16 yanvar 2019 10:42
780

İki Mehmanın bir ağası: “beşinci kolon”a yeni tapşırıqlar

Belə şeyləri keçən əsrin 90-cı illərindən görə-görə gəlirik. Azərbaycan hər dəfə uğurlu addım atdıqda, müxtəlif istiqamətlərdən və dairələrdən ona qarşı iftira, böhtan, qarayaxma kampaniyasına başlayırlar və... başları daşa dəyir. Bu dəfə də 2018-ci ili daxili və xarici siyasət sferalarında çox uğurlu keçirən Azərbaycana qarşı “qara piar” kampaniyasına başlayıblar. Qarşıda Avropa Parlamentinin qış sessiyası dayanır. Bundan kimlərsə istifadə etməlidir, axı? Tapdılar: konkret cinayət əməlinə görə həbsdə olan bir bloger! Süni bir oyun qurub, hay-küyə başladılar ki, Azərbaycanda hər kəsin hüququ pozulur, burada despotizm var, siyasi məhbuslar ölür, dissidentlər qırılmaqdadırlar... Özlüyündə köhnə mahnıdır, ancaq hazırda regionda və dünyada cərəyan edən geosiyasi proseslər fonunda bir sıra məqamlar üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Müstəqilliyin düşmənləri: onlara Azərbaycanda niyə züy tuturlar?

Azərbaycan müstəqillik əldə edəndən zaman-zaman ona qarşı qarayaxma kampaniyası aparılır. Bu, o dərəcədə çox olub ki, psixoloji olaraq artıq alışmışıq. Həm də bu kimi cəhdlərin hamısı puç olduğundan, ictimai psixologiyada sinxron müqavimət formalaşır. Əksər insanlar isə fikir belə vermir. Ancaq bu dəfə xaricdən verilən əmrlə elə hadisələr başladı ki, onların arxasında dayanan məqamları oxuculara aydınlaşdırmaq lazım gəlir.

Həmişə olduğu kimi, bu dəfə də sosial şəbəkədən başladılar. Görünür, Soros və onun kimilər bəzi ölkələrdə (məsələn, Ermənistan və ya Gürcüstanda) sınaqdan çıxardıqları və uğur qazandıqları üsulları Azərbaycanda da tətbiq etmək həvəsinə düşüblər. Son olaraq, Ermənistanda blogerlərin, jurnalistlərin, məhbusların əli ilə çaxnaşma yaratdılar və hakimiyyətə “küçə demokratı”nı gətirdilər. Nəticəsi göz qabağındadır: Ermənistan bütün sahələrdə can verir.

Azərbaycan fərqlidir. Burada insanlar daha ayıqdırlar. Çünki ermənilərdən fərqli olaraq, azərbaycanlıların qədim dövlətçilik ənənəsi vardır. Tarixdə 16 imperiya qurmuş Türk Milləti haqqını kimsəyə yedirtməz və dövlətini qoruyar! İnanın, xaricdəki bir sıra dairələri Azərbaycana qarşı daha amansız və sərhədsiz dərəcədə həyasız edən başlıca məqam da bundan ibarətdir. Onlar uzun illərdir ki, bu məmləkəti, milləti, cəmiyyəti parçalamaq, dövlətin müstəqilliyini tarixin arxivinə atmaq üçün dəridən-qabıqdan çıxırlar. Ötən əsrin 90-cı illərində bu kimi cəhdlərə qarşı millət Ulu öndər Heydər Əliyevi siyasi meydana çıxardı. Ümummilli lider qısa zamanda düşmən planlarını alt-üst etdi. Eyni zamanda, müstəqil dövlətçiliyin mükəmməl inkişaf kursunu hazırladı, özünə siyasi varis yetişdirməyə başladı.

Heç kim unutmayıb ki, 1994-1995-ci illərdə Azərbaycanda dövlətçiliyin hələ tam möhkəmlənmədiyi bir mərhələdə dövlət çevrilişlərinə cəhdlər oldu. Azərbaycan hakimiyyəti onları məhv etdi. Rusiya həmin dövrdə Azərbaycana qarşı olmazın təxribatlara əl atdı. Ulu öndərin siyasi iradəsi və müdrikliyi Kremli cilovladı. İndi Rusiya Azərbaycanı özünə strateji tərəfdaş hesab etməkdən məmnunluq duyduğunu etiraf edir.

