29 oktyabr 2020 18:00
783

Humanitar atəşkəs belə Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandırmadı

Tarixboyu Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən Ermənistan faşist ideologiyasından əl çəkmək istəmir. Azərbaycanın 20 faiz torpağını işğal edərək 1 milyondan çox əhalisini öz doğma yurd-yuvasından didərgin salan Ermənistan hakimiyyəti bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymayaraq hələ də işğalçı mövqeyində qalır. XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanan Xocalı soyqırımı görünür ermənilər üçün yetərli olmadı. “Dənizdən dənizə” sarsaq xülyaları naminə insanlığa qarşı ən ağır cinayətlərə - dinc əhalinin vəhşicəsinə kütləvi qırğınına əl atmaqdan usanmayan vəhşi ermənilər yeni qətliamlara qərar verdilər.

Belə ki, erməni terrorçuları 28 il sonra növbəti dəfə Xocalı soyqırımını törətdilər. Bununla da işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə, sentyabrın 27-dən bu yana Azərbaycan və Ermənistan arasında 3 dəfə humanitar atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq, öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur.

Görünür işğalçı Ermənistan cəbhədə məğlubiyyətə uğraması səbəbindən özünün köhnə metodlarına, terrora əl atmağa başlayıb. Düşmən ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın mülki insanları atəşə tutulur ki, bununla da Ermənistan terrorçu mahiyyətini bir daha ortaya qoyur. Belə ki, 4, 11, 17 oktyabr tarixlərində düşmən müharibə qaydalarını və beynəlxalq qadağaları tapdalayaraq cəbhədən xeyli aralıda yerləşən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 25 mülki şəxsin həyatına son qoyulub, 100-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, erməni vandalizmi nəticəsində çoxsaylı yaşayış binası tamamilə dağıdılıb, yüzlərlə obyektə, ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Hiyləgər, məkrli düşmən Gəncənin ardınca Bərdəni vurmaqla növbəti dəfə özünün faşist xislətini ortaya qoydu. Ermənistanın dinc və günahsız insanlara qarşı törətdiyi növbəti terror aktı, barbar və vəhşi hücumları nəticəsində 26 nəfər həlak olub, 70-dən artıq şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə də külli miqdarda ziyan dəyib. Ümumilikdə götürsək, 27 sentyabrdan 29 oktyabr tarixinə kimi Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 90, yaralanmış dinc sakinlərin sayı 392, ziyan dəymiş mülki obyektlərin sayı 423, yaşayış evlərinin sayı 2406, çoxmənzilli yaşayış binalarının sayı isə 92 olub.

Göründüyü kimi, heç bir beynəlxalq Konvensiya və hüququ tanımayan, istənilən sənədi ayaqlayan, əldə olunmuş razılaşmanı, atəşkəsi xaincəsinə pozan Ermənistanın əməllərinə, Gəncədə, Bərdədə törədilən vandalizmə, soyqırımına 28 il əvvəl olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar səssiz qalır. Görünür dünya səsini çıxarmadıqca daha da azğınlaşan erməni hakimiyyəti cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün dinc sakinləri hədəf alır, vətəndaşlarımız arasında təşviş yaratmağa çalışır. Ön cəbhədən uzaq yaşayış məntəqələrinə, mülki obyektlərə, dinc əhaliyə, o cümlədən uşaq, qadın və qocalara atılan raketlər sübut edir ki, gözünü qan örtmüş düşmən xain niyyətlərini reallaşdırmaq üçün daha irəli gedir. Döyüş meydanında uduzmağın əvəzini Azərbaycanın dinc əhalisinə, mülki obyektlərinə zərbə endirməklə çıxmaq istəyən Ermənistan rəhbərliyinin cəbhədən uzaq Gəncə və Bərdə şəhərlərini vurması dövlət terrorizmi və bəşəri cinayətdir. Ermənilərin son vandallıq və soyqırım aksiyası insanlıq prinsiplərinə açılan amansız atəş, beynəlxalq normalara açıq meydan oxumaqdır. Dünyada sülhün və təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, mülki əhalinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsuliyyət daşıyan, buna nəzarət etməli olan beynəlxalq təşkilatlar Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır.

Bütün bunlara baxmayaraq, Azərbaycan və onun güclü, qüdrətli xalqı erməni terrorizminə, vandalizminə qarşı müqavimət rəmzinə çevrilib, erməni qəddarlığına, ölçüyəgəlməz azğınlıqlarına sinə gərir. Xalq anlayır ki, rəşadətli ordumuz qarşısında tab gətirə bilməyən Ermənistan hərbçiləri dinc sakinləri hədəf almaqla təşviş yaratmaq istəyir. Hətta Ermənistan tərəfindən Gəncəyə, Bərdəyə və digər cəbhə zonasından bir qədər kənarda yerləşən rayonlarımıza raketlərin atılmasına baxmayaraq, şəhər əhalisi Azərbaycanın cəbhəboyu bölgələrinin vətəndaşları kimi mənfur qonşuların məkrinə, hiyləsinə, təcavüzkar siyasətinə qarşı güclü və məğrur dayanıb.

Göründüyü kimi, bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaş gedir. Prezident, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi - diplomatik sahədə də məğlubiyyətə uğradır. Hər ötən gün düşmənin istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından imkanları tükənməkdədir. Cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir. Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Xalqımız inanır ki, yaxın günlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bizə qələbə sevincini yaşadacaq, regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinə birdəfəlik son qoyulacaq. Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - Zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.

Mənsumə Babayeva, “İki sahil”