12 dekabr 2019 11:02
1565

Heydər Əliyevin yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir

Tarixi şəxsiyyətləri zaman yetişdirdiyi kimi, dahilərin əməlləri ilə yazdıqları tarix də zamanın səhifələrində əbədi qalır. Liderlərin “ müəllifləri olduqları tarixə” müasirləri qiymət verir, sınaqdan çıxmış təcrübələri sonrakı nəsillərin həyatında davam edir. Fövqəlbəşər istedadları ilə dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun prosesləri, cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edən bu cür fenomenlər qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirir, qiymətləndirir, qeyri -adi istedadı, zəkası ilə xalqını irəliyə aparır, milyonların qəlbində əbədi yaşayırlar.

Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dünyagörüşünə, hadisələri təhliletmə bacarığına həsəd aparılan müdrik siyasətçi Heydər Əliyevin adının dahilər arasında ilk sıralarda çəkilməsi taleyinə yazılmış əbədi yaşam qismətidir.

Ulu Öndərin liderlik bacarığını ifadə edən “Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında -nə qədər çox istedadlı olsalar da, - bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi və və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev, şübhəsiz bu böyük insanların sırasına daxildir” kimi sözlər dünya siyasətçiləri arasında sayılıb-seçilən, həmişə böyük hörmətlə yad olunan ulu öndər Heydər Əliyevin qətiyyətini, məsuliyyətli dövlət başçısı kimi müsbət keyfiyyətlərini əks etdirən epizodlardan yalnız biridir.

Respublikaya rəbərliyinin bütün dövrlərində dəyişilməz amalı, müqəddəs məqsədi, təkrarolunmaz ideyası naminə çalışan, müstəqilliyimizin qarantı kimi, xilaskarlıq missiyasını gerçəkləşdirən Ulu Öndərin həyatının mənası Azərbaycanı inkişaf etmiş qüdrətli dövlət kimi görmək, xalqına övlad kimi sədaqətlə qulluq etmək olub. Buna görə də “Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi” sözləri Ulu Öndərin həyat şəcərəsinin ana xəttini təşkil edir.

Onun Azərbaycan üçün gördüyü işlər, xalqına göstərdiyi xidmətlər o qədər böyük, misilsizdir ki, vəfa borcu olan bu fədakarlığı qiymətləndirmək yalnız onun ucalığına yüksələn müdriklərə nəsib olub. Azərbaycançılıq məfkurəsinin, xalqın milli ruhunun, şüurunun, təfəkkürünün, tarixi yaddaşının formalaşması, cəmiyyətin təkmilləşməsi, demokratikləşməsi, bazar iqtisadiyyatının prinsiplərinə əsaslanan qüdrətli dövlətin qurulması üçün imkanlarından bacarıqla istifadə edən, taleyinin ən çətin anlarında sınaqlardan qətiyyəti, cəsarəti, zəkasının qüdrəti ilə çıxan bu böyük şəxsiyyət haqqında deyilən sözlər bir müdrikin ömür yoluna verilən dəyərdir: “Azərbaycan olduqca böyük təbii ehtiyatlara malik bir ölkədir. Bu qədim diyarın ən böyük sərvəti isə Heydər Əliyevdir.”

İstər Sovetlər dövründə, istərsə də qarantı olduğu müstəqillik illərində başçılıq etdiyi Azərbaycan üçün böyük üfüqlər açan, inkişafın konsepsiya və strategiyasını zamanın tələbinə, gələcəyin çağırışlarına uyğun, zərgər dəqiqliyi ilə müəyyənləşdirən böyük şəxsiyyət Heydər Əliyev ona verilən Ümummilli Lider adını hələ sağlığında qazanmız və doğrultmuşdu.

Ürəyi daim ölkəsinin müstəqilliyi naminə döyünən Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi istəyini Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, digər dövlət atributlarını bərpa etməklə gerçəkləşdirərək, respublikamızın dünyaya açılan pəncərəsini zəkası ilə nurlandırdı. Təkrarçılığı sevməyən, daim gələcəyə, yenilik həvəsi ilə gələcəyə baxan, bəşəri düşüncəli olduğunu alternativsiz fəaliyyəti ilə bildirdi. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaq təhlükəsindən qorudu, xalqını vətəndaş müharibəsindən xilas etdi. Sovetlər dövründə C.Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli zabit kadrların yetişdirilməsi istəyini sonralar təkmil Milli Ordumuzu formalaşdırmaqla davam etdirdi. Respublikamızın yeni iqtisadi-siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirmək üçün heç bir dahinin, liderin ağlına gəlməyən, cəsarəti çatmayan “Əsrin müqaviləsi” kimi neft strategiyasını hazırlamaqla Azərbaycanın təbii sərvətlərinin dünya bazarlarına çıxarılması imkanlarını müəyyənləşdirdi.

1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan, qeyri-sabit, riskli ölkə kimi tanınan respublikaya belə inam yaratmaq həqiqi mənada möcüzə idi. Ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması, “Üç dəniz əfsanəsi”nin reallaşması ulu öndər Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli, şəffaf istifadə üçün yaradılan Azərbaycan Dövlət Neft Fonduna toplanılan vəsaitin dağınıq halda olan ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin daha bir uğuru oldu.

