29 yanvar 2020 11:16
1438

Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü - FOTO

Dünən “Viktoriya” Şadlıq sarayında Milli Məclisə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə növbəti  görüşü keçirildi.

YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova Hüseynbala Mirələmovun fəaliyyətinin çoxşaxəli olmasından bəhs etdi. H.Mirələmovun deputatlıq fəaliyyəti isə hər bir Azərbaycan vətəndaşına, xüsusilə də Milli Məclisdə təmsil etdiyi Xətai seçicilərinə çox yaxşı bəllidir.

Y.Qurbanova qeyd etdi ki, YAP-ın namizədi H.Mirələmovun deputatlıq fəaliyyəti dövründə seçicilərin böyük etimadını qazanması onun növbəti dəfə də qələbəsini şəksiz edir. Düzgün seçim edək ki, daha güclü Azərbaycan naminə inamla irəliləməyi bacaraq.

Deputatlığa namizədin vəkili, tibb elmləri doktoru, professor Vəsadət Əzizov fikrini “Əsl deputat hansı keyfiyyətlərə malik olmalıdır” sualı əsasında seçicilərə çatdırdı. Qeyd etdi ki, H.Mirələmov yüksək ixtisaslı mühəndis, tanınmış ictismai-siyasi xadim, sözlə əməli vəhdət təşkil edən vətənpərvər, yüksək elmi biliyə, savada malik insandır. “Elm insanın üstünlüyüdür” söyləyən V.Əzizov vurğuladı ki, H. Mirələmovun elmi fəaliyyətinə nəzər salsaq onun daim axtarışda olduğunu, əldə etdiyi nailiyyətlərin Azərbaycan elminin inkişafına böyük töhfələr verdiyini görərik. Bir əsas məqamı unutmayaq ki, Azərbaycanı dünyada tanıdan yerləşdiyi coğrafi məkan və malik olduğu təbii resurslarla yanaşı, elmi potensialıdır.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri Qurban Əlizadə vurğuladı ki, seçici etimadının qazanılmasının ən başlıca amillərindən biri də deputatın mütəmadi olaraq seçildiyi rayonun sakinləri ilə görüşməsi, onların problemləri ilə yaxından tanış olması, həlli istiqamətində ciddi səylər göstərməsidir. Sözsüz ki, millət vəkili fəaliyyəti dövründə hər bir seçicisinin  deputatı olduğunu əsas iş prinsipinə çevirirsə, bununla etimad qazanaraq növbəti seçkilərə böyük ruh yüksəkliyi ilə qatılır. H.Mirələmov seçicilərinin problemini öz problemi kimi qəbul edib, onların imkan daxilində həllinə çalışıb.

Seçicilərdən Namus Atakişiyev, Rza Əhmədov və başqaları çıxışlarında qeyd etdilər ki, xalqını düşünən, ölkəsinin gələcəyi naminə səylər göstərən H.Mirələmova seçicilərin etmadı böyükdür. Onlar bütün seçicilərin 9 fevral  növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olacaqlarını bildirdilər.

Deputatlığa namizəd, YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov bildirdi ki, Azərbaycan seçiciləri 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edib, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmaqla Azərbaycanın daha da müasirləşməsinə, zənginləşməsinə, insanların daha azad, firavan yaşamasına, ən əsası daha fəal, çevik, müasir parlamentin formalaşmasına töhfə vermiş olarlar. “Daha güclü Azərbaycan naminə!” devizi ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün müəyyənləşdirilən vəzifələrin uğurlu icrasına səy göstərir.

H.Mirələmov qeyd etdi ki, bugünümüzün əsas çağırışı təbliğat-təşviqat mərhələsini uğurla başa vurub, xalqın iradəsini özündə əks etdirən nəticələrə töhfəmizi verməkdir. Bunun üçün hər bir seçici seçki hüququndan istifadə edib düzgün seçim etməli, Azərbaycanın daha möhtəşəm uğurlara imza atması üçün birlik, həmrəylik nümayiş etdirməlidir.

Namizəd seçicilərə bir daha müraciət edərək “düşünün və layiqli namizədə səs verin” söylədi.

Yeganə Əliyeva,

Röya Rasimqızı,

Vüsal Cahanov (foto),

“İki sahil”