20 may 2019 15:22
1585

İnam Kərimov tələbələrlə görüşüb

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüb.

Görüşdə çıxış edən nazir bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edib.

Nazir bildirib ki, kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Məhz bu baxımdan zəngin tarix və ənənələrə malik, yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. Son illərdə cənab İlham Əliyevin aqrar sektora diqqəti və qayğısı sayəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib. Bu, universitetdə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb və abituriyentlər arasında universitetə maraq ildən-ilə artıb. Hazırda universitetin 4946 bakalavriat, 302 magistrant, 166 doktorant və dissertantına 554 professor-müəllim heyəti aqrar elmin dərinliklərini öyrədir. Bildiyiniz kimi, 2018/2019-cu tədris ilində universitetə qəbul olan və kənd təsərrüfatı ixtisasları üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat, qeyri-kənd təsərrüfatı ixtisasları üzrə tələbələrə müvafiq olaraq 120 manat və 80 manat məbləğində əlavə təqaüd verilir. Beləliklə, cari tədris ilində müvafiq olaraq 400-499 bal və 500-dən çox bal toplayan 82 tələbəyə əlavə təqaüd təyin edilib”.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.

Görüşdə çıxış edən tələbələr beynəlxalq təcrübə proqramlarında iştirakın genişləndirilməsi, ADAU tələbələrinin yerli şirkətlərdə təcrübə keçməsi, könüllülük fəaliyyətinin genişləndirilməsi və s. ilə bağlı təkliflər irəli sürüblər.

Görüşdən sonra nazir ADAU-nun Mühəndislik Korpusunda fəaliyyət göstərən İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. ADAU tələbələri hazırladıqları startap layihələri ilə bağlı təqdimatlar ediblər. İnam Kərimov kənd təsərrüfatında innovasiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini deyib, nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb, İnnovasiya Mərkəzində fəaliyyət göstərən tələbələrə uğurlar diləyib.