19 fevral 2020 18:20
1329

İlham Əliyevin debatdakı çıxışı Azərbaycanın böyük diplomatik qələbəsidir

Elman Nəsirov: Münxendə keçirilən debatda Prezident İlham Əliyev Ermənistanın baş nazirinə tarix, siyasət, hüquq dərsi keçib və özünün nə qədər mahir diplomat olduğunu ortaya qoyub

“Münxendə keçirilən debatda Ermənistanın baş naziri Nikol Paşinyan heç bir əsası olmayan, real faktlara söykənməyən arqumentlər gətirməyə cəhdləri ilə gülüş doğurub”. Bu fikri siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, müzakirənin gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb: "Bu konfransda səslənən fikirlər müəyyən vaxtdan sonra həyata keçirilə biləcək layihələr üçün sanki bir anons olur. Burada böyük dövlətləri təmsil edənlərin səsləndirdiyi fikirlər əslində həmin ölkələrin təhlükəsizlik aspektində nə edəcəklərinin bir növ reklamı olur. Bu nöqteyi-nəzərdən beynəlxalq ictimaiyyətin bu konfransa və orada müzakirə olunan məsələlərə çox böyük diqqəti olur. Məsələyə bu məntiqlə yanaşdıqda, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə həsr olunmuş bir panelin keçirilməsi şübhəsiz ki, həm KİV-nin, həm də bütünlükdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan hadisəyə çevrilib”.

 E.Nəsirov deyib ki, Münxendə keçirilən debatda Prezident İlham Əliyev Ermənistanın baş nazirinə tarix, siyasət, hüquq dərsi keçib və özünün nə qədər mahir diplomat olduğunu ortaya qoyub. Onun sözlərinə görə, bunun qarşılığında Paşinyanın hazırlıqsızlığı, həmçinin tarix, hüquq, siyasi biliklərinin sıfır səviyyəsində olduğu üzə çıxıb: "Məlum oldu ki, Paşinyan yalnız inqilab etmək üçün bəyanatlar verməyi bacarır. Amma reallıqda olduqca zəif bir siyasətçidir. O paneldəki müzakirələrə baxan hər bir insan bu qənaətə gəlir. Ermənistan ictimaiyyəti də artıq bu qənaətdədir. Halbuki, ermənilər öz baş nazirlərinin hazırlıqsız, bacarıqsız və Azərbaycan Prezidentinin qarşısında bu qədər sönük vəziyyətdə olduğunu əvvəllər təsəvvür belə etməzdilər. Lakin indi bu barədə bütün Ermənistan mətbuatı yazır. Münxendəki müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev Paşinyana tarix dərsi keçdi və ilk növbədə faktlarla, arqumentlərlə sübut etdi ki, Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Hesab edirəm ki, bu fikirlərin Münxendə - beynəlxalq aləmin diqqət mərkəzində olan bir konfransda səslənməsi, dünyanın aparıcı KİV-lərində geniş şəkildə yayılması Azərbaycanın informasiya cəbhəsində qazandığı çox böyük uğurdur. Bu uğuru Prezident İlham Əliyev qazandırdı, həyata keçirdi. Bu gün Azərbaycan ictimaiyyəti növbəti dəfə öz Prezidentinə minnətdarlığını bildirir ki, o, həm "Valday”da və Aşqabadda, həm də Münxendə Ermənistanın baş nazirini çox çıxılmaz vəziyyətə salıb, onu təkzibedilməz arqumentlərlə, faktlarla tamamilə tərksilah edib. Müzakirələrdə Azərbaycan Prezidentinin məntiqə, faktlara, arqumentlərə söykənən prinsipial və qətiyyətli mövqeyi qarşısında Ermənistan baş naziri silsilə xarakterli səhvlərə yol verməyə başlayıb. Məhz buna görə də Ermənistan ictimaiyyəti Paşinyanı ciddi qınaq obyektinə çevirib. Ona görə də hesab edirəm ki, Prezident İlham Əliyevin debatdakı çıxışı Azərbaycanın böyük diplomatik qələbəsidir”.