24 aprel 2019 20:26
1311

Heydər Əliyev təcrübəsi tükənməz həyat məktəbidir

Əsrlərin təcrübəsi birmənalı şəkildə təsdiq edib ki, tarix həqiqətin təhrifi, faktların saxtalaşdırılması ilə heç vaxt barışmayıb. Həqiqətin gec-tez üzə çıxacağını yaxşı bilənlər əməllərini sözlərinin, sözlərini isə əməllərinin təsdiq etməsinə xüsusi diqqət yetirirlər.

Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və adı tarixə sağlığından əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev həqiqəti bütün təhrif və saxtalaşdırma cəhdlərini puça çıxardıb. Heydər Əliyev həqiqəti görünən həqiqətdir və zamanın sınağından çıxdığı üçün əbədiliyinə tarix təminat verib.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilov deyib ki, XX əsrdə etnik mövcudluğumuzun qorunub saxlanılması və milli azadlığımızın qazanılması tarixini məqsədyönlü əməlləri ilə yazan ulu öndər Heydər Əliyevin həyatının hər günü həyat dərsliyidir, təcrübə məktəbidir. Bu milli sərvəti hərtərəfli və əsaslı öyrənməklə biz gələcəyimizin daimi sahibi ola bilərik.

Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident, Ali Baş Komandan, ümummilli lider, diplomat, siyasi xadim, iqtisadçı, sıravi vətəndaş, ailə başçısı kimi öyrənməlidir. Dövlət quruculuğunu və dövlət idarəetməsini, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə, xalqa təmənnasız xidməti öyrənməlidir.

Azərbaycan Prezidentini tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaqla respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən asandır. Tale isə Heydər Əliyevi sanki Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətirmişdi.

Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq milli müstəqilliyədək və milli müstəqillikdən sonrakı dövr olmaqla iki dövrə ayırmaq olar. Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi Azərbaycana xidmət etmək kimi müqəddəs amalına sonsuz sədaqətidir. Amalsa dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi-psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarakter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi.

Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o cümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əldə edilən uğurları daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər.

Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılmasına nail oldu. Gənclər arasında hərb sənətinə mənfi münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin etirafları sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməyə başlanıldı. Keçmiş SSRİ-də xidmət edən hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Heydər Əliyev ordu quruculuğunu peşəkarcasına bilən, milli zabit kadrların yeganə himayədarı imicini qazanmışdı.

Heydər Əliyevin xarakterini, ideologiyasını və strategiyasını hələ 60-cı illərdən formalaşdırmağa başladığı milli azadlıq hərəkatı qələbə qazanandan sonra səriştəsiz adamların rəhbərliyə gəlişi ilə məqsədyönlü dövlət və ordu quruculuğunda anarxiyaya rəvac verildi. Nəticədə cəbhəyə toplaşmalı olan silahlar təsadüfi əllərə düşdü, Bakıda cəbhə xəttindən daha çox və sürəkli atəş səsləri eşidilməyə başladı. Başıpozuq reket dəstələri hərbi birləşmələr adı altında “siyasi liderlər”in sözlə, əməli işlə gerçəkləşdirə bilmədikləri ambisiyalarını zorla reallaşdırmaq istəyirdilər.

Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev əməli iş görür - Milli Ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi.

İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayanda müqəddəs amal naminə silaha sarılan vətənpərvər gənclər də bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. “Siyasi xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət mürəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsil sərkərdəyə ehtiyacı artırdı. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı döyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürdüyü gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını anladı. Heydər Əliyev Silahlı Qüvvələr üçün qanuni yolla seçilmiş və ümumxalq sevgisi qazanmış xilaskar sərkərdə idi.

Heydər Əliyevin fitri istedada malik fenomenal şəxsiyyət olduğu hətta dünyada da təsdiq olunmuş həqiqətdir. Onu sələflərindən və müasirlərindən fərqləndirən başlıca cəhət xalqa istinad etməsi və açıq fəaliyyət göstərməsi idi. Heydər Əliyev dünya miqyasında yeganə şəxsiyyətdir ki, xalqın yekdil istəyi ilə hakimiyyətə gəldi və prezidentliyini rəsmiləşdirərkən xalqın inamını, etibarını əsas götürdü. Bununla da Heydər Əliyevin yalnız prezidentliyi deyil, ümummilli liderliyi də təsdiq olundu.

Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, o da xalqa inanırdı. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev, ilk növbədə, xalqa müraciət edərək xəyanət haqqında ona açıq, dolğun məlumat verdi. Ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun cəsarəti, obyektivliyi bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu qanuni Prezidentinin, xilaskarının, liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev ümummilli lider olduğunu əməli işlə təsdiq etdi. O, bu fəxri və şərəfli ada Prezident olmamışdan əvvəl layiq görüldü. Heydər Əliyev SSRİ dövründə respublikanın rəhbəri işləsə də, milli maraqları dövlət maraqlarından üstün tutub, milli ideologiyanı formalaşaraq onun təsiredici gücünün qorunub saxlanmasına çalışıb. Naxçıvan Ali Məclisinin sədri işləyərkən Azərbaycanın əvvəlki rəhbərliyinin görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev həm də tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldub.

Heydər Əliyev diplomat, siyasi xadim, iqtisadçı, elm-sənət himayədarı, sıravi vətəndaş kimi nümunəvi təcrübə məktəbi yaradıb. BMT qərargahının qarşısından bayrağın asılması hələ respublikamızın dünyada tanınması demək deyildi. Dünya diplomatiyası tarixində Heydər Əliyev bəlkə də yeganə ölkə başçısıdır ki, əlində xəritə Azərbaycanın coğrafiyasını əyani nümayiş etdirməklə informasiya blokadasını dağıtmağı, düşmən tərəfinin saxtakarlığını üzə çıxarmağı özünə rəva bilib. Bu qeyri-adi faktın özü də Heydər Əliyev məktəbinin əvəzsiz dərsidir.

1993-cü ilədək Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial vəziyyətin sabitliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Heydər Əliyev təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün deyil.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bu gün siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır. O, özünü peşəkar siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq böyük hörmət qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin uğurları yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda, Prezident, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik və bu sərvətin qədrini bilərək öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazanarıq.