KÖŞƏ

Rəşid Faxralı

“İki sahil”in üstünə söz kölgəsi düşməyib!..

10 iyul 2020 10:28
8138

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra siyasi müstəvidə, bu baxımdan mətbuatda da böyük yeniləşmələr müşahidə olunmağa başladı. Bu yeniləşmə təkcə forma yeniləşməsi deyildi, həm də əsaslı məzmun yeniləşməsiydi. Yeni düşüncə tərzi yeni mətbuat kimi təzahür edirdi. Yaranan qəzetlər təkcə say artımı deyildi, həm də Azərbaycan jurnalistikasında demokratik mərhələnin başlanğıcı idi. Bu başlanğıc həm də imperiyanın qadağalar sisteminin dağılması ilə yeni düşüncə sisteminin formalaşmasının başlanğıcı oldu. Yeni jurnalistika milli-azadlıq hərəkatının işığında müstəqilliyin jurnalistikasıydı. Yaranan qəzetlər də 71 illik mübarizənin ideoloji cəfakeşi kimi fəaliyyət göstərməliydi. Belə qəzetlər xalqın qəzeti oldu.

Söz azadlığı ifadəsi doğru sözə, dürüst sözə qadağaların çiliklənməsi kimi anlanılmalıdır. Sözə nəzarət (senzura) 1998-ci ilin avqustunda götürüldü, digər ciddi qəzetlər kimi “İki sahil” də fəaliyyətini “Azad söz dövlətçiliyin möhkəmləndirilməsi üçündür” tezisiylə davam etdirdi.

 “...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz...”. Həsən bəy Zərdabi ustadımızın bu kəlamı 145 ildi sözü müqəddəslik mərtəbəsində dərk edənlərin də, yaşadanların da sözə sədaqət andıdır. “İki sahil” belə yarandı, belə sevilir, belə sevdirir, belə yaşayır, belə yaşadılır.

Azərbaycanda milli azadlıq hərəkatı milli ruhun zamana hesabatıydı. İmperiyanın zənciri məhz Azərbaycanda qırıldı; rus imperiyası son nəfəsini Azərbaycanda çəkdi. Bu süqut 1920-ci ilin aprel ayının 28-nin dar ağacı oldu. “İki sahil” nəşrə başladığı gündən - 1991-ci ilin iyul ayının 10-dan Azərbaycan dövlətçiliyinin söz mühafizəkarlarından olub; bəd niyyətlərə, bədniyyətlilərə sözüylə sipər çəkib, “Mən Azərbaycanlıyam!” qürurunu yaşayanların sözünə söykək olub.

Hər qəzetin öz oxucu auditoriyası olur. Bu, dərc edilən məqalələrin məzmunu, faktın (faktların), fikrin (fikirlərin) hansı janrda təqdim edilməsi, milli mentalitetə sədaqəti, ... ilə müəyyənləşir. Bu amillərin təsiriylə qəzeti oxuyanın oxucuya çevrilməsi həm fəlsəfi, həm də mənəvi prosesdir. Bu baxımdan qəzet ciddi qəzetdirsə, dürüst sözün xiridarıdırsa, hər sayından sonra oxucusu (oxucuları!) artır; “İki sahil”in oxucu dünyası həsəd aparılacaq dərəcədə genişdir. “İki sahil”i ürəyinin gözü ilə oxuyanlar bu tezisin dürüstlüyünə zərrəcə şübhə etməyəcək...

Bu prosesi dürüst söz səviyyəsində izləyənlər “ağı qaradan ayırd edə bilir”. Sözü sözdən seçənlər “qaraya qara deməsə də” “ağın işığını” Günəşin işığının zərrəsi bilir. Gündəlik ictimai-siyasi qəzet olmaqla 29 ildi sözün cəfasını çəkir “İki sahil”. Onun dürüst sözü dövlət üçündü, dövlətçilik üçündü, Vətən üçündü, azərbacançılıq üçündü...          

Sözün işığı görünmür, duyulur, hiss edilir. Onu ürəyinin gözüylə baxanlar görür. Azərbaycan jurnalistikasında “İki sahil”in boyu kifayət qədər aydınlığıyla görünür.

“İki sahil” 29 ildi sözə yaşantıların üzərliyi deyənlərin söz sirdaşıdır. Milli-xəlqi ruhun daşıyıcıları, milli-xəlqi ruhun yaşadılma, mətbu cəfakeşləri “İki sahil”də dərc edilənlərin məzmununa görə, üslubi özünəməxsusluğuna görə, dövlətçiliyə təəssübkeşliyinə görə, milli-xəlqi ruhun söz mücrüsünə bənzərliyinə görə düşüncələrin göyqurşağına döndü. “İki sahil” sözün kölgəsində nəfəs dərmədi, söz yolunun yorulmazlarından biri kimi başlanğıcdan əbədiyyətə yol gedir. Qəlbitəmizlər onu həftədə 5 dəfə, ayda 20 dəfə, ildə 240 dəfə uğurlayır. Hər oxucunun bir ürək tutumunca qüruru 29 ildir aydınlıq suyunu əvəzləyir...

29 ildə “İki sahil” də sözün bəsitləşməməsi, künələşməməsi üçün dönməzlərdən olub. Bir mütəfəkkirin kəlamı unudulan deyil: “İlahi, məni sözü anlamayanların sözündən qoru”. Bu kəlam sözü ömür bilənlərin ümumi duasıdır. İlahi “İki sahil”i sözü anlamayanların söz daşından qorudu, indi də qoruyur...

“İki sahil” məlum cığırların yolçusu olmadı, könül sirdaşlarının da cığırıyla getmədi. Səmimiyyətlə, “Söz yolum, düz yolum, öz yolum” düşüncəsiylə özünə yol açdı. Bu yol çağdaş jurnalistikamızda adı ehtiramla çəkilən yollardandır...

“İki sahil” kimsənin “bostanına daş atmadı”, dövlətçiliyimizə xor baxanları, yadların “turş ayranına bal, öz ayranımıza turş” deyənləri, Eldar Baxış demişkən, “xırda budaqların üstə oturub böyük budaqları silkələyənləri” xalqa tanıdıb. Bu onun yerinə yetirdiyi gərəkli mətbu missiya olub.

“İki sahil”in üstünə söz kölgəsi düşmədi, istidə-bürküdə sözü söz sərraflarına kölgəlik oldu...

“İki sahil” bu illərdə sözün urvatına pərsəng olmadı, sözü urvatlı tutanlar “İki sahil”in ünvanına “Sözü belə urvatlı tutarlar!” dedi...

“İki sahil” sözün salavatından sallananların deyil, həmişə Füzulimizin “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” kəlamını uğuruna salavat bilənlərin sırasında olub...

Sözün yükünü çəkməyə gücü çatmayıb sözə yük olanlar sözün cəfasını çəkmir, sözün səfasına həvəsiyir. “İki sahil” həmişə sözün cəfasını çəkib...

El məsəli var: “Filan şeyi görəsi gözüm yoxdur”; sayılan mətbu orqan olmaqla “İki sahil”in haqsızlığı görəsi gözü yoxdur, həmişə həqiqətin yanında olub. Buna görə var səsimizlə deyə bilərik ki, sözdən güc alanların qəzeti olan  “İki sahil” həqiqətsevərlərin qəzetidir...

Ömrünü sözə verənlər sözə ömür verir. “İki sahil” sözə ömür verə-verə illəri ömürləşdirir...

“İki sahil”i ürəyinin gözüylə oxuyanlar əmin olur ki, sözdə bağayarpağılıq da var. Ermənistanın Azərbaycandan ərazi iddiası, bu səbəbdən başlayan müharibə ilə az qala yaşıddı “İki sahil”. Ağrı-acıların, Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun yaşıdıdı “İki sahil”. Yaşıdı olan ağrı-acılardan, qəhərdən, sızıltılardan, Azərbaycan əsgərinin qəhrəmanlığından, şəhidlikdən, şəhidlərdən yazır, bu yazılar vətənpərvərliyin Vətənə söz təsəllisidir; “İki sahil” vətənsevərlərin, vətənsevərliyin qəzetidir...

Yüzlərlə Ömərlər sözü söz yanına düzdü, ancaq Ömər Faiq olmağa qüdrəti çatmadı. Yüzlərlə, minlərlə Mirzələr, Cəlillər poçt qutularına yüzlərlə, minlərlə məktub atdı, “Poçt qutusu”nun mətləbini dərk edə bilmədi. Duyanlar duyur ki, Ömər Faiqin, Mirzə Cəlilin ruhunun xeyir-duası həm də sözü Faiqlərin, Mirzələrin adına layiq dəyərləndirən “İki sahil”ə də ünvanlanıb. Bununla qürurlananlara söz sərrafı deyirəm və qərarımda israrlıyam.

Doğru sözü günüləyənləri, küt sözüylə doğru sözü künd eləyənləri “İki sahil” özünə də, ruhumuza da ögey bilir, hər sadə, mürəkkəb cümləsinin əzəl mübtədası Azərbaycan olanları doğması, əzizi, doğmamız, əzizimiz bilir. “İki sahil” bu səbəbdən çağdaş jurnalistikamızın ehtiram ünvanlarındandır...

“İki sahil” bəşəri dövlətin bəşəri qəzetidir...

“İki sahil” tolerant dövlətin tolerant qəzetidir...

“İki sahil” azərbaycançılığın qəzetidir...

“İki sahil”in üstünə bundan sonra da söz kölgəsi düşməyəcək!..

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?