17 mart 2020 20:26
4549

İnformasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır

Aparılan əsassız təbliğatların əsas səbəbi müstəqil siyasətimiz, heç kimin qarşısında baş əyməməyimizdir

Altıncı çağırış Milli Məclisin ilk iclasında dövlətimizin başçısı İlham Əliyev ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlardan, deputatlarımızın qarşısında dayanan vəzifələrdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırmışdır ki, bizə qarşı informasiya kampaniyası aparılır. Buna görə informasiya mühafizəsi, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır.

Müasir dövr informasiya müharibəsi dövrüdür. Ölkə Prezidentinin vurğuladığı kimi, saxta, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir.

Ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini həzm etməyən dairələr daim