27 yanvar 2020 13:39
1131

İnanırıq ki, seçicilər YAP-ın namizədlərinə səs verəcəklər - VİDEO

İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

74 saylı Lənkəran kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hadi Rəcəblinin yap.org.az saytına müsahibəsi

- Hadi müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən yenidən sizin deputatlığa namizədliyiniz irəli sürülüb. Bu, sizin üçün gözlənilən idimi?

- Mən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, şəxsən partiamızın Sədri, ölkə Preizdenti İlham Əliyevə dərin minnatdarlığımı bildirirəm ki, məni yenidən parlamentdə partiyamızı təmsil etməyə layiq görüb. Bunu mənim üçün çox böyük şərəf və etimaddır. Ötən dövrdəki fəaliyyətim müddətində dövlətimizə və xalqımıza ləyaqətlə xidmət etməyə çalışmışam. Hesab edirəm ki, deputatlığa namizədlyimin yenidən irəli sürülməsi mənim fəaliyyətimə verilən çox yüksək qiymətdir.

Əgər seçicilər etimad göstərərsə, yenidən millət vəkili seçilərəmsə mənə göstərilən etimadı doğrultmağa çalışacağam.

- Siz uzun illərdir parlamentdə sosial qanunvericilik işləri məşğulsunuz. Azərbaycanda həyata keçirilən sosial islahatlar və onun nəticələri haqqında fikirlərinizi bilmək istərdik...

- Bəli, uzun illərdir ki, parlamentdə sosial qanunvericilik sahəsi ilə məşğul oluram. Qeyd edim ki, bu sahə ağrılı bir sahədir, cəmiyyətin həssas təbəqələri bu sahə ilə bağlıdır. Ötən dövr ərzində sosial sfera ilə əlaqədar mühüm islahatlar həyata keçirilib.

Ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ötən ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi.

Məlumdur ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev hələ 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra sosial islahatların anonsunu vermişdi. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Öz vədinə sadiq qalaraq 2019-cu ilin əvvəlindən əhatə dairəsi kifayət qədər geniş olan sosial islahatların həyata keçirilməsi ilə bağlı bir sıra hallarda inqilabi səciyyə daşıyan qərarlar qəbul etdi, çoxsaylı Fərman və sərəncamlar imzaladı. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı reallaşdırılan sosial islahatları ötən ilin mühüm uğurları kimi səciyyələndirərək vurğulayıb: “Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır”.

Qeyd etdiyim kimi, ölkəmizin ardıcıllıqla reallaşdırdığı dərinməzmunlu sosial siyasətində əhalinin həssas qruplarının, aztəminatlı insanların, o cümlədən də müəyyən güzəşt hüquqlarına malik ailələrin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərilir. 2019-cu ildə respublikamızda minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artıb. Həyata keçirilən sosial tədbirlər 4.2 milyon insanı əhatə edir. 

Bu siyasətə uyğun olaraq sosial infrastruktur quruculuğu da geniş vüsət alıb. Təkcə, ötən il ölkə üzrə 60 tibb müəssisəsi, 84 məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Ötən il iki mərhələdə reallaşdırılan sosial məzmunlu islahatların maliyyə yükü kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, 2019-cu ildən başlayan və perspektivdə də davam etdiriləcək sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.

Yəni bu məsələ ilə bağlı indiyə qədər çox danışılıb. Ona görə də mən bütün bunları təkrarlamaq istəmirəm. Prezidentimizin siyasətinin baş məqsədi əhalinin sosial rifahının daha da yüksəldilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş amili dayanır.

- Necə hesab edirsiniz, digər sahələrdə olduğu kimi, sosial sahədə aparılan islahatlar seçkilərdə Yeni Azərbaycan Partiyasının  namizədlərinin şansını nə dərəcədə artırır?

- Bilirsiniz, bütün görülən işlər insanların gözü qarşısında baş verir. Ən əsası odur ki, sosial islahatları hər bir ailə öz həyatında hiss edir. Ona görə də,  təbii ki, insanlar onların rifahını, gələcəyini  düşünən siyasətə səs verəcəklər.

Bu gün Azərbaycan möhkəm təməllər üzərində inkişaf edir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir. Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də, təkcə sosial sahədə deyil, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Vətəndaşlarımız da təbii ki, bütün seçkilərdə inkişaf və tərəqqi siyasətinə, yəni Heydər Əliyev siyasətinə səs verirlər. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.  

- Hadi müəllim, hazırda parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Seçicilərinizlə keçirdiyiniz görüşlərlə bağlı təəssüratlarınız necədir?

- Bildiyiniz kimi mən əvvəlki seçkilərdə də 74 saylı Lənkəran kənd seçki dairəsindən millət vəkili seçilmişəm. Son beş ilə yaxın müddətdə də çalışmışam ki, daim seçicilərlə ünsiyyətdə olum. Parlamentin Sosial siyasət komitəsi də insanlarla ən çox işləyən, sosial məsələlərlə bağlı vətəndaşları qəbul komitələrdən biridir.

Şəxsən mən daim seçicilərlə görüşlər keçirmişəm, qaldırdıları məsələlərin həllinə çalışmışam. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Lənkəran və onun kəndlərində də böyük abadlıq və quruculuq işləri görülüb və bu işlər hazırda da davam etməkdədir. Yeni  məktəb, xəstəxanalar, digər sosial obyektlər, yollar, körpülər və s. tikilib istifadəyə verilir. Rayonda elektrik enerjisi problemi yoxdur, kəndlərin böyük əksəriyyəti qazlaşdırılıb. Lənkəranın Xəzər dənizinin sahilində yerləşməsi bu bölgənin böyük turizm potensialını da şərtləndirir. Ümumilikdə, qeyd edə bilərəm ki, rayon əhalisinin sosial rifahı yüksəkdir.