14 oktyabr 2020 18:40
1519

Humanitar atəşkəsin qeyri «humanitar» terroru

Qərbin, Minsk qrupunun həmsədr dövlətlərinin   yenidən «masa»,  «danışıqlar» tələbini səsləndirməsi,  Gəncə soyqırımına biganəliyi  Ermənistan faşizminə  «yaşıl işıq»dır  

Ötən əsrlərdən başlayaraq müxtəlif illərdə Azərbaycana qarşı soyqırımı törədən,   torpaqlarımızı qarış-qarış işğal edən, deportasiya nəticəsində  azərbaycanlıları ata-baba ocağı Qərbi Azərbaycandan çıxaran, ən acınacaqlısı isə törətdiyi cinayətlərə, vəhşiliklərə görə ittiham olunmaq əvəzinə   başı sığallanan Ermənistanın  başladığı Dağlıq Qarabağ münaqişəsinin 30 ildə həllini tapmaması  təcavüzkara  dəstəkdir. Dağlıq Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğunu qəbul etdikləri qətnamələrlə, verdikləri bəyanatlarla rəsmən bildirən  BMT də  daxil olmaqla  sənədlərdə nəzərdə tutulan şərtlərə əməl etməyən, işğal altında saxladığı Azərbaycan torpaqlarında  xalqımıza məxsus tarixi abidələri,  milli-mənəvi  dəyərlərimizi dağıtmaqla bu əraziləri özününküləşdirməyə  çalışan, ekoloji terrorlar törədən  Ermənistanın  təcavüzkarlığına « dur!» deyən «tapılmadı.»  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, danışıqlarda beynəlxalq hüquq normalarına istinad edən Azərbaycandan fərqli olaraq Ermənistan ən həlledici məqamlarda  müxtəlif bəhanələrlə əsas məsələdən yayınmağa çalışır və istəyinə də nail olurdu. Çünki bu  «qeyb olma» üsulunu  havadarları onlara əvvəlcədən  diktə edirdi.  İllərdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan  başqa ölkələrdən gətirilən erməniləri Dağlıq Qarabağda yerləşdirməklə də beynəlxalq hüququn ziddinə hərəkət edir. Bağlanmış atəşkəsə belə əhəmiyyət verməyən işğalçı  eyni zamanda, törətdiyi təxribatlarla, əsassız iddiaları ilə  Azərbaycana qarşı  ideoloji mübarizəsinə də  haqq qazandırırdı.

Aprel döyüşlərində, Günnüt əməliyyatında  Ermənistana ciddi qulaqburması verən Azərbaycan  Ordusunun xəbərdarlığından nəticə çıxarmayan Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi xalqımızın səbir kasasını daşırdı. İyulda Azərbaycan –Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlar törədərək, eyni zamanda,  «yeni ərazilərə sahib olmaq» iddiasını səsləndirərək daha irəli gedən  Ermənistan hazırda layiqli cavabını alır. Sentyabrın 27-dən başlayaraq düşmənə ağır zərbələr endirən, illərdən bəri işğal altında qalan torpaqlarımızı azad edən Milli Ordumuzun gücü, qüdrəti, rəşadəti qarşısında diz çökən Ermənistan, bu ölkənin baş naziri Nikol Paşinyan tələyə düşmüş siçan kimi çıxış yolları axtarır,  qapılara düşərək kömək diləyir.