Qərb də kifayət qədər antiazərbaycan fəaliyyətdə bulundu və hazırda bu proses davam edir. Açıq deyək ki, bu dalğa Amerikadan da, Avropadan da gəlir. Xatırlayın, Azərbaycan mühüm beynəlxalq tədbir keçirəndə, hansısa enerji layihəsini reallaşdırmağa başlayanda, Qərbin müxtəlif paytaxtlarından “cükküldəşənlər” peyda olub. Məsələn, “Avroviziya” ərəfəsində Bakının küçələrində “hüquqları pozulmuş pişiklər” axtarmadılar? Və yaxud separatçı Əlikram Hümbətovdan etnik qəhrəman düzəltmək cəhdi olmadımı? Konkret bir cinayətə görə həbs edilənləri “siyasi məhbus” kimi qələmə vermədilərmi? Adları azərbaycanlı olan, ancaq əsl kimlikləri qeyri-müəyyən “insan haqları fədailəri” aranı qatmaq üçün min hoqqa çıxarmadılarmı? Onlar Azərbaycan vətəndaşı ola-ola, azərbaycanlıların deyil, işğalçının hüquqlarından danışmadılarmı?

Bütün bunların hamısı oldu və onlara “beşinci kolon” deyirlər. Əsl vəzifələri xaricdəki ağalarına yaxşı nökərlik etməkdən ibarətdir. Bütün fəaliyyətləri ilə Azərbaycan dövlətinin mənfi obrazını yaratmağa çalışırlar. Özlərinin dərdləri pul qazanmaq və ya imkan olsa vəzifə almaqdır. Ağalarının dərdləri isə müstəqil və demokratik Azərbaycan dövlətçiliyini zəiflətməkdən ibarətdir. Hər iki qrupun arzuları gözlərində qalır və həmişə belə olacaq! Bu millət Dövlətini, Vətənini, Prezidentini uca tutur!

Kənardan asılı olanlar: cəmiyyət onları qəbul etmir

İndi də ortaya iki uğursuz Mehmanı atıblar. Biri haqqında deyirlər ki, aclıq edir, o birisi də buna göz yaşı tökür. Xaricdəki ağaları da dərhal “Vaşinqton Post”da hay-küy qaldırırlar. Deməzsənmi, Azərbaycanda 10 “jurnalist” və 150 “siyasi məhbus” varmış. Ayıq adamlar üçün isə “beşinci kolon”un “quyruğu” məhz bu informasiyada görünür. Küçədə qarışıqlıq Ermənistanda olur, orada N.Paşinyan gündə bir adamı həbs etdirir, Fransada polis “sarı jiletlilər”ə qan uddurur, hətta onların xaricdən idarə edildiyini deyir, Almaniyada etirazçıların üstünə it salırlar. Belçikada polis köpəyi yerə yıxılmış bir türkün üstünə qısqırdır, Amerikada küçədə getdiyi yerdə zənci oğlanı polis güllələyir, Suriyada böyük dövlətlərin havadan atdıqları bombalar uşaqları, qadınları məhv edir və bütün bunların adı... “demokratiyanın müdafiəsi”, “terrorla mübarizə”, “vətəndaşın təhlükəsizliyinin təmini” imiş...

Avropanın demokratik sayılan ölkələrində miqrantları heyvanların saxlandığı dəmir hücrələrə yerləşdirir, onlara itə sümük atılan kimi yemək atırlar. Bunun da adı “Avropa cəmiyyətlərinin vəhşilərdən qorunması” olur. Avstriyada, İtaliyada siyasilər açıqca islamofobiyanı ifadə edən fikirlər səsləndirirlər, cəmiyyətdə konkret olaraq müsəlmanları sıxışdırır, oraya gedən hər kəsdən avropalı olmağı tələb edirlər (bunun üçün zor da işlədirlər) və bütün bunların adı... qloballaşma olur!

