13 noyabr 2019 19:55
779

İlham Əliyev: “Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır”

Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində iqtisadi sferada göstəricilər yüksəlib ki, bu da  vətəndaşların rifah halına müsbət təsir göstərib. Sürətlə gedən sosial-iqtisadi inkişaf dünyanın nüfuzlu reytinq agentliklərinin qiymətləndirmələrində də yer alıb.  “Fitch Ratings” - beynəlxalq agentliyinin hesablamalarına görə, Azərbaycan sabit inkişaf tempinə görə Cənubi Qafqazda birinciliyi qazanıb. Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında isə ən islahatçı 20 ölkə sırasına daxil edilib.

Artıq ugurlu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir, xarici investisiyalar üçün münbit şərait yaranır. 2015-ci ildən etibarən start götürən dərin iqtisadi islahatların davam etdirilməsi vətəndaşların sosial rifah halının daha da yüksəlməsinə müsbət təsir göstərib. İslahatların tərkib hissəsi olaraq 2019-cu ilin əvvəlindən əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılır. Sosial islahat paketi minimum əməkhaqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi 3.9 milyard manat maliyyə yükü ilə 4.2 milyon nəfəri əhatə edib. 2019-cu  il ərzində minimum əməkhaqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Azərbaycanda minimum əməkhaqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar.

Sosial islahatlar paketinin digər istiqaməti isə əmək pensiyalarının artırılması ilə bağlıdır ki, burada da MDB ölkələri üzrə minimum pensiya göstəricilərinin beynəlxalq dollar ifadəsində müqayisəsi üzrə Azərbaycan ilk sıradadır. Rəqəmlərə nəzər salmaqla inkişafın göz qarşısında olması açıq-aşkar görünür. Ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata çatdırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Ümumilikdə 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edəcək. Hazırda inflyasiya həddi 2,6 faiz təşkil edir və  sosial paketin  dövriyyəyə cəlb etdiyi maliyyə vəsaitləri  yüksək rəqəmli  inflyasiya ilə nəticələnməyəcək.

Məhz sadaladığımız faktlardır ki, Azərbaycanın adı dünyanın nüfuzlu beynəlxalq reytinq agentliklərinin qiymətləndirməsində yer alır. Belə ki, “Fitch Ratings” - agentliyinin BB+ qiymətləndirmə cədvəlində sabit inkişaf tempinə görə Azərbaycanın Cənubi Qafqazda birinci yeri tutması heç də təsadüfi deyil. Ölkədə aparılan inqilabi islahatlara verilən pozitiv  dəyərləndirmənin daha bir nümunəsi isə Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsidir. Həmin hesabata əsasən, Azərbaycan “Doing Business” üzrə dörd sahə istiqamətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.

Hər iki hesabatda beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makroiqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyllər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb, geniş mənada isə ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaradıb. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olub. Bundan başqa, dövlət xidmətlərinin elektron olaraq əlçatanlığın təmin edilməsi də Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə birbaşa təsir göstərib. Bütövlükdə son hesabatlar bir daha  göstərir ki, Azərbaycan növbəti dövrlərdə də sosial-iqtisadi sahədə islahatları uğurla davam etdirəcək.

Azər Qismət