Siyasi  savadsızlığını heç bir beynəlxalq hüquq normalarını tanımamaqla  bəyan edən, Sorosun dəstəyi ilə hakimiyyətə  gələn  Nikolun « qüdrətli Ermənistan ordusu» ilə bağlı  illüziyalarını 15 gündə darmadağın edən,  Cəbrayılda, Ağdamda, Füzulidə, Tərtərdə uğurlu hərbi əməliyyatlar apararaq xeyli ərazimizi işğaldan azad edən   Azərbaycan Ordusunun gücü qarşısında  özünü itirən Nikol cabalayır. Çıxış yolu kimi  Azərbaycanın mülki əhalisini hədəfə alır. Ordumuzun strateji əhəmiyyətə malik  Hadrutu və bir neçə yüksəkliyi azad etməsi ilə daha da quduran Nikolun göstərişi əsasında  qədim tarixə malik, Azərbaycanın böyük şəhərlərindən olan  Gəncəni davamlı atəşə tutulması nəticəsində 10 dinc əhalinin qətlə yetirilməsi,  16-sı qadın, 6-sı azyaşlı olmaqla  34   sakinin yaralanması,  10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektə  ziyan vurulması beynəlxalq ictimaiyyət tərəfindən də vandalizm adlandırılır.

Gəncədə baş verənlərlə  hadisə yerində tanış olan Azərbaycandakı  diplomatik korpusların rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki  nümayəndələri erməni vəhşiliyinin  günahsız qurbanlarının  dəhşətini gözləri ilə gördülər. 1949-cu il Cenevrə  konvensiyalarının və onların Əlavə protokollarının,  Ermənistanın yalvarışları əsasında Moskvada  keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar  atəşkəs rejiminin tələblərini pozan  Ermənistanın dinc əhalini bilərəkdən hədəfə alması erməni faşizminin  dəyişilməyən genosidə sadiqliyidir.  Əhalinin sıx yaşadığı və təmas xəttindən xeyli aralıda yerləşən Gəncəyə,  sənaye şəhəri olan Mingəçevirə, bu şəhərdə yerləşən  «Azərbaycan» İstilik Elektrik  Stansiyasına, Mingəçevir Su Elektrik Stansiyasına Ermənistan ərazisindən  «Toçka-U» «Smerç», «Skad» və digər raketlərlə atəşlərin açılması humanitar yardımı «hərbi cinayət»lə, terrorla  əvəzlədi. Oktyabrın 12-nə olan məlumata  görə  Ermənistanın son təxribatları nəticəsində  41 mülki şəxs qətlə yetirilmiş, 207 nəfər yaralanmış 1185 fərdi  ev,  57 çoxmənzilli yaşayış binası  dağıdılmışdır.  «Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi» söyləyən Prezident İlham Əliyev dünya birliyini haqqı, ədaləti  müdafiə etməyə çağırır.

Törətdiyi  bu vəhşiliyə baxmayaraq, bəzi qüvvələrin Ermənistanı  müdafiə etmələri,  cinayətlərinə etinasız qalmaları bağışlanmazdır. Moskvada keçirilən görüşlərdə  razılaşdırılan  «humanitar atəşkəs»in erməni xisləti baxımından  açıqlaması Gəncədə törədilən  vəhşilik idi. İşğalçıya vaxt, silah-sursat tədarükü  qazandıran   bu  «humanitar» addım  bir gün də olsun susmayan  silahların daha   çox dağıdıcı gücə malik,  uzaqməsafəli  raketlərlə əvəzlənməsini təmin etdi.   Ermənistanın törətdiyi cinayətlərə, terrora, soyqırımlarına  əsrlərlə susan, yeri gəldikdə dəstək  verən ermənipərəst dairələr kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli tapşırılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də  loyal yanaşmaları ilə  ərköyünləşdirdikləri  Ermənistana təsir və təzyiq göstərmək əvəzinə, yenidən «masa», «danışıq» tələbi irəli sürürlər. Soruşmaq lazımdır ki, 30 ildir bölgəyə turist səfərləri edən,  məsul olduqları  vəzifələri yerinə yetirməkdən başqa hər cür istirahət edən və bu gün də eyni siyasətlərinə sadiq qalan Rusiya, Fransa, ABŞ Ermənistana hansı  təsir və təzyiqləri göstərdilər?  Qeyd edək ki, qrupun tərkibində  bu bölgədən uzaqlarda yerləşən ölkələrin olması özlüyündə ATƏT-in formal, məqsədli  məramını göstərir. Rusiya Federasiyası Dövlət Dumasının ermənipərəst  deputatı, Ermənistan –Rusiya «Lazarev» klubunun yaradıcısı Konstantin Zatulinin « Ermənistan Rusiyanın müttəfiqidir və nöqtə. Dağlıq Qarabağ isə öz kilsələrinə və xristian mədəniyyətinə  sahib bir erməni torpağıdır. Bizim mənafeyimiz Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edir»  sözlərinin izahına ehtiyac yoxdur. Bu «tanınmanın» ilkin şərti isə  işğalçını silahlandırmaqdır. Məntiqli  suallar yaranır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tapşırılan  ABŞ, Rusiya, Fransa  Minsk qrupu həmsədrləri kimi daim Ermənistanı müdafiə etmişlər. Münaqişənin illərdən bəri uzadılmasının ən başlıca səbəbi  bu «üçlüyün»  təcavüzə məruz qalan, Xocalı soyqırımını yaşayan, milli-mənəvi, təbii  sərvətləri ermənilər tərəfindən talan edilən Azərbaycana qarşı qərəzli mövqe tutmasıdır. Dünyanın bir çox dövlətləri  Gəncə terrorunu pisləsə də,  «Qarabağın zəncirvari  oyunu»nun əsas  «iştirakçıları» hələ də erməniliyi dəstəkləyir, səsi kəsilməyən atəşkəsə əməl olunmasını tələb edirlər. Əsas hədəf  Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq, ölkəmizin imicinə zərbə vurmaqdır.

Dini radikalizmdən özlərinin  maraqları naminə istifadə edən, islamofobiya ilə bağlı  təbliğat aparanlar, o cümlədən Minsk qrupunun həmsədr dövlətləri nədənsə daim Azərbaycanın yanında olduğunu bəyan edən,  ölkəmizə mənəvi dəstək göstərən Türkiyənin Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı  danışıqlarda iştirakına  veto qoyurlar.

Ermənistanın  dövlət siyasətinin terror mahiyyətini görsələr belə, bölgədə sabitliyin yaranmasında aparıcı rola malik Türkiyənin antiterror əməliyyatlarını da  istəmirlər.  Qardaş ölkənin Suriyada, Liviyada, Orta Şərqdə  PKK kimi digər terrorçu qruplara qarşı  apardığı   mübarizənin  Qərbin Yaxın Şərq siyasətlərinə zidd olduğunu  düşünən həmin qüvvələr  Cənubi Qafqazda  geosiyasi üstünlüyə malik olmaq, mövqelərini itirməmək, Türkiyənin Azərbaycanla həmrəyliyinə  zərbə vurmaq  üçün hər vasitədən istifadə edirlər. Onları narahat edən isə Ermənistanın məğlub olmasıdır.

Ermənilərin törətdikləri Gəncə terrorunun nəticələrini müşahidə etmək üçün hadisə yerinə gələn diplomatların  münaqişənin əsl mahiyyəti ilə bağlı suallara cavab veriləcəyi bildirilsə də, uzun illər ərzində  həqiqəti eşitmək istəməyən,  reallığı təhrif edərək pərdələyənlər  azərbaycanlı olduqları üçün faşist erməniləri tərəfindən öldürülən insanların faciəsini də sadəcə səssiscə izlədilər.  Bu ağır günlərdə təkcə  Türkiyə ölkəmizə mənəvi dəstək göstərməklə Azərbaycanın yanında olduğunu bildirdi. «Mən bunu bir neçə dəfə açıqlamışam. Bir daha demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır… Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var» söyləyən Prezident İlham Əliyev  bildirir ki, Qərbdə bir çoxları qəbul etməsə də, Türkiyə nəinki bölgədə,  dünya miqyasında güc mərkəzidir. Bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqla hesablaşmaq lazımdır.

 Xuraman İsmayılqızı, «İki sahil»