06 may 2020 10:25
2719

İlk brilyant üzük nişanlısına kim tərəfindən bağışlanıb?

Brilyant misilsiz gücü, gözəlliyi və qalıcı sevgini təmsil edir. Uzun illərdir ki, evlilik təklifi alan gənc qızlara kürəkən tərəfindən barmağa taxılan ilk üzük təkdaş almazdır. Bəs almaz üzük taxmaq ənənəsi haradan qaynaqlanır?

Brilyant nişan üzükləri ilk dəfə 30-cu illərdə məşhurlaşmağa başladı. 1965-ci ildə ABŞ-da bütün yeni gəlinlərin 80 faizinə almaz üzüklər təqdim edilirdi.

Antropoloqlar bu ənənənin Roma mənşəli olduğuna inanırlar. Tarixdə bununla bağlı ilk hadisə 1477-ci ildə avstriyalı Archduke I Maksimillianın nişanlısı Burgundy Maryə toydan bir gun öncə rekord ölçülü almaz daşlı üzük göndərməsi ilə başlayır. Bununla da Avropa aristokratiyası və zadəganları arasında almaz üzüklərə maraq oyandı. Maksimilian özü də bilmədən, hələ də mövcud olan ənənənin əsasını qoydu.

De Beers tərəfindən Cənubi Afrikada 1880-ci ildə böyük almaz yataqlarının kəşfindən sonra həqiqi brilyantlar insanlarlara ilkin “addımlarını” atdı. Bundan bir qədər əvvəl eyni adlı zərgərlik şirkətinin qurucusu Çarlz Tiffani təcrübəli gemoloqlardan ibarət bir qrup dəvət edərək tək daş nişan üzüyü hazırladı.

De Beers həmin illərdə, yəni, hətta uşaqlıqdan qızlara brilyant haqda məktəblərdə mühazirələrdə məlumatlar verir, yeniyetmə qızlara evliliyin əhəmiyyəti və almaz nişan üzüyü haqda danışırdı. O, “Heç vaxt brilyantlarınızı satmayın. Bu bahalı zinət əşyası deyil, sizin həyatınız, sevginiz, hisslərinizdir. Bunlar ümidlərinizi, xəyallarınızı və gözləntilərinizi təcəssüm etdirir”,- deyə bildirirdi.

Almaz təbiətdə məruz qaldığı hər hansı bir təsir və ya yalnış kəsim tədbiq olunması səbəbindən dəyərini itirə bilər. Brilyant alarkən dörd əsas ünsürə - kəsim, rəng, şəffaflıq və karata diqqət yetirilməlidir..

Kəsim səhvləri almazın parıltısına böyük təsir göstərir və onun formasını müəyyənləşdirir. Ən çox yayılmış forma yuvarlaq bir kəsimdir.

Qırmızı rəngli brilyant inanılmaz dərəcədə nadir halda rast gəlinməsinə görə, dünyada ən bahalı hesab olunur. Nadir tapılmasına görə sırada mavi, narıncı, çəhrayı, şampan olmaqla dünya sıralamasında bu rənglər dəyəri baxımından öndə gedir.

Digər əsas məsələlərdən birisi isə çəkisi və ölçüsünün karatla ölçülməsidir.Yəni onun karatının böyüklüyü dəyərinin böyüklüyünü bildirir. Təkdaş nişan üzüklərində orta hesabla 1 karat və yarım karat arasında almaz olur. Belə ki, mütəxəssislər,alıcılara brilyant kimi qiymətli daşların daim sertifikatlı  alınması lazım olduğunu xəbərdar edirlər.

Samirə İsmayılova, “İki sahil”