04 iyun 2020 10:42
1774

İmmun sisteminin zəifləməsi özünü necə büruzə verir?

Təhlükəli koronavirus infeksiyasının qarşısını almaq üçün əməl etməli olduğumuz ilk şərt sosial məsafədir. Lakin immun sistemimizi yüksək tutmaq, qarşılaşacağımız hər bir infeksiya ilə fəal mübarizə apara bilməsini təmin etmək də çox vacibdir.

 Zəif immun sistemi təkcə COVID-19 deyil, digər sağlamlıq problemləri də yarada bilər və hətta ölümə səbəb ola bilər.

 Məlumdur ki, immuniteti gücləndirmək üçün sağlam və balanslı qidalanmaq, kifayət qədər yuxu yatmaq, mütəmadi idman hərəkətləri etmək, stresə qarşı dözümlü olmaq, siqaret və spirtli içkilərdən uzaq durmaq, gigiyena və təmizliyə qarşı diqqətli olmaq əsas şərtlərdir . Bəs immun sistemimizin “səsini” necə eşidək? Onun hansı vəziyyətdə olduğunu necə başa düşək?

 İmmun sistemi zəifləməyə başladıqda bədənə bəzi siqnallar göndərir. Aşağıda immunitetin zəifliyinə işarə edən məqamlarla tanış ola bilərsiniz:

 Tez-tez soyuqdəymə

 İl ərzində yetkin bir insanın bir və ya iki dəfə soyuqlaması normaldır, ancaq tez-tez soyuqdəymə ilə qarşılaşmaq, virus və infeksiya xəstəliklərinə yoluxmaq, il ərzində dörd dəfədən artıq qulaq infeksiyası keçirmək, iki dəfə pnevmoniya və ya üç dəfə bakterial sinusit keçirmək artıq immun sisteminin siqnalları hesab edilir. İl ərzində iki dəfədən artıq antibiotiklə müalicəyə məcbur qalırsınızsa, bu da zəifləmiş immunitet deməkdir.

 Yaraların gec sağalması

  Dərimiz yanıq, yara və kəsiklərdən sonra adətən dərhal özü-özünü bərpaya başlayır. Orqanizm vitaminlərlə zəngin qanı yara olan hissəyə göndərir ki, həmin nahiyədə dəri yenidən yaransın. Bu zaman sağalma prosesi sağlam immun  hüceyrələrindən asılı olur. İmmun sistemində çatışmazlıq olarsa, sağalma prosesi də gec gedir. Adətən ağız içində yaralar, dəri infeksiyaları, dəri abzesləri, boğazda yaralar qeyri-adekvat immun sisteminin nəticəsi kimi yaranır.

  Həzm sistemində problemlər

 Həzm sistemimiz immun sistemimizi 70 % özündə əks etdirir. Bundan əlavə, oradakı faydalı bakteriya və mikroorqanizmlər bağırsaqları infeksiyalardan qoruyur və immun sistemini dəstəkləyirlər. Mədə-bağırsaq florasında pozuğunluqlar xroniki iltihablara, hətta avtoimmun xəstəliklərinə səbəb ola bilər. İmmun sistemi ilə həzm sistemi arasında düşündüyümüzdən daha ciddi bir əlaqə mövcuddur.

 Daimi yorğunluq

 Tez-tez enerjinizin tükəndiyini hiss edirsinizsə, bu da immun sisteminin həyəcan siqnallarından biri ola bilər. Normal yuxu rejiminə baxmayaraq, özünüzü daim yorğun hiss edirsinizsə, immunitetinizi gücləndirməyə çalışın. Xüsusilə avtoimmun xəstəliklərində immun sistemi xarici faktorlara qarşı mübarizəni dayandıraraq, öz toxumalarını və hüceyrələrini “düşmən” sayaraq, onlara qarşı hərəkətə başlayır.

 Nubar Süleymanova,

“İki sahil”