15 yanvar 2021 14:18
793

ICESCO səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı - FOTO

Yanvarın 14-də ADA Universitetində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin və mədəniyyət naziri Anar Kərimovun birgə mətbuat konfransı keçirildi.

"İki sahil" xəbər verir ki,  mətbuat konfransı ICESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuşdu.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-dən ölkəmizdə səfərdədir. Bu, onun ICESCO rəhbəri kimi Azərbaycana ilk səfəridir. Bu səfər həm də ona görə əlamətdardır ki, Vətən müharibəsindən sonra ilk beynəlxalq təşkilatın rəhbəri ölkəmizə gəlib: “Biz ICESCO rəhbərliyinə bu səfərə görə təşəkkür edirik. Qeyd etmək istərdim ki, səfərin əsas iki məqsədi var idi. Birincisi, Azərbaycanla ICESCO arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi, ikincisi isə erməni təcavüzündən sonra azad edilmiş torpaqlarımızda olan mədəni və tarixi abidələrimiz, mədəni mülkiyyətimizə baxış keçirmək”.
Anar Kərimov daha sonra Azərbaycanın ICESCO-a üzv olmasının tarixi və ölkəmizin bu təşkilatla əməkdaşlığı barədə söz açdı. Qeyd olundu ki, 1991-ci ildən bu günə kimi təşkilatla çox səmərəli əməkdaşlıq həyata keçirilib. 2006-cı ildə ölkəmizin ICESCO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.
Ötən dövr ərzində Azərbaycan ICESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə ICESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. ICESCO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır.

Nazir həmçinin vurğuladı ki, ICESCO Azərbaycanda təşkil edilən beynəlxalq layihələrdə, mötəbər tədbirlərdə hər zaman yaxından iştirak edib.
Anar Kərimov ICESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərini əlamətdar hadisə kimi səciyyələndirdi. Dedi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixi-mədəni abidələrimizin düşmən tərəfindən dağıdılması hər zaman ICESCO-nun diqqətində olub. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı təşkilat Azərbaycanın yanında olduğunu göstərib: “Azərbaycan hökuməti və Azərbaycan xalqı bu dəstəyi unutmayacaq. Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə də həyata keçirilib. Bu əməllər insanlığa qarşı cinayətdir. Biz əminik ki, ICESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək”.

Nazir həmçinin diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” ICESCO-da da qeyd olunacaq. Artıq qurumun Baş direktoru ilə bununla bağlı razılıq əldə edilib: “Əlamətdar il çərçivəsində ICESCO-da tədbirlər keçiriləcək və əminəm ki, bu, dahi şairimizin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq”.

Anar Kərimov daha mühüm bir məlumatı media nümayəndələrinin diqqətinə çatdırdı. Bildirdi ki, bu il ərzində Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq. Regional mərkəz bir çox ölkəni əhatə edəcək: “Əsas məqsəd ICESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və ICESCO arasında, həm də region ölkələri arasında əlaqələrin inkişafına töhfə verəcək”.

Nazir işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işlərinin davam etdiyini diqqətə çatdırdı. Bildirdi ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda 372 tarixi-mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Əldə olunan məlumatlar sistemləşdirilir: “Hazırda nazirlikdə işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası ilə əlaqədar yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Abidələrin bərpası ilə bağlı təsnifat aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin həmin rayonlar ilk növbədə minalardan tam təmizlənməlidir”.

Mətbuat konfransında çıxış edən ICESCO Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilata üzv ölkə Azərbaycanın Vətən müharibəsində Qələbəsini qeyd etdiklərini diqqətə çatdırdı: “Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilən əməllər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, muzey, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”.

Baş direktor mühüm bir xəbəri də diqqətə çatdırdı. Bildirdi ki, biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun. Yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək. Lakin regional mərkəzin də müəyyən vaxtdan sonra Şuşaya köçürülməsi baş tuta bilər.

ICESCO-nun texniki missiyasının tezliklə Azərbaycana səfər edəcəyini bildirən Baş direktor dedi ki, fevral ayının sonunadək bu missiyanın işğaldan azad olunmuş bölgələrə səfəri baş tutacaq: “Texniki missiyanın hesabatı işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq. ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertlər təyin edəcəyik”.

***

Daha sonra jurnalistlərin sualları cavablandırıldı.

Sual 1: İctimai Televiziya

– Cənab əl-Malik, bilirsiniz ki, Azərbaycan Ermənistandan təzminat tələb edəcək. ICESCO bu təzminatı dəstəkləyəcəkmi?
Salim bin Məhəmməd əl-Malik:
- İCESCO öz qaydalarını UNESCO təşkilatına uyğun qaydada qursa da, biz kiçik təşkilatıq. Üzv ölkələrimizi hər zaman dəstəkləyirik. Lakin biz siyasətə qarışmırıq. Elm, təhsil, mədəniyyət və hətta ətraf mühitlə bağlı məsələlərdə dəstəklədiyimiz üzv ölkələrimizin hər zaman yanındayıq.

