22 may 2019 10:09
447

İdarəetmə sistemində təkmilləşmə yeni hədəfləri zərurətə çevirir

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “İdarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var” söyləyərək bir daha bildirmişdir ki, hər bir sahədə inkişaf üçün böyük meydan var: “Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.”

Əhatə etdiyi dövrün hesabatı kimi dəyərləndirilən iclasda səsləndirilən statistik rəqəmlər də verilən proqnozların özünü doğrultduğunu, hədəflərin gerçəkliyə çevrildiyini təsdiqlədi. Bununla yanaşı beynəlxalq maliyyə qurumlarının hesabatları da uğurlu nəticələrin təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə gedən proseslərə yüksək qiymət verərək, Azərbaycanı ən islahatçı ölkələrdən biri kimi təqdim etdilər. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında da  Azərbaycan öz reytinqini qorudu. Dövlətimizin başçısı bildirir ki, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq belə fikirlər ortaya qoyulanda bu, həm bizi sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır: “Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək.”

Cari ilin ötən dövrünün statistik rəqəmlərinə diqqət yetirək. Ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Cari iiln ötən dövrü təkmil sosial islahatlar dövrü kimi də xarakterizə olunur. Dövlətimizin başçısı İlham Əliyevin sosial inqilabi addımları ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı, Azərbaycanın dünyaya sosial dövlət kimi təqdimatında əhəmiyyətli rol oynadı. Əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Ən əsası ölkə Prezidenti hər bir vətəndaşının yanında olduğunu imzaladığı biri-birindən mühüm Fərman və sərəncamları ilə təsdiqləyir. Təbii fəlakət, yanğın zamanı insanlara dəyən ziyanın ödənilməsi üçün imzalanan sənədlər, o cümlədən problemli kreditlərin həllinə yönələn addım deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev dövlət məmurlarına bu tapşırığı verir ki, daim xalqın arasında olun, onların qayğıları ilə yaxından tanış olub, həlli istiqamətində ciddi səylər göstərin. Ölkə Prezidentinin 2013-cü ildə keçirilən regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir.”

Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ilin ilk ayında imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və s. kimi mühüm fərmanları dövlət orqanlarının müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə geniş imkanlar açır. Cənab İlham Əliyev bildirir ki, qarşıya qoyulan mühüm vəzifələrin icrası üçün düzgün kadr və struktur islahatlarının aparılması qaçılmazdır və Azərbaycan bu istiqamətdə təkmilləşdirmə işlərini bundan sonra da davam etdirəcək.

İdarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən sənədlərin davamlı xarakter alması mütəxəssislərdə belə bir rəyin yaranmasına səbəb olur ki, struktur islahatları ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsini və rəqabətin gücləndirilməsini şərtləndirir. İslahatlar nəticə etibarilə həm də məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb olunması və yeni iş yerlərinin yaradılması deməkdir.

Əvvəldə də qeyd etdiyimiz kimi, ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə ən islahatçı ölkə imicini qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edir. Ən əsası cəmiyyətdə formalaşan yeni çağırışlar yüksək səviyyədə dəyərləndirilir, yeni-yeni hədəflərin gündəmə gətirilməsinə imkanlar artır. İslahatlar çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha keyfiyyətli olacaq. Bir sözlə, struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökumət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Daim beynəlxalq maliyyə qurumlarının hesabatlarından liderliyini qoruyan Azərbaycan Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə formalaşdırılan dövlət idarəetmə mexanizmi beynəlxalq səviyyədə də dəstəklənir. Bu islahatlar, eyni zamanda, ölkədə aparılan şaxələndirmə siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını, qeyri-neft ixracının genişlənməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini təmin edəcək.

Sənaye potensialının artırılması da hədəflər sırasındadır. Qeyd etdiyimiz kimi, sənayenin qeyri-neft sektorunda istehsalı 15,6 faiz artıb. Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Nəinki Sumqayıtda, hazırda Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir. Cari ilin ötən dövründə “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir.

Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanı da ciddi islahatlara yol açdı. Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallaşmasında bu islahatların rolu böyükdür.  Ölkə Prezidentinin də qeyd etdiyi kimi, islahat çox böyük məna daşıyır: “İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir.” Cənab İlham Əliyev hər çıxışında bu məqamı xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması da idarəetmədə təkmilləşmənin bariz nümunəsidir. Fəaliyyətində daha çox sosial məsələlərin həllinə diqqət yönəldən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2017-ci ildə keçirilən Təhlükəsizlik Şurasının iclasında ona göstərilən bu etimadı yüksək dəyərləndirərək söylədiyi fikirləri xatırlamaq istərdik: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.” Mehriban xanım Əliyevanın bu fikirləri inkişafı, quruculuğu, səmərəli işi, təvazökarlığı və insanlara xidməti əsas prinsip kimi önə çəkən ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin hər bir iclasında diqqət yönəltdiyi məmur-vətəndaş münasibətləri ilə bağlı verdiyi tapşırıqların davamı, tərkib hissəsi kimi dəyərləndirilir: “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir.” Cənab İlham Əliyev proqram xarakterli çıxışlarında bu mühüm məqamı da diqqətə çatdırır ki, uğurlarla kifayətlənməyib, daim irəliyə baxmaq davamlı inkişafın əsasıdır.

Yeganə Əliyeva, “İki sahil”