16 yanvar 2019 20:02
1070

İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ

Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Həmin bağlılıqda İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ciddi əhəmiyyət daşıyır. Ekspertlər həmin Fərmandan irəli gələn vəzifələri həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində analiz edirlər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Daha təkmil idarəetmə: daxili potensialın maksimum səfərbərliyi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında milli dövlətçiliyin inkişafı baxımından çox aktual olan məsələlərdən bəhs edib. Dövlət başçısı sürətlə dəyişən müasir dünyada daha uğurlu və səmərəli fəaliyyətin ümumi prinsiplərini bir daha bəyan edib. Konkret sahələr üzrə qarşıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatları vurğulayıb.

Təbii ki, Prezident İlham Əliyev əldə olunan böyük nailiyyətləri vurğulayıb. Onların Azərbaycan dövlətçiliyinin inkişafı, vətəndaşların rifahı, iqtisadi tərəqqinin sürətləndirilməsi istiqamətində oynadığı rolu xüsusi qeyd edib. Bunlarla yanaşı, Azərbaycan qarşısına daim irəliləyiş məqsədini qoyan dövlətdir. Azərbaycan üçün təkmilləşmənin sonu yoxdur. Bu səbəbdən də ölkə rəhbəri idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini də ifadə edib.

Dövlət başçısı Nazirlər Kabinetinin bəhs olunan iclasında söylədiyi yekun nitqində vurğulayıb: "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 11 yanvar 2019).

Bu fikirlərdə demokratik idarəetmənin başlıca prinsipləri lakonik şəkildə ifadə olunub. Öncə, dövlət başçısı onu vurğulayır ki, hər bir yeni qurum yaratmaq özlüyündə demokratik idarəetməni təkmilləşdirməyə xidmət etməyə də bilər. Burada başlıca meyar kimi praktika götürülməlidir. Təcrübə göstərdi ki, bir sıra yeni yaradılan və müxtəlif sferalara aid olan təşkilatlar gözlənilən səmərəni vermir.

Bu səbəbdən həmin növ təşkilatların ləğv edilməsindən dövlət çəkinməməlidir. Çünki əsas olanı milli dövlətçiliyi və idarəetməni təkmilləşdirmək, dövrün tələblərinə uyğun daha çevik və səmərəli hala gətirməkdən ibarətdir. Prezident İlham Əliyev konkret və açıq surətdə vurğulayır ki, "...görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib" (bax: əvvəlki mənbəyə).

Bu cür yanaşma demokratik idarəetmənin əsas qayəsini təşkil edir. Dövlət başçısı idarəetmədə şəffaflığı, yığcamlığı və demokratikliyi başlıca meyar kimi seçərək, ona dəqiqliklə əməl edir. Eyni qayda ilə Prezidentin idarəetmədə çalışan bütün kadrlardan məsuliyyətli, dəqiq və fəal olmağı tələb etməyə tam haqqı vardır.

Həmin bağlılıqda dövlət başçısının ifadə etdiyi aşağıdakı fikirlər çox önəmlidir. İlham Əliyev fikirlərinə davam edərək vurğulayıb: "İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər (bax: əvvəlki mənbəyə).

Ölkə rəhbəri konkret ifadə edir ki, Azərbaycanda idarəetmə dünyanın inkişaf etmiş hissəsində müşahidə edilən idarəetmə özəlliklərini mütləq nəzərə almalıdır. Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt kimi seçib və bu kontekstdə digər aparıcı dövlətlərlə təcrübə mübadiləsinə tam açıqdır. Bir sıra ölkələr Azərbaycanda yeni yaradılan və demokratiya baxımından səmərəli olan idarəetmə strukturlarını mənimsəyirlər. Məsələn, "ASAN" xidmət Azərbaycanın brendi hesab olunur.

Beynəlxalq təcrübə və Azərbaycan: qarşılıqlı əlaqələrdən optimal tarazlığa

Bununla yanaşı, Azərbaycan da bütövlükdə dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən özəl prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaratmaqdan çəkinmir. Bu aspektdə Azərbaycanda müstəqil dövlətçiliyi daha sürətlə inkişaf etdirmək üçün zamanında vitse-prezidentlik institutunun yaradılması ayrıca vurğulana bilər.

Dövlət başçısının yuxarıda vurğulanan fikirləri bir daha göstərir ki, Bakı idarəetmədə islahatlar prosesini daim inkişaf etdirməkdə qərarlıdır. Artıq Prezident Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb (bax: Prezident Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb / AZƏRTAC, 14 yanvar 2019). Ekspertlərin fikrinə görə, Fərmanın imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Yəni Azərbaycanın dövlət başçısı çevik surətdə struktur islahatlarını inkişaf etdirir. Fəaliyyəti dayandırılan strukturlar doğrudan da öz üzərlərinə düşən vəzifəni müasir tələblər səviyyəsində yerinə yetirə bilmirdilər. Bir qismi də dövlət büdcəsindən maliyyə alır, ancaq onu səmərəli istifadə edə bilmirdi. Başqa məqamlar da mövcud idi. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev öz qəti qərarını verib. Nəticədə, ekspertlərin də vurğuladığı kimi, Azərbaycan dövlət olaraq bir sıra istiqamətlərdə daha səmərəli fəaliyyət göstərmək şansı əldə etdi. Mütəxəssislər vurğulayırlar ki, əslində, indi aparılan struktur islahatları 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamıdır.

Azərbaycan dinamik və hərtərəfli inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Təbii ki, bu zaman paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə olmayan qurumlar və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi kimi əvəzlənməlidir. Həmin işlərin reallaşması üçün isə sistemli islahatlar aparılmalıdır. Prezidentin imzaladığı Fərman bu kontekstdə olduqca əhəmiyyətli sənəd olmaqla Azərbaycanda milli dövlət quruculuğu kursunun bütün prinsiplərinə tam uyğundur.

Bu prosesin ölkənin beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayacağı şübhə doğurmur. Azərbaycan dünya reytinq cədvəllərindən rəqabət qabiliyyəti dinamik yüksələn dövlət kimi qəbul edilir. Həmin aspektdə də prosesin davam etməsi üçün dövlət başçısının Fərmanda göstərdiyi məqamlara ciddi diqqət yetirilməsi gərəkdir. Orada ləğv edilən strukturlarla yanaşı, bir sıra qurumların daha səmərəli fəaliyyət göstərməsi zərurəti də qeyd olunub.

Başqa tərəfdən, Prezidentin bu Fərmanı bütövlükdə idarəetmə sisteminə daxil olan idarəetmə vahidləri üçün bir çağırış və ya nümunədir. Yəni idarəetməyə məsul olan hər bir institusional vahid dövlətçiliyin bundan sonrakı inkişafı üçün daha səmərəli, çevik və demokratik prinsiplərə tam uyğun olaraq çalışmalıdır.

Şübhə yoxdur ki, həyata keçirilən islahatlar kursu dayanmadan davam etdiriləcək. Prezident İlham Əliyev verdiyi vədlərin hər birinə əməl edib və edir. Açıq görünür ki, Azərbaycanda müstəqil dövlətçilik daim inkişafdadır. İslahatlar, yeniləşmələr öz müsbət bəhrəsini verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası müasir şəraitin tələblərinə uyğun daha da inkişaf etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət bunun əyani təsdiqidir. Bu baxımdan imzalanan Fərman da dövlətin idarə edilməsi prosesində yeni bir müsbət hadisədir.

Newtimes.az