30 oktyabr 2020 18:51
1208

Həyatımızın ilk illərində baş verənləri görəsən nə üçün xatırlamırıq?

Uşaqlığınızla bağlı ilk xatirələriniz hansı yaşa təsadüf edir? Balacalığınızda baş verən neçə yaddaqalan hadisə var?

Britaniyalı tədqiqatçılar M. C. İkot və R. A. Kroliyə görə, 3 yaşından əvvəl baş verənləri insanların əksəriyyəti xatırlamır. Çox nadir insanlar var ki, tamamilə kiçik yaşlarında olanları xatırlayırlar, lakin onlar da 2-3 çox ciddi hadisədən başqa heç bir şey danışa bilmirlər.

Görəsən, nə üçün beynimizdən həyatımızın ilk illərinə aid xatirələr silinir?

Bioloji yaddaş kartı

Uşaqlığın ilk illərində baş verənlərin unudulması elmi dildə infantil amneziya adlanır. İnfantil amneziyanın yaranmasının dəqiq səbəbləri hələ də məlum deyil.

Lakin uşaqlıq unutqanlığını tədqiqatçılar müxtəlif yollarla izah etməyə çalışırlar.

Tam formalaşmamış beyin

Qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsində beyinin hipokampus adlı hissəsi iştirak edir. Hipokampus limbik sistemin beyinin ən dibində yerləşən hissəsidir.
Beyinin funksional cəhətdən formalaşması bir uşağın həyatının ilk ilindən başlayır və yalnız 8-12 yaşında tamamlanır. Beyinin mükəmməl olmaması, bütün şüurlu təəssüratların itməsinə imkan vermir, lakin təkcə ən parlaqları üçün yer ayırır. Bu səbəbdən 7-8 yaş öyrənmə üçün ideal yaş sayılır.

Neyron əlaqələr

Sinir rabitəsi - beyindəki məlumatları işləmək, saxlamaq və ötürmək üçün əmələ gələn bir neyron şəbəkəsidir. İnsan hər dəfə yeni bir şey öyrənəndə beyin sinir əlaqəsi, bir növ yaddaş xəritəsi təşkil edir. Güman edilir ki, başda bu şəbəkə nə qədər çox olsa, insan daha ağıllı olur.

Lakin beyin orada saxlanılan məlumatlar uzun müddət istifadə edilmədiyi təqdirdə  neyron kolleksiyasını dağıtmaq kimi pis bir vərdişə sahibdir. Bu yolla onsuz da çox enerji istehlak edən bir orqan olan beyin çox yüklənməmək üçün optimallaşır. Daha əvvəl alınan məlumatlar unudulur.

Uşaqlarda neyron əlaqələrin yaranması və silinməsi prosesi daha tez-tez baş verir.

Uşaqlar ətrafı öyrəndikcə, 3yaşda təəccüblü görünən bir şey 4 yaşda adiləşir, 7 yaşda isə tamamilə yaddaşdan silinir.
Beləcə, yeni təəssüratlar üçün yer hazırlayan beyin keçmişdən qalanları silir.

Nitqin olmaması

Bəzi psixoloqlar isə hesab edirlər ki, uşaqlar əldə etdikləri informasiyanı izah edərək danışa bilənədək onlarda həmin informasiyanı emal etmək və yadda saxlamaq bacarığı olmur.

Nitq təxminən 2-3 yaşlarda formalaşır, məhz o zaman da uşaq gördüyünü yadda saxlamağa başlayır.

Təkamül müdafiəsi

Avstraliyalı psixoloq Otto Rank infantil amneziyanı uşaqların müdafiə mexanizmi hesab edir. Bundan əlavə o, hesab edir ki, yetkin bir insan detallı şəkildə bütün uşaqlıq xatirələrini xatırlamaq iqtidarında olsa psixoloji travma alar.

Kimsə istəyərmi ki, öz doğum anındakı hisslərini xatırlasın? Yaş bezlər, ananın yoxluğunda yaranan qorxu hissləri, ana südünün dadı və s. kimi şeylərin yaddaşda yox, elə uşaqlıqda qalması daha yaxşıdır.

Nubar Süleymanova, “İki sahil”