13 oktyabr 2020 18:14
1230

Humanitar atəşkəs ilk andan pozulur, dünya susur

Humanitar atəşkəs ilk andan pozulur, dünya susur, Ermənistan “başına çəkilən sıgallardan” çox ağır psixoloji sarsıntılar keçirir

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan dövləti daim zamanın yaddaş əsasında tarixi faktlara, real həqiqətlərə söykənərək erməni yalanlarını ifşa edir və dünyaya ikili siyasətə son qoymağa çağırışlar edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu  yaradılandan bu günədək Azərbaycan həmsədrlərdən eyni bəyanatları eşitməkdə, bu qurum sadəcə nəticəsiz danışıqlarla illəri başa vurmaqdadır. 28 illik zaman münaqişənin həllində hansısa bir mühüm nəticənin əldə olunmasına yol açmayıb. Çünki 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəsi pozur, sülh danışıqlarına müxtəlif bəhanələrlə mane olur, dünya dövlətləri, nüfuzlu beynəlxalq  təşkilatlar seyrçi mövqedə dayanmağa daha çox üstünlük verir, işğalçı dövlət isə diqqət və qayğı ilə əhatə olunduğundan daha da ərköyünləşərək yeni-yeni iddialarla çıxış edir. Ermənistanın son təxribatlarının mahiyyətində də yeni ərazilər  uğrunda müharibə planı dayanır. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində Ermənistana verilən növbəti dərs  yenə də işğalçı dövləti və ona havadarlıq edənləri çirkin əməllərindən çəkindirmədi. Belə ki, Azərbaycanın döyüş meydanında əldə edilən qələbələr nəticəsində sülhə məcbur olan Ermənistan  Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin  görüşündə  humanitar atəşkəsə razılıq verdiyi halda riyakarlığını nümayiş etdirərək ilk andan  bu razılaşmanı kobud şəkildə pozdu. Azərbaycanın ikinci böyük şəhəri olan,  cəbhə bölgələrindən xeyli uzaqda  yerləşən Gəncə şəhərinə raket hücumu 10 nəfərin ölümünə, 34 nəfərin yaralanmasına səbəb oldu.  Mülki əhaliyə  atəş açmaq insanlığa cinayətdir ki, bu, Ermənistanın həyata keçirdiyi  faşist siyasətinin əsas mahiyyətini təşkil edir. Tarixə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz nümunəsidir və günahkarları hələ də  cəzasız qalmaqdadır. Amma dünya bilərəkdən  bu reallığı unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir.   

Dövlətimizin başçısı İlham Əliyev  Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Ermənistanın Gəncə hücumuna münasibət bildirərkən “Bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir” söyləyərək bildirmişdir ki, Paşinyanın mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir: “Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır.”

Ermənilər himayədarlarından aldıqları  dəstəkdən qaynaqlanaraq illərdir beynəlxalq ictimaiyyətdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət, azərbaycanlıların isə mənfi obrazını yaradıblar. Bu obrazlardan qaynaqlanırdı ki, ABŞ Konqresi 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”i tətbiq etmişdir. Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurmaq barədə qərar qəbul etməyə sövq etdi. Hər zaman qeyd etdiyimiz kimi, dünyanı idarə edən iri dövlətlər bu və ya digər ölkələrə qarşı atılan addımlara, eyni zamanda, baş verən hadisələrə o zaman düzgün dəyər verməyə çalışırlar ki, özləri həmin hadisəni yaşayırlar. Dövlətimizin başçısı hər zaman bəyan edir ki, səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. Terror aktlarının kimə qarşı törədilməsindən asılı olmayaraq, terror təşkilatları arasında fərq qoyulmamalıdır.

Reallıq budur ki, işğalçı Ermənistana dəstək olmaq işğalçılıq siyasətini dəstəkləmək kimi qəbul olunur.  Fransa kimi dövlət heç bir araşdırma aparmadan ermənilərə sevgisinin nümayişi olan “erməni soyqırımı”nı tanıyıb və bunu bütün dövlətlərdən tələb edir. Hətta Senatda “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı layihə müzakirəyə çıxarıldı. Məhz bu kimi ikili yanaşmalar bu və ya digər ölkələrdə baş verən münaqişələrin nizamlanması prosesinin uzanmasına səbəb olur. Fransanın sentyabrın 27-dən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı Ermənistanı diz çökdürməsindən narahatlığı da diqqətdən kənarda qalmadı. Bir-birinin ardınca verilən,  Ermənistana dəstəkdən irəli gələn bəyanatlarda əksini tapan fikirlərə diqqət yetirmək kifayət idi.  Dövlətimizin başçısı  İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” verilişində yayımlanan   müsahibəsində  «Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həll yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə çevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizə dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə gətirib çıxaracağını deyən fransızlara sözünüz nədir” sualına cavabı ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik  Şurasının 5 daimi üzvündən biri kimi Fransanın belə yanaşmalar ortaya qoymasının birtərəflilik kimi dəyərləndirilməsinin aydın mənzərəsini yaradır: “Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir.”

“Eyni zamanda, biz görürük ki, müttəfiqlərin seçilməsi ölkələrin özündən asılıdır” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, məsələn, Fransanın xarici işlər naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır: “Səmimi desəm, bir NATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin biz bunu görmürük.””

Münaqişənin həllindən vasitəçilik  missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Dağlıq Qarabağ probleminin nə zaman beynəlxalq münaqişəyə çevrildiyini inkar edib, bu gün ədalətin,  haqqın tərəfində olan, dünyaya işğalçıya “dur” demək çağırışlarını edən Türkiyənin Azərbaycana siyasi dəstəyini Dağlıq Qarabağ probleminin  beynəlxalq münaqişəyə çevrilməsini risk altına atmaq kimi təqdim etməsi birmənalı qarşılana bilməz.

Ermənistana dəstək verən dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar unudurlar ki,    reallıqlara  göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu prinsipi yenə də təkrarən xatırlatmaq istərdik ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə  BMT-nin Baş Assambleyasının yubiley tədbirində də bir daha bəyan etmişdir ki, bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində  icra olunur. Bizə gəldikdə  isə 28 ildir qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı  beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri kimi Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması bugünümüzün əsas tələblərindəndir.

Azərbaycan Ordusunun qələbə əzmi, bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəkliklərimizi işğaldan azad etmələri, eyni zamanda, dünyaya bu həqiqəti çatdırdı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Azərbaycan heç zaman torpaqlarının işğal altında olması ilə barışmayıb və barışmayacaq.  Cənab İlham Əliyevin bu fikirlərini bir daha xatırlamaq istərdik:  “Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu unutmamalıyıq. Təbliğat tarixi həqiqətlərə əsaslananda bu mübarizədən qalib çıxmaq mümkündür. Özlərinə saxta tarix yazan ermənilər hər zaman fakt qarşısında aciz olublar. Buna görədir ki, “erməni soyqırımı”nın tanınması məsələsini qabardanda Türkiyə rəsmiləri  tarixçilərdən ibarət  erməni-türk komissiyasının yaradılıb dünya arxivlərini araşdırmasını qarşı tərəfə təklif edəndə dərhal əl-ayağa düşür, bu məsələ ilə siyasətçilərin məşğul olduğunu bildirməklə acizliklərini ört-basdır etdiklərini düşündülər. Amma istər o zaman, istərsə də bu gün ermənilər və onların havadarları unutmamalıdırlar ki,  tarix  faktların dili ilə danışır.

Yeganə Əliyeva, “İki sahil”