04 iyun 2019 10:27
349

Heydər Əliyev xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirdi

Gəncə hadisələri AXC-Müsavat iqtidarının Azərbaycan xalqına xəyanəti idi

“1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi... AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik.”

Müstəqilliyimizə real təhlükə olan,   ölkədə vətəndaş müharibəsi xofu yaradan Gəncə hadisələrini bu sözləri ilə xarakterizə edən  Prezident İlham Əliyev  respublikanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyan Gəncə hadisələrinin yaranmasında  günahkar olan AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyətini xalqa  xəyanət  adlandırır.

Hakimiyyətə tankların üstündə  gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün  yarıtmaz,  siyasətdən bixəbər “iqtidarları” ilk günlərdən ölkəni  öz şəxsi maraqları naminə  “idarə edirdilər.” Onları Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilən Azərbaycanın taleyi, müstəqilliyinin qorunması  düşündürmürdü.  İllərdən bəri rəqib kimi biri-birinə düşmən olan cəbhəçilərlə müsavatçılar hakimiyyəti birgə  idarə etdiklərini düşünsələr də  Krılovun təmsilinin qəhrəmanları olan xərçəng, balıq, quş kimi  “arabanı” hərəsi öz tərəfinə çəkirdi.

Əslində o dövrdə Azərbaycanda  real vəziyyəti belə xarakterizə etmək olar:  Surət Hüseynov kimi  cinayətkar “Milli Qəhrəman”  adına layiq görülür, sıravi elmi işçi baş nazir təyin edilir,  texniki-peşə məktəbinin komsomol təşkilat katibi  Əli Kərimli  cəbhəçilərin  bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olur, institut müəllimi xarici siyasət idarəsinə başçılıq edir, “vəzifəsini dondurur”, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi  Rəhim Qazıyev kimi hərb elminin əlifbasını bilməyənə tapşırılır... Bir sözlə,  yerləri səhv düşənlərin cılız iddiaları  Azərbaycanı parçalanmaq, uçurum  təhlükəsi qarşısında qoyurdu. Hakimiyyəti zorla ələ keçirən cəbhəçilər meydanlarda fit çalanları, qanunsuz hərəkət edib insanları hədələyənləri,  “xalq hərəkatının öncülləri” kimi   mükafatlandıraraq  yüksək vəzifələrə yerləşdirirdilər. Hətta vaxtilə  məhkum olunmuşlar  rütbəli polislər kimi poqon gəzdirir, qanunlardan xəbərsiz  “qanun keşikçiləri” cinayətkarlar üçün  münbit şərait yaradırdılar. Bakının küçələrində  avtomatla silahlanmış kamuflyaj geyimli yekəpər, saqqallılardan ibarət dəstələr gəzirdi. Əbülfəz Elçibəyin  ölkəni idarəetmə bacarığının olmamasından istifadə edən   o dövrdə Ali Sovetin sədri  İsa Qəmbər, dövlət katibi Əli Kərimli kimi satqınlar öz adamlarını  nüfuzlu dairələrdə yerləşdirmək üçün biri-biri ilə rəqabət aparırdılar. Elçibəyin komandasında demək olar ki, yuxarı postları  zəbt edənlərin öz   dəstəsi, komandası vardı. Buna görə də  tez-tez toqquşmalar, atışmalar olurdu...

Xalqı birləşdirmək, Ermənistanın təcavüzünə qarşı birgə   mübarizə aparmaq əvəzinə  ölkə daxilində qarşıdurma yaradan, hətta xarici  dairələrlə əməkdaşlıq edən ayrı-ayrı qüvvələr ölkədə yaranan xaosu daha da dərinləşdirirdilər. Özünün də qeyd etdiyi kimi hamıdan çox qışqırsa da   hakimiyyətdə  “lazımınca təmsil olunmadığı” üçün “iqtidardan narazı olan”  Surət Hüseynov  AXC-Müsavat  iqtidarına etirazını Gəncədə qiyam qaldırmaqla bildirdi.

Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Qan tökülmüşdü. Hadisə zamanı 35 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün  məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, külli miqdarda  dağıntının olması  kimi dəhşətli hallara insanlar biganə qala bilmirdilər. AXC-Müsavat cütlüyünün danışıq üçün Gəncəyə göndərdiyi nümayəndə heyətini belə girov götürən 709 saylı  hərbi hissəsinin korpus komandiri  Surət  Hüseynov dövlət büdcəsini son qəpiyinə qədər  atalarının malı kimi mənimsəyən, iqtisadiyyatı iflic vəziyyətinə salan “iqtidar cütlüyündən” payını tələb edirdi. 

 İstək və məqsədləri daha çox varidat toplamaq, şəxsi büdcələrini artırmaq olanlar  sənaye müəssisələrini “özəlləşdirilmə” adı ilə dağıdır, avadanlıqları  xarici dövlətlərə “yararsız  xammal” kimi  satırdılar. Belə  “bölgüdən” pay umsa da  kənarda qalan, vaxtilə  İsa Qəmbər və Əli Kərimliyə yaxınlığı ilə seçilən Surət Hüseynov kimi  “silahdaşları” onları ölümlə  hədələyərək,  vəzifələrindən istefalarını tələb edirdilər. 

“Əslində isə o dövr tarixə   hakimiyyətsizlik illəri kimi yazılıb.    Ermənilərin torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edən, məsuliyyətli bir dövrdə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirən Heydər Əliyevə Bakının münasibəti  xoş deyildi.  Qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün müdriklik göstərən  Heydər Əliyevin   ölkəyə rəhbərliyini tələb edən milyonların istəyinin əksinə olaraq xalqın sevimlisi  Ulu Öndərin aradan götürülməsi üçün Naxçıvana silahlı dəstələr göndərildi. Amma haqq, ədalət zəfər çaldı. Heydər Əliyevin müdrikliyi  sayəsində müstəqilliyimizə qısqanclıqla yanaşanların Azərbaycanı parçalamaq kimi bəd niyyətlərinin qarşısı alındı” sözləri ilə  o dövrdəki hadisələrə qiymət verən cənab İlham Əliyev  ulu öndər Heydər Əliyevin Azərbaycanın xilaskarı olduğunu bildirir.

Səriştəsiz iqtidar vahimə içərisində idi. Surət Hüseynovun tanklarının qarşısını heç nə və heç kim saxlaya bilməzdi. Elçibəy bilirdi ki,  bunu yalnız bir nəfər bacarar. O, artilleriya, aviasiya və raket tətbiq etmədən bu işin öhdəsindən gələ bilər. Qiyamçı  korpusun komandiri yalnız onun sözünə qulaq asa bilərdi.  O  şəxs  ulu öndər Heydər Əliyev idi.

Həqiqət bu idi ki, əgər o vaxt xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Ulu öndər  Heydər Əliyevi Naxçıvanda devirmək üçün  silahlı desant göndərən AXC-Müsavat qruplaşması ağır vəziyyətə düşəndən sonra ulu öndər Heydər Əliyevi Bakıya çağırmağa məcbur idi. Naxçıvana üç dəfə təyyarə göndərildi.  Ölkənin ağır vəziyyətindən narahat olan ulu öndər Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə,  Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. Böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi. Bu, Ulu Öndərin siyasətə tarixi qayıdışı idi.

1993-cü il 9 iyunda Bakıya gələn Ulu Öndər  Gəncə hadisələrinin səbəblərini öyrənmək üçün hadisə yerində oldu.  Milli Məclisdə hadisə ilə bağlı  müzakirələr aparıldı.  Milli Məclisin 15 iyun 1993-cü il sessiyasında  çoxsaylı təkliflər nəzərə alınaraq ulu öndər Heydər Əliyev parlamentin sədri seçildi.  Heç kimə xəbərdarlıq etmədən Bakını tərk edən Əbülfəz Elçibəy “gəmini ən son tərk edən kapitan olur” hikmətinin əksinə  içdiyi anda xilaf çıxaraq  səlahiyyətlərini dayandırdı.  Azərbaycanda yaranan vəziyyətin ağırlığından istifadə edən  Ermənistan isə torpaqlarımızın işğalını davam etdirirdi. 24 iyun 1993-cü ildə  parlamentdə  Konstitusiyanın tələblərinə əsasən Prezident səlahiyyətlərinin Ali Sovetin sədri  Heydər Əliyevə verilməsi barədə qərar qəbul olundu. Bu birlik 1994-1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlər zamanı da qaragüruhçuların qarşısında sipər oldu.

Ümumxalq etimadı qazanan Ulu Öndər Prezident seçildikdən sonra Azərbaycanın inkişaf yolu, bazar iqtisadiyyatına keçidin prioritetləri  müdrikcəsinə, uzaqgörənliklə  müəyyənləşdirildi.  Aparılan hər islahat,  baş verən yeniliklər, “Əsrin müqaviləsi” kimi  qlobal enerji layihələrinin imzalanması “Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən Ulu Öndərin  arzusunun reallaşması üçün önəmli addım oldu. Bu gün isə Azərbaycan həqiqətən  dünya birliyində öz nüfuzu, mövqeyi , qazandığı uğurları ilə  fərqlənir, yüksək pillələrdə yer alır. Bu inkişafın müəllifi   ümummilli lider Heydər Əliyev olmuşdur.  İnkişaf strategiyasına  varislik missiyasını isə Prezident İlham Əliyev eyni qətiyyətlə,   daha geniş miqyasda davam etdirir.

“Biz müstəqillik şəraitində yaşayırıq. Müstəqilliyimizin banisi Heydər Əliyev bütün sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın ideoloji əsaslarını da qoymuşdur. 1993-cü ildə bütün istiqamətlər üzrə strateji xətt müəyyən edilmişdir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki,  Azərbaycan bütün istiqamətlər üzrə inkişaf edir, strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində təkmilləşdirilir. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük əsas ideoloji dayaqlarımızdır. Müstəqil Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, taleyi öz əlində olan Azərbaycan xalqı böyük zirvələrə  çatmışdır.

Xuraman İsmayılqızı, “İki sahil”