Qoşulmama Hərəkatının sədri və Azərbaycanın dövlət başçısı kimi dünya siyasətinin aktual problemlərini təhlil edən Prezidentimiz 120 ölkəni təmsil etmək məsuliyyətini şəxsi keyfiyyəti, müdriklik və cəsarəti ilə doğrultdu
BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası Azərbaycan üçün əvvəlkilərdən fərqli və müzakirə olunan məsələlər baxımından daha yaddaqalan oldu. Videoformatda keçirilən, 182 ölkənin dövlət və hökumət başçılarının iştirak etdikləri bu iclasda Prezident İlham Əliyevin çıxış edənlər arasında sayca altıncı olmasının özü Azərbaycana beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təsdiqi idi. Bu iclasın ölkəmiz üçün digər əhəmiyyətli cəhəti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri kimi iki hissə üzrə çıxış etməsi idi.
2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında sədrliyi öz üzərinə götürən, Azərbaycanın dövlət başçısı kimi qurumun adından çıxış edən Prezident İlham Əliyevin dünya xalqlarının «ümumi evi» sayılan BMT-nin yubileyinə həsr olunmuş iclasındakı çıxışı bir neçə cəhətdən xarakterik idi. Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış edərək dünya xalqlarını beynəlxalq terrorizmə qarşı birgə mübarizəyə çağıran Prezident İlham Əliyev ümumi bəla olan pandemiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə görülən işlərdən də bəhs etdi. Qoşulmama Hərəkatına sədrliyi müddətində beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi istiqamətində əməli addımlar atılacağını bəyan edən Prezident İlham Əliyevin COVID-19 -a qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması təşəbbüsü dəstəkləndi. Videoformatda Zirvə görüşünün keçirilməsi və təşəbbüsün 130 ölkə tərəfindən dəstəklənməsi ölkəmizin bəşəri dəyərlərə bağlılığının nümunəsi idi. Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində xidmətləri olan Hərəkata üzv dövlətlərin pandemiyaya qarşı birgə mübarizəsinə həsr olunmuş həmin görüşdə BMT-nin rolunun gücləndirilməsi qlobal həmrəyliyin nümunəsi kimi
dəyərləndirildi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım edən və 30-dan çox ölkəyə humanitar və maliyyə dəstəyi göstərən Azərbaycan yenə də humanizmə sadiqliyini bildirdi.
Adından da göründüyü kimi Yüksək Səviyyəli İclasda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsinin keçirilməsi, insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşayiət olunan silahlı münaqişələrdən söz açılması planetimizin qorunmasının ümumbəşəri vəzifə olduğunu göstərdi. Bildirildi ki, terror, mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi təhlükələrə qarşı mübarizə bəşəriyyətin qorunması baxımından zəruridir.
BMT-nin yaranmasının 75-ci, Qoşulmama Hərəkatının təməl prinsiplərini əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyinin qeyd olunduğu ilə təsadüf edən Yüksək Səviyyəli İclas bu baxımdan daha əlamətdar hadisə kimi yaddaşlarda qaldı.
Belə mötəbər məclisdə Hərəkata üzv dövlətlər adından danışmaq məsuliyyətini məntiqli çıxışı ilə doğruldan Prezident İlham Əliyev dövlət başçısı və 120 dövlətin birləşdiyi qurumun sədri kimi günümüzün əsas problemlərini diqqətə çatdırdı. Beynəlxalq səviyyədə qəbul olunmuş protokol qaydasına görə ayrılmış vaxt ərzində dünyanın siyasi müstəvisində aktuallığı ilə seçilən problemləri diqqətə çatdırmaq, həlli üçün faydalı təkliflər verib təşəbbüslər irəli sürmək məsuliyyətini qısa, aydın, məntiqli çıxışı ilə doğruldan Prezident İlham Əliyev bir daha liderlik qətiyyətini göstərdi.
Hər iki çıxışında beynəlxalq aləmdə ən böyük nüfuza malik BMT-nin, Baş Assambleyanın canlandırılması, Təhlükəsizlik Şurasında islahatların aparılması çağırışını səsləndirən Prezident İlham Əliyev beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında daha çox məsuliyyət daşıyan BMT-nin qəbul etdiyi qətnamələri müdafiə edən orqana çevrilməsinin zamanının çatdığını bildirdi: «BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.»