Sual 2: TREND informasiya agentliyi
– Texniki missiyanın səfər tarixi məlumdurmu?
Salim bin Məhəmməd əl-Malik:
– ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Ola bilsin, fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tuta bilər. Hələ ki, tarixlə bağlı dəqiq məlumat verə bilmərik. ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra (texniki) komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq.
Nazir Anar Kərimov:
– Bilirsiniz ki, həmin ərazilərdə təhlükəsizlik təmin edilməlidir. Minalardan təmizlənmə qismən başa çatdıqdan sonra texniki missiyanın səfərini təşkil etmək mümkün olacaq.
Miqyası tam göstərmək üçün ərazilər minalardan tam təmizlədikdən sonra bu işi daha səmərəli həyata keçirmək mümkün olacaq. Biz bu işi mümkün qədər tez həyata

keçirməyə çalışırıq.
Sual 3. “Nizami Gəncəvi İli”nin ICESCO-da qeyd olunmasına münasibət (İranın
Azərbaycandakı səfirliyinin nümayəndəsi)
– “Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək məlumatına fikrimi bildirmək istərdim. Mən bizim müştərək İslam mədəniyyətinin nümayəndəsi, fars dilində yazan dahi Nizaminin irsinin ICESCO tərəfindən dəyərləndirilməsini təqdirəlayiq hesab edirəm.
Nazir Anar Kərimov:
– Biz Nizamini bəşəriyyətin şairi və filosofu hesab edirik. O, İslam təfəkkürünü təmsil edirdi. Onun yubileyinin keçirilməsi nəinki regionda, eləcə də beynəlxalq aləmdə geniş təbliğ edilməlidir. ICESCO-nun bu təklifini yüksək dəyərləndiririk. Nizaminin fikirləri və yanaşmaları bu gün dünyaya ismarış şəklində göndərilməlidir. Nizami Gəncədə yaşayıb-yaradıb. Bu gün onun Gəncədə məqbərəsi var. Mən ICESCO-ya bu dahi şəxsiyyətin yubileyinin keçirilməsinə görə təşəkkür edirəm.


Sual 4. APA informasiya agentliyi
– İşğaldan azad olunan ərazilərdə ilk növbədə hansı abidələrin bərpa işləri
nəzərdə tutulub?

Nazir Anar Kərimov:
– Hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, 399
mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi
mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Hazırda nazirlikdə
bununla bağlı yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin
cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma
aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa
işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi,
orada mina yoxdur, digər tərəfdən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib.
Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin
dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır.


Sual 5. ARB televiziyası
– Çıxışlar zamanı Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi qeyd edildi və həmçinin ICESCO-nun Azərbaycanda regional mərkəzinin açılması məsələsi vurğulandı. Regional mərkəz Şuşada yerləşdiriləcək, yoxsa Bakıda?
Salim bin Məhəmməd əl-Malik:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ICESCO-nun regional mərkəzinin açılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda açılacaq regional mərkəz yeni baxışları izhar edəcək. Şuşada normal infrastruktur olacağı zamanda, əlbəttə ki, mərkəz orada da yerləşdirilə bilər. Bilirsiniz ki, hər il ICESCO tərəfindən 3 şəhər mədəniyyət paytaxtı elan edilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi ilə birgə layihələr hazırlanacaq.


Sual 6. ARB televiziyası
– Cənab nazir, bilmək istərdim ICESCO-dan əlavə daha hansı beynəlxalq təşkilatdan çevik münasibət və açıqlamalar gəldi?
Nazir Anar Kərimov:
– Bilirsiniz ki, BMT Sivilizasiyalar Alyansı və UNESCO-ya da məktublar ünvanladıq. Beynəlxalq təşkilatlarla yanaşı 150 ölkənin mədəniyyət nazirlərinə də 44 günlük müharibə və müharibədən sonrakı vəziyyətlə bağlı məktub ünvanlanıb. Təəssüflə qeyd etmək istərdim ki, biz bu işdə UNESCO-nun obyektiv yanaşmadığının şahidi olduq və ikili standartlara uyğun cavablar gördük. Azərbaycana qarşı törədilən mədəni terror pislənilməlidir. UNESCO tərəfindən qərəzli bəyanatlar cəmiyyətimizdə məyusluq
yaradır. Hazırda UNESCO ilə danışıqlar aparılır və ümid edirik ki, bu təşkilatın texniki missiyası işğaldan azad olunmuş ərazilərimizə səfər edəcək və təşkilat öz səhvini başa düşəcək.
Sonda mədəniyyət naziri Anar Kərimov və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik media nümayəndələrinə təşəkkürlərini bildirdilər.