Bütün beynəlxalq təşkilatlarda təmsil olunmaqla, Lissabon Sammiti kimi digər Zirvə görüşlərində də məntiqli çıxışları, hədəfə hesablanmış təhlilləri ilə siyasətçiləri heyran etdi, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə ölkələri gəzdi, görüşlər keçirdi, erməni təcavüzkarlarının məkrli niyyətlərini dərin biliyi, dövlətçilik təcrübəsi, zəngin dünyagörüşü ilə beynəlxalq ictimaiyyətə çatdırdı. Tarixdə çox “Qarabağnamə”lər yazılıb. Bütün ölkələrdə Dağlıq Qarabağ dərdimizi planetin, dünya siyasətinin aktual probleminə çevirən, münaqişənin həllini gündəlik iş prinsipi kimi diqqətdə saxlayan ulu öndər Heydər Əliyevin çıxışlarının toplusunu “Qarabağnamə” adlandırsaq daha məntiqəuyğun olar.

Siyasi proseslər təsdiqləyir ki, bu müdrik şəxsiyyətin ali dövlət idarəçiliyi təcrübəsi, potensial imkanları kontekstində formalaşan Azərbaycan Ulu Öndərin simasında dünyaya liderin prinsipiallıq fəlsəfəsini təqdim etdi. Çünki onun gələcəyə, yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya bitkin fəlsəfi dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol açırdı. Nahaq deyilmir ki, Ulu Öndərin hazırladığı inkişaf konsepsiyası milli maraqların istehkamıdır. Dahi Heydər Əliyev ictimai rəğbət sferasında həmişə öndə yer alaraq, müsəlman aləmində olduğu kimi, Qərbdə, Avropada həmkarları, siyasətçilər arasında fərqlənib. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi.

Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu ölkənin təhlükəsizliyini, iqtisadi maraqlarını, hüquq sisteminin demokratikliyini, ədaləti təmin edir. Dünya təcrübəsində təsdiq olunmuş həqiqətdir ki, müxtəlif situasiyalarda ictimai rəyə, beynəlxalq siyasətə uyğun idarəetmə bacarığı tək-tək liderlərə məxsus olub. Onların ən təcrübəlisi olaraq fenomen, natiqlik qabiliyyətinə malik Heydər Əliyevin adı çəkilir. Bu reallığı bir qrup daxili düşmənlərin, xarici emissarların hazırladıqları dövlət çevrilişlərinə cəhdlər zamanı milyonların Ulu Öndərin ətrafında birləşməsi faktı təsdiqləyir.

Çünki Ulu Öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə idi. Dahi Liderin Təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin, təcrübəli kadrların hazırlanmasını təmin etdi. Yaratdığı sağlam mühitdə soydaşlarımızda milli təfəkkürü, ideologiyanı formalaşdıran, ən böyük azərbaycanlı olduğunu torpağına bağlılığı ilə sübut edən, sevilən ulu öndər Heydər Əliyev Vətəninə xidmət göstərməklə, zəngin tarixə malik 50 milyonluq bir xalqın lideri, Tanrının məxsusi seçdiyi bir insan olduğunu da təsdiqlədi. Nadir istedad və qabiliyyətini xalqına həsr etdi. Qətiyyəti ilə dünyaya bəyan etdi ki, minillər boyu formalaşmış mənəvi dəyərləri heç bir cəza, təzyiq, təhdid ilə xalqın şüurundan silmək olmaz.

Ulu Öndərin liderlik formulunun əvəzedilməzliyini əks etdirən kəlamlar, aforizmlər tanınmış ictimai-siyasi xadimlərin onun xidmətlərinə, siyasətinə verdikləri dəyərdir. Amerika tarixində Vaşinqtona, Hindistanda İndira Qandiyə, Türkiyədə Mustafa Kamal Atatürkə, Fransada Şarl-de Qola xalqlarının yaddaşında əbədi yaşam qisməti nəsib edən Tanrı Azərbaycan xalqına xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər Heydər Əliyev şəxsiyyətini bəxş etmişdir.

Onun təməlini qoyduğu Azərbaycanın xarici siyasəti çoxşaxəli, mükəmməl, ictimai-siyasi, sosial-iqtisadi, elmi, bir sözlə həyatın bütün sahələrini əhatə edir. Başqa sözlə deyilsə, onun dünya siyasətindəki mövqeyi elə Azərbaycanın mövqeyidir. Bəşəri təfəkkürə malik Ulu Öndərin səyi nəticəsində Azərbaycanın Avropa Şurasına qəbulu, NATO ilə əməkdaşlığı, İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəməri reallığa çevrildi. Sonrakı enerji və nəqliyyat layihələri üçün təməl yarandı. Onun müəyyənləşdirdiyi xarici siyasət nəticəsində Azərbaycan dünyada sülhsevər, bloklara qoşulmayan, qonşu dövlətlərlə qarşılıqlı etimad şəraitində yaşayan, regional sülhün təminatına və təhlükəsizliyə töhfə verən nadir ölkə olduğunu sübut edir, siyasi, iqtisadi təşəbbüslərimiz, diplomatiyamız dəstəklənir, səsimiz beynəlxalq aləmdə eşidilir. Dünyanın ən böyük dövlətlərinin başçıları etiraf ediblər ki, ulu öndər Heydər Əliyevlə görüşlərinə xüsusi diqqətlə hazırlaşırdılar. Bu etirafın özü Ulu Öndərin dərin təfəkkürə, fəlsəfi düşüncəyə, zəngin təcrübəyə, elitar milli zəkaya malik olduğunu göstərir.

2003-cü ildə keçirilən prezident seçkilərində ona göstərilən etimadı ulu öndər Heydər Əliyev siyasətinə inam adlandıran, ilk dəfə Prezident kimi and içərkən ulu öndər Heydər Əliyev ideyalarının daim yaşayacağını bildirən cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, dahi Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi hadisədir: “Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.”

Tarixi hadisələr, Azərbaycanın dinamik inkişafı da təsdiqləyir ki, ulu öndər Heydər Əliyev ideyaları Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün onun siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Xuraman İsmayılqızı, “İki sahil”