24 oktyabr 2019 19:40
1487

İlham Əliyev: İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir

Dövlətimizin başçısı Mikayıl Cabbarovun yeni vəzifəyə-İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən yeni-yeni hədəfləri stimullaşdıran Dövlət proqramlarının uğurlu icrasının, təkmil islahatların, inkişafa, tərəqqiyə xidmət edən kadr islahatlarının, şəffaflığın təminatının dayanıqlı inkişafa geniş yol açdığını əsaslı şəkildə diqqətə çatdırmışdır

Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavabında bildirmişdi ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq: “Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.” Dövlətimizin başçısı İlham Əliyevin proqram xarakterli bu müsahibəsindən  16 ildən artıq vaxt keçir. Qarşıdakı dövr üçün prioritetləri açıqlayan cənab İlham Əliyev onların gerçəkliyə çevrilməsi üçün birinci mərhələdə möhkəm bazanın yaradıldığını diqqətə çatdırmışdır.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətinin əsası idi. Müəllifi olduğu neft strategiyasının, eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq və ədalət prinsipinin təminatı missiyasını yerinə yetirən Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına mühüm sosial-iqtisadi layihələrin uğurlu icrası nəticəsində bu gün Azərbaycan qeyri-neft sektoru sahəsində mövcud imkanları ilə də dünyanın diqqətindədir.

Dövlətimizin başçısı İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən Azərbaycanın uğurlarından, qarşıdakı dövr üçün hədəflərdən bəhs edərək “İndiki dövrü mən şərti olaraq postneft dövrü adlandırardım” söyləyərək qeyd etmişdir ki, bu sahədə nə lazım idisə gördük. BTC və BTƏ neft-qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bu layihələrin faydasını biz və gələcək nəsillər görəcək. İqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq. Cari ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artıb. Qeyri-neft sektorunda artım 3,5 faizdir. Kənd təsərrüfatı 7, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Dayanıqlı inkişafın təmin edilməsi üçün ciddi islahatların aparılması əsas hədəflərdən biri kimi qarşıya qoyuldu: “İslahatlara alternativ yoxdur... Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.”

Uğurlara yol açan düşünülmüş və məqsədyönlü siyasət, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları, ənənəyə uyğun olaraq hər ilin bir sahələnin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Enerjidən asılılığın minimuma endirilməsi məqsədilə regionların potensial imkanlarından səmərəli istifadə olunması, bunun üçün 2004-2019-ci illər ərzində üç Dövlət proqramının uğurlu icrası, cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqlənməsi ölkə ictimaiyyəti tərəfindən dəstəklənən və yüksək ab-hava yaradan, hədəflərin, irəli sürülən təşəbbüslərin gerçəkləşməsində əsas rol oynayan sənədlər sırasındadır. Mütəmadi olaraq bölgələrə səfər edən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı biri-birindən önəmli sərəncamlar imzalanıb. Hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da regionların inkişafının prioritetliyindən irəli gəlir.

Statistikaya diqqət yetirək. Üç Dövlət Proqramının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin formalaşdırıb. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə səsləndirilən rəqəmlər 2019-cu ilin öncədən də proqnoz edildiyi kimi, tarixə sosial-iqtisadi islahatlar kimi yazılacağına bir daha aydınlıq gətirdi. Əsas diqqət göstərilən məsələlərdən biri sahibkarlığın inkişafı istiqamətində atılan və atılacaq addımlar oldu.

Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qaygı, özünüməşğulluğun təminatı da günümüzün əsas çağırışlarının tərkib hissəsidir. Sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb. Tələb budur ki, daxili bazarımız, yerli istehsal qorunsun, inhisarçılıq hallarına qarşı mübarizə gücləndirilsin, rəqabət qabiliyyətli məhsulların istehsalı artırılsın. Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni maneələrin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində korrupsiya hallarına qarşı mübarizə gücləndirilir. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulur, dövlət dəstəyi gücləndirilir. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, onun cəmiyyət həyatında rolunun artırılması bu məqsədə xidmət edir ki, Azərbaycanın dinamik inkişafı davamlılığını qorusun. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda da bu məqamlara xüsusi diqqət yönəldərək görülən işlər fonunda bildirmişdir ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Biz də çalışmalıyıq ki, elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin.

Regional inkişaf proqramlarının uğurlu icrası, qeyri-neft sektorunun sürətli inkişafı perspektivlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu baxımdan Prezident İlham Əliyev daim çıxışlarında, xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlarından geniş bəhs edərək, iş adamlarını bu istiqamətdə investisiya yatırmağa çağırır. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev bildirir ki, əlbəttə, bütün bu işləri görərkən, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq əsas prioritetlər sırasındadır. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, əgər sovet vaxtına nəzər salsaq görərik ki, o vaxt bölgü aparılırdı. Azərbaycanda üzüm, pambıq, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma, dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olunacağına əsas yaradır. Uğurlarımızda regional inkişaf proqramlarının rolunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev özlüyündə ortaya çıxan “Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik” sualına cavab olaraq bildirir ki, ilk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər infrastruktur layihələrinə vəsait qoyulmasaydı, heç bir inkişafdan söhbət gedə bilməzdi.

2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Onlarla elektrik stansiyası tikilib istifadəyə verilib. Azərbaycanda qazlaşdırma 95 faizə çatıb. Yol infrastrukturunun müasir standartlara cavab verməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə hər səfərində, eyni zamanda, səfərdən sonra imzalanan sənədlər sırasında yol layihələri əsas yer tutur. Yüzlərlə kəndi birləşdirən yeni yol layihələri öz növbəsində bu günümüzün əsas tələbi olan sahibkarlığın inkişafı imkanlarını artırır.

Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. “Sahibkarlığın inkişafına xidmət edən mühüm addımlardan biri kimi “ABAD” mərkəzlərinin, eyni zamanda, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə DOST Agentliyinin yaradılması və ilk DOST mərkəzinin açılışı Azərbaycan brendi kimi tanınan layihələrin davamlılığından xəbər verir. Bu il 7 min ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.

“Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı yaratdı. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdə, orta pensiyanın səviyyəsinə görə üçüncü yerdədir.

Uğurlu nəticələr bu qənaətə əsas verir ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar dayanıqlı iqtisadi inkişafın, ölkədə şəffaflığın, əlverişli biznes mühitinin təmin edilməsi, inkişafı əngəlləyən neqativ halların aradan qaldırılması məqsədini daşıyır.

Yeganə Əliyeva, “İki sahil”