28 illik müstəqillik tariximizin vərəqlənən səhifələri bu fikri böyük inamla söyləməyə əsas verir
Xalqına bağlı lider
Hadisələrə ən böyük dəyəri zaman özü verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 27 illik şərəfli yolunun təhlili dahi şəxsiyyətin dövlətinə, xalqına bağlılığına bir daha işıq saldı, Ümummilli Liderin “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam” tezisinin əsaslı şəkildə bugünkü və gələcək nəsillərə dolğun şəkildə çatdırılması zərurətini ortaya qoydu. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına qədər gördüyü işlərə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın bugünkü inkişafa, tərəqqiyə nail olmasını nə qədər arzuladığını dərk edək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” tezisi ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində fəaliyyətinin əsasını təşkil etmiş, irəliyə doğru atılan addımlarında stimulverici amil rolunu oynamışdır. Ümummilli Lider istər keçmiş sovetlər dönəmində, istər Naxçıvan MR Ali Məclisinin sədri olduğu vaxtlarda, istərsə də 1993 -cü ildən sonra ölkənin siyasi, iqtisadi, sosial inkişafı naminə atdığı addımlarında bu məqamı xüsusi olaraq diqqətə çatdırmışdır ki, həyatı, fəaliyyəti bütünlüklə Azərbaycanın uğurlu gələcəyinə, beynəlxalq münasibətlər sistemində nufuz qazanmasına həsr olunub. Arzusu, amalı Azərbaycanı daim müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf etmiş, demokratiya təcrübəsi digər ölkələrə örnək olan ölkə kimi görmək olub.
Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı
Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən Azərbaycanda hakimiyyətdə olan, ölkəni müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat cütlüyünü təmsil edən siyasətbazların “Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır” kimi xəyanətkar təklifləri ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təxribat kimi dəyərləndirilmiş, atdığı addımları ilə həmin şəxslərin siyasətdə naşı olduqlarını, idarəçilikdən xəbərsizliklərini bir daha onlara çatdırmışdır. Ümummilli Lider bildirmişdir: “Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qorumalıyıq.”
Dahi şəxsiyyətin Naxçıvan MR Ali Məclisinin sədri kimi gördüyü işlərin, atdığı addımların xronologiyasına diqqət yetirdikdə bu fikri böyük əminliklə deyə bilərik ki, bugünkü islahatların, yeniliklərin, dünyaya çağırışların təməli məhz o illərdə qoyulub.
Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsası olub. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “91-lər”in müraciətində də bu mühüm məqam öz əksini tapıb: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir. Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan idarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir.”
Daim ölkəsinin, xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinə sədr seçilərkən fəaliyyətinə də elə bu mərhələdən başlamışdı. Yuxarıda da qeyd etdiyimiz kimi, Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Respublikası Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. 1990-cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini vacib hesab edən ümummilli lider Heydər Əliyev həqiqəti belə xarakterizə etmişdir: “Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim.” Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin süverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi.
Muxtar respublikada kommunist partiyasına məxsus bütün strukturları ləğv edən Ulu Öndər qeyd etmişdir ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin yenə də “91-lər”in müraciətinə cavabına diqqət yetirsək orada da bu fikirlər öz əksini tapıb: “Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, seçib-seçilmək azadlığından gedir.”
Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində o dövrü xarakterizə edərkən bu fikri böyük qətiyyətlə ifadə etmişdir ki, ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı: “Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi.”
Özlərini demokrat adlandıran dairələr Yeni Azərbaycan Partiyasının
təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi
27 il əvvəl ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Bu gün demokratiyadan ağızdolusu danışan, fürsət düşdükcə Azərbaycanın demokratik inkişafına kölgə salmağa çalışan, hər bir uğurumuza qara eynəkdən baxıb beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətinə təzyiq gözləyən bu ünsürlər özlərinin bir illik hakimiyyətləri dövründə demokratiyanı necə boğduqlarını çox yaxşı bilirlər. Demokratik prinsipləri kobud şəkildə pozduqlarının, bu dəyərlərə məhəl qoymamalarının nəticəsi idi ki, özlərini demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda bütün bölgələri təmsil edən 550 nümayəndə Naxçıvana gəldi və Ümummilli Liderin rəhbərliyi ilə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində partiyanın təsis konfrasının Bakıda keçirilməsinə imkan verilmədiyini təhlil edərkən bu mühüm məqamı da xüsusi qeyd etmişdir: “O rejim dəyişib başqa rejim yarandı, buna çox kömək etdim. Yəni Xalq Cəbhəsinin gəlməsinə çox kömək göstərdim. Amma onlar da mənim Bakıya gəlməyimi qadağan etdilər.”
Bunlar tarixin səhifələridir. Bu səhifələr vərəqləndikcə ulu öndər Heydər Əliyevin hansı səbəblərdən istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmasının səbəbləri özlündə açıqlanır. Ulu Öndər Azərbaycanın ən yeni tarixindən bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Müstəqil Azərbaycanın elə bir sahəsi yoxdur ki, onun inkişafı Heydər Əliyevin adı ilə bağlı olmasın. Vərəqlənən səhifələr, eyni zamanda, bu gün özlərini xalqa yaxın göstərməyə çalışan, tarixi inkar yolunu tutan əli kərimlilərin əsl simasını da ortaya qoyur. Ona görə deyilir ki, tarix heç nəyi silmir. Eyni zamanda, keçmişimiz gələcəyimizin bələdçisidir.
9 sentyabr 1995-ci ildə ümummilli lider Heydər Əliyevin yanında respublika ziyalılarının bir qrupu ilə görüşündə “Mən dəfələrlə demişəm, Müxalifətdə olan qüvvələr qoy hesab etməsinlər ki, demokratiyanın daşıyıcıları onlardır” söyləyən dahi şəxsiyyət bildirmişdir ki, demokratiyanın daşıyıcıları Azərbaycanın ağıllı, zəkalı insanlarıdır, ziyalılarıdır: “Daha ayrı-ayrı adamlar deyildirlər- onların bəziləri demokratiyanın həqiqətən nə demək olduğunu, bəlkə də bilmirlər. Sadəcə olaraq, vaxtilə bu şüardan istifadə edərək müəyyən mövqe tutduqlarına görə o köhnə bayatını yenidən oxumağa çalışırlar.”
Göründüyü kimi, həmin çıxışdan bizləri ayıran 24 ildə dəyişməyən yalnız və yalnız AXC-Müsavat iqtidarının “sakinləri”dir. Yenə də eyni havalar səsləndirilir, ölkənin bütün inkişafı öz adlarına çıxılır, xalqın adından istifadə edərək özlərini hakimiyyət kürsüsündə hiss edir, öz aralarında “kölgə kabineti” formalaşdırıb vəzifə bölgüsü aparırlar. Həmin ünsürlərə çox yaxşı bəllidir ki, Azərbaycanı bugünkü inkişaf yoluna çıxaran Heydər Əliyev yoludur. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyət qayıtmasaydı, bu gün Azərbaycanın taleyinin necə olacağını düşünmək çətin deyildi.
Azərbaycanın gələcəyi üçün müəyyənləşən hədəflərin
gerçəkləşməsi Ulu Öndərin hakimiyyətə qayıdışından sonra başladı
Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illəri hakimiyyətsizlik illəri kimi xarakterizə olunur. 15 iyun 1993-cü il tarixindən, yəni Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, ölkəyə investisiya axını sürətləndi. Ümummilli Lider bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə iqtisadi qüdrətini artıran müstəqil dövlətimiz, eyni zamanda, əhalinin yüksək rifahının təmin olunması üçün ciddi addımlar atdı. Ulu Öndər bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.
Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bugünümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlətimizin başçısı İlham Əliyev neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atır. Son 15 ildən artıq dövrdə ümumi daxili məhsulun 3 dəfədən çox artması özlə sektorun inkişafına diqqət və qayğının bariz nümunəsidir. Azərbaycanın iqtisadi inkişafına geniş yol açan demokratik islahatlar sahəsində də ölkəmizin uğurları göz önündədir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyəti şərtləndirən atributlarının- insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın yaradılması, çoxpartiyalı sistemin formalaşdırılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atdı. Bu uğurlarımız öz növbəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsini şərtləndirdi. Belə ki, ölkəmiz iki və çoxtərəfli çərçivədə əlaqələrini genişləndirməklə həqiqətlərinin, ən əsası ermənilərin əsassız torpaq iddiasının baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaq imkanı qazandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” tezisi illər keçdikcə əldə olunan uğurların fonunda öz təsdiqini tapdı.
2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin təntənəsidir
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söylədiyi “Müstəqilliyin ilk illərində xalqımızın başına gələn bəlalar, işğal, vətəndaş müharibəsi, AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti demək olar ki, ölkəmizi məhv etmişdi. Ancaq biz dirçəldik. Nəyə görə? Məhz müstəqilliyə görə. Ona görə ki, bizim taleyimiz indi bizim əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir” fikirləri Heydər Əliyev yolunun aydın mənzərəsini yaradır. Bu yol müasir müstəqil Azərbaycana bundan sonra daha da möhtəşəm uğurlar qazandıracaq. Son 16 ildə Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların nəticəsi olaraq Azərbaycan dünyanın ən islahatçı, demokratik təcrübəsi nümunə olan ölkə kimi tanınır, iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Yeganə Əliyeva, “İki sahil”