyəti dövründə qızı Şəfiqə xanım, kürəkəni Nəsib bəy, oğlanları Rifat və Heydər bəy Qaspıralıya yardımçı olmuşlar.

Bu böyük şəxsiyyətlərin xarakterlərindəki maddiyyata önəm verməyərək mənsub olduqları hər nə varsa, xalqın inkişafı yolunda zövqlə, cani-könüldən sərf etmək kimi keyfiyyətlər onları bir-birinə yaxınlaşdırırdı. 
Həsən bəy 1907-ci ildə, ölümünə yaxın vəsiyyətnamə tərtib edərək ona məxsus mülk və torpaqların istifadəsini övladlarına və xanımı Hənifə xanıma həvalə edirdi. Ehsan verilməməsini, ona çəkilən xərci kasıb övladlarının oxumasına sərf etməyi vəsiyyət edirdi.

C.Seyidahmet Kırımer İ.Qaspıralının həyatının son günlərini belə yazır:

“1914-cü ildə Krımda Rusiya türklərinin ikinci böyük fikir adamı Tanrıya doğru yol almaqdaydı. Sentyabrın 8-də övladları Şəfiqə xanımı, Nigar xanımı, Rifat və Heydər bəyi, həmçinin kürəkəni Nəsib bəyi ətrafına toplayaraq son vəsiyyətini etmişdi. Məzarının Zincirli mədrəsə civarında, Giray xanın türbəsinin cənub-şərqində yüksəkcə bir yerdə qazılmasını istədi. “Tərcüman”ı söndürməməyi, baş mühərrirliyi Həsən Səbri Ayvazova həvalə etmiş, özü sonacan istəməsə, heç kimin ona söz söyləməməsini tapşırmışdı. 600 rublənin müxtəlif yerlərə verilməsini, imanla bölüşdürərək, hətta ay yarımdan bəri yanında olan yetim Zeynəbə 50 rublə verilməsini də unutmamışdı. Sonra övladları ilə foto çəkdirmişdi. Sentyabrın 14-də gözlərini yumaraq: “Böyük Allahım, altmış üç il yarım yaşadım. Bu həyatın 35 sənəsini müsəlmanların oyanması, tərəqqisi, təhsil və təkamülü uğrunda sərf etdim. Millətimin salamatlığı və səadəti üçün nə bacardımsa, həpsini yaptım. Yarəbbi! Ey böyük Allahım! Meydana gətirmək istədiyim bir çox şeylər daha vardı. Fəqət buna müvəffəq olmayacağam. Artıq nə varsa həpsi sənin, hər şey sənin əlindədir, Allahım… Oğlum Rifat! “Tərcüman”ı söndürmə. Siz əgər mənim sözlərimə əməl edərsinizsə, millət “Tərcüman”ı himayə edəcəkdir”.

İsmayıl bəyin dəfni də Həsən bəyin dəfni kimi möhtəşəmliyi ilə tarixi dəfn kimi yaddaşlarda qaldı. Altı mindən çox insanın əlləri üzərində torpağa tapşırılması da Həsən bəy Zərdabinin son mənzilə yola salınmasına bənzəyirdi. Deyirlər, həmin gün hər kəs dəfndə iştirak edən insan selinə təəccüblə baxaraq “doğrudanmı, bu qədər insan Bakıda yaşayır?” deyə təəccüblənmişdilər.

Böyük liderlərin son mənzilə yola salındığı gün həm də qazandıqları millət sevgisinin insanlar tərəfindən nümayişi günüdür. Xalqın səmimiyyəti də, sevgisi də haqqa yol alan dahilərin arxasınca axıtdıqları göz yaşlarında təzahür olunur.

Ə.Topçubaşov əziz dostu İ.Qaspıralının dəfnində kədərini belə ifadə etmişdi:

“Baku – Tercüman idaresine”. Vəfasız ecel merhametsiz elile, otuz iki seneden beri müslümanların yolunu nurlandıran çırağı söndürdü. Şimdi yalnız “Tercüman” idaresi değil, umum Rusiya müsülmanları yetim kaldı. O müsülmanlar ki, unutulmaz İsmail Mirza Gaspirinskiyi, pek haklı olarak, en ötkün sözlü bir gazetenin müessisi, müslüman efkarı-umumiyesinin boşbuğu, usulücedide mekteplerinin naşiri sayıyorlardı. Millet arasında mukaddes bir makam tutarak onun menafiini müdafaya bütün varlığile çalışması ilelebet hayırla yad ettirecektir”.

İstər H.Zərdabi, istərsə də İ.Qaspıralı ideya və düşüncələrini özlərindən sonra qələm adamlarının əməllərinə köçürə bildilər. İ.Qaspıralının söylədiyi “əsas fikirdir” ifadəsi türkçülüyün ittifaq birliyini yarada bildi.

“Tərcüman”ın “Əkinçi”dən göyərməsi ümumtürk birliyinin davamı kimi həm də onların tarixi mənəviyyat, dil, din mənsubiyyətinin təsdiqinə çevrildi.