Ən böyük bəla olan ikili standartlardan qaynaqlanan, beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə kimi zərərli yanaşmaların yaratdığı narahatlıqları diqqətə çatdıran cənab İlham Əliyev ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəçiliyin yaradılması üçün BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunmasını diqqətə çatdırdı. Sülh və inkişafa dair mürəkkəb çağırışların əks olunduğu sənədlərdən irəli gələn tələblərə əməl edilməsinin vacibliyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti kimi çıxış edən cənab İlham Əliyev əsasən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğalı ilə bağlı yaranan vəziyyətdən bəhs etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə etinasızlıq göstərən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Bütün dünya ictimaiyyətinə bəllidir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı soyqırımını törədən ermənilər qanunsuz məskunlaşdırma siyasətini bu gün də davam etdirirlər. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edən Ermənistan qoşunların təmas xəttinə və Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrindəki azərbaycanlı mülki əhalini bilərəkdən hədəfə alır və təxribatlar törədir. Ermənistanın iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatı, həmin hadisə zamanı həlak olan mülki vətəndaşın ölümünü, təmas xəttini keçməyə cəhd edən və Azərbaycan hərbçiləri tərəfindən yaxalanan Ermənistanın diversiya dəstəsinin başçısının azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsi ilə bağlı planlarını etiraf etməsini xatırladan dövlət başçımız işğala son qoyulmasını, ədalət prinsiplərinin qorunmasını tələb etdi. Bildirdi ki, Ermənistanın baş nazirinin sülh naminə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozması, «Qarabağ Ermənistandır» kimi sərsəm bəyanatlar səsləndirməsi, əsassız şərtlər irəli sürməsi işğalçının beynəlxalq hüquq normalarına məhəl qoymamasını göstərir. Ermənistanın «əlavə torpaqların işğalı ilə bağlı» sərsəmləmələri, mülki ermənilərdən ibarət könüllür dəstəsi yaratması işğalçının təcavüzkar siyasətini davam etdirdiyini göstərir. «Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında «Azərbaycanofobiya»” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və «Azərbaycanofob”» fikirlər əks olunub» sözləri ilə Ermənistanın mənfur niyyətini , faşizmə sədaqətini diqqətə çatdıran Prezident İlham Əliyev mötəbər tribunadan bildirdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın dövlət siyasətinin əsas prinsipləridir. Bu baxımdan təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Ermənistandan fərqli olaraq mültikulturalizmi təbliğ edən, «Bakı Prosesi»ni formalaşdırmaqla ” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirən Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili də Azərbaycanın mədəniyyətlərarası dialoqa mühüm töhfəsidir. Fundamental hüquqların, dini etiqad azadlığının qorunduğu, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdəndir. «2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış «Dayanıqlı İnkişaf Hədəfləri» İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.
İşğalçı, terroru, faşizmi dövlət səviyəsində dəstəkləyən Ermənistandan fərqli olaraq Azərbaycanı dünya birliyində belə uğurlara imza atan qüdrətli ölkə kimi tanıdan Prezident İlham Əliyevin BMT-nin Yüksək Səviyyəli İclasındakı çıxışı liderin dövlət idarəetmə bacarığının, uğurlara nail olmaq üçün əsas şərt olan siyasi sabit ölkə, sağlam cəmiyyət formalaşdırmaq qabiliyyətinin ifadəsi idi. Cənab İlham Əliyev ən yüksək tribunadan qüdrətli Azərbaycanın inkişaf modelini, liderlik məharətinin mənzərəsini yaratdı.
BMT-nin videoformatda keçirilənYüksək Səviyyəli İclasında hər iki çıxışı ilə diqqət çəkən Prezident İlham Əliyev hədəfə hesablanmış, məntiqə əsaslanan fakt və arqumentləri ilə Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyini növbəti dəfə təsdiqlədi. Liderlik üçün vacib şərt olan mahiyyəti, şəraiti vaxtında dəyərləndirmək fürsətindən ağılın, hücüm diplomatiyasının vəhdəti, qüdrəti ilə istifadə etdi. Cəsarəti müdrikliklə birləşdirdi. Analitik düşünmə bacarığını 120 dövləti təmsil etmək məsuliyyəti ilə təsdiqlədi. Rəvan nitqi ilə diqqəti çəkdi. Ən başlıcası isə «Qarabağ Ermənistandır nöqtə» söyləyən Ermənistanın başsız baş naziri Paşinyana dünya dövlətlərinin döyünən ürəyi olan BMT-nin tribunasından «Qarabağ Azərbaycandır nida» mesajını xatırlatdı.
BMT-nin yubiley sessiyasının yaddaqalan məqamlarından biri də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana «ağlını başına yığ» xəbərdarlığını ifadə edən « Biz BMT və ATƏT-in qətnamələrinə uyğun olaraq Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, regionda münaqişələrin, xüsusilə, Dağlıq Qarabağdakı münaqişələrin tezliklə aradan qaldırılmasının tərəfdarıyıq» sözləri oldu. Bu sözlər Türkiyə-Azərbaycan qardaşlığının ən yüksək tribunadan səslənən ifadəsi idi.
Xuraman İsmayılqızı, «İki sahil»