Ancaq müsəlman və ayrıca türk dövlətlərinə gəlincə, eyni məsələlərdə ritorika tam dəyişir. Məsələn, Türkiyə və ya Azərbaycanda dövlətçiliyi, müstəqilliyi qorumağa yönəlmiş hər hansı hakimiyyət addımını insan haqlarının pozulması kimi qələmə verməyə çalışır, bunun üçün bədnam “azlıqların hüquqları” kimi ifadədən istifadə edirlər. İndi “Vaşinqton Post” utanmadan yazır ki, Azərbaycanda dissidentlər həbsxanalarda yatırlar.

“Dissident” - “narazı olan”, “razılaşmayan” deməkdir. Bu nöqtədən dissidentin mövqeyi ümumi qəbul edilmiş mövqedən kəskin fərqlənə bilər. Azərbaycanda bu maddə üzrə bir nəfər belə həbs edilməyib. Onların hamısı konkret təxribatçı fəaliyyətə və ya cinayətə görə məhbusluqdadırlar. Və dünyanın istənilən ölkəsində bu, belədir.

Məsələn, Fransada “sarı jiletlilər”dən neçə nəfəri həbs edilib? Onları hansı Avropa ölkəsi dissident adlandırıb və bu əsasda hansı beynəlxalq qurum ittiham irəli sürüb? Yaxud Ermənistanda N.Paşinyan siyasi rəqiblərini həbsə atıb. Ona hansı beynəlxalq təşkilat və ya “demokrarik Avropa” ölkəsi “dissidentləri həbsə atırsan” iradını bildirib? Səsləri çıxmır. Amma Azərbaycanda həbsdə olan Mehman adlı bir bloger aclıq etmədiyi halda hay-həşir salırlar ki, acından ölür, ölməkdədir və ya artıq ölməyə hazırlaşır. Bununla bərabər, başqa bir Mehman müsahibə verir ki, “Azərbaycanda iqtidar xalq birliyi hardadır”!

Yaxşı, kimsə aclıq edirsə (fərz edək), onda hakimiyyətlə xalq bir deyil? Terminoloji naşılığı bir kənara qoyuruq, ancaq fakt kimi də gülünc iddiadır. Və dərhal aydın olur ki, burada başqa məqsəd var. Məqsəd odur ki, yanvarın 21-25-də Avropa Parlamentində qış sessiyası başlayır. Və orada Ermənistanla Gürcüstanın məsələsinə baxılacaq. Heyhat, Azərbaycanda sabitlik və inkişaf mövcuddur. Ermənistanda siyasilərin həbsə atılmasını, Gürcüstanda seçkinin saxtalaşdırılmasını ifadə edən faktlar ortaya çıxsa, onda Azərbaycan oazis olur ki! Buna qətiyyən yol vermək olmaz. Ona görə də həbsdəki Mehmanın Avropadakı rusdilli (hər halda Xocalı soyqırımı ilə bağlı verilən suala o, rusca laqeyd və lağ-lağı çalarlı məzmunda cavab vermişdi) qardaşı vasitəsi ilə təlimatlar göndərilib. Sonrası hamıya məlumdur. Əkrəmlər, rüstəmlər, mehmanlar, cəmillər, əli kərimlilər və s... səs çıxarırlar.

Lakin bu dəfə də keçmədi. Azərbaycan cəmiyyəti iqtidarla həmrəy olduğunu tam olaraq növbəti dəfə sübut etdi. Bunu “narazılara” dəstək verməməklə, küçələrə çıxmamaqla və sabitliyə üstünlük verdiklərini deməklə nümayiş etdirdilər. İndi “aclıq” edən yemək, “beşinci kolon” isə tənbeh yeyir! İlk tənbehi Azərbaycan xalqı verdi, sonra isə “beşinci kolon”un ağaları. Buradakı əlaltılarını əfəl adlandırıb, “bir şey edə bilmirsiniz” - deyə, danlayırlar. Hər kəs birdəfəlik anlamalıdır: reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti ayıqdır, öz dövlətinin və müstəqilliyinin qədrini bilir. Kimin hansı oyunu apardığını anlayır. Artıq bizi aldada bilməzlər. Ona görə də kim hansı havaya istəyir oynasın - Azərbaycan müstəqillik yolunda daha sürətlə inkişaf edəcək!

Newtimes.az