12 sentyabr 2019 10:47
1195

İkili standartlar siyasətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsiri

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin indiyə qədər öz həllini tapa bilməməsinin əsas səbəblərindən biri məhz bu problemin BMT və ATƏT kimi beynəlxalq təşkilatların ikili standartlar siyasətinin girovuna çevrilməsidir. Xüsusilə münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin aradan qaldırılması üçün uzun illərdir hər hansı bir irəliləyişə nail ola bilməmələri, əvəzində hərbi təcavüzkar olan Ermənistanla işğala məruz qalmış Azərbaycana eyni mövqedən yanaşmaları bu təşkilatın beynəlxalq hüququn tələblərini, haqqı və ədaləti nə vaxtsa bərpa edəcəyinə olan bütün ümidləri heçə endirir.

Politoloq Nəzakət Məmmədova mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının başlıca səbəbi əlbəttə ki, beynəlxalq hüquqa saymazyana münasibət, dünya siyasətində mövcud olan ikili standartlar və bu şəraitdən ermənilərin məharətlə yararlanmasıdır: “Hazırda dünyadakı real vəziyyətin yaratdığı “əlverişli” şərait ermənilərin məkrli xisləti ilə uyğunluq təşkil edir. Ermənilər daim istənilən şəraitə uyğunlaşmağa, yaranmış vəziyyətdən öz mənafeləri naminə istifadə etməyə çalışıblar və bu prinsip indi də dəyişilməz olaraq qalır. Beynəlxalq təşkilatlar əslində bir qayda olaraq beynəlxalq hüququ, habelə öz nizamnamələrini əsas götürməli olduqları halda daha çox orada söz sahibi olan böyük dövlətlərin, lobbilərin maraqlarının icraçısı kimi çıxış edirlər. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrdə mövcud olan erməni lobbi qrupları qeyd etdiyimiz kimi, bundan bacarıqla istifadə edirlər. Məsələn, ABŞ-da lobbiçilik fəaliyyəti ölkənin xarici siyasətinə təsir edə bilən əsas fəaliyyət növlərindən biridir. Emənilər böyük maliyyə vəsaitləri xərcləyərək lobbi qruplarını işə salırlar və istədikləri məqsədlərə də təəssüf ki, əksər hallarda nail olurlar. Eyni zamanda ermənilərin böyük bir qismi bildiyimiz kimi, Osmanlı imperiyasından köçüb getdikdən sonra bir çox ölkələrdə məskunlaşaraq oranın vətəndaşlarına çevrilmişlər. Emənilər vətəndaş olaraq məskunlaşdıqları ölkələrdə keçirilən seçkilərdə onların səslərinə ehtiyac olduğundan bir çox siyasətçilərə müəyyən vədlərin müqabilində səs verirlər. Bu vədlər əsasən Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsi, onun işğalçılıq fəaliyyətinə bəraət qazandırmaqdan ibarətdir. Ermənilərin Avropa ölkələrində, xüsusilə də Fransada, Yaxın Şərq ölkələrində, Livanda, Suriyada, Fələstində güclü fəaliyyətləri nəzərə çarpır. Eləcə də Latın Amerikası ölkələrində - Uruqvayda, Argentinada güclü erməni lobbiləri vardır ki, onlar bu lobbilərdən öz məqsədləri naminə hər zaman geniş istifadə edirlər”.

“Kiçik bir Ermənistanın Cənubi Qafqazdakı özbaşınalığı, saymazlığı, işğalçılıq fəaliyyəti ona olan böyük dəstəklə bağlıdır. Dünyanın ən müxtəlif ölkələrindəki erməni lobbiləri kiçik, amma ambisiyaları böyük olan işğalçı bir ölkəni dəstəkləyir, onu beynəlxalq təşkilatlarda Azərbaycanla eyni bir tərəziyə qoymağa nail olurlar. Buna görə də onlar bizim ədalətli, prinsipial mövqeyimizə qarşı öz ədalətsizlikləri, lobbiçilik fəaliyyətləri, böyük maliyyə ilə, siyasətçiləri ələ almaqla tarazlıq yarada biliblər. Buna görə də bu münaqişə həllini tapa bilmir”, deyə politoloq bildirdi.

Politoloqun qənaətinə görə, Dağlıq Qarabağ münaqişəsinin indiyədək ədalətli şəkildə öz həllini tapmamasında dünyada söz sahibi olan, dünya siyasətinə təsir edən, beynəlxalq hüququn həyata keçirilməsinin təminatçısı olan bütün dünya ictimaiyyəti məsuliyyət daşıyır: “Xüsusilə də böyük güclərin, dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların burada məsuliyyəti böyükdür. Hər bir həlak olan əsgərə, hər bir ölən dinc vətəndaşa, ümumiyyətlə itirilmiş hər bir insan həyatına görə onlar məsluliyyət daşıyırlar. Çünki onlar imkan vermirlər ki, Azərbaycan öz ərazisini hərb yolu ilə geri qaytarsın. Ona görə də münaqişə sülh yolu ilə həllini tapmadıqca, atəşkəs pozulduğu, müharibə qorxusunun olduğu hər gün sülhün uduzduğu, sülhün itirildiyi gündür”.

Mənsumə Babayeva,

“İki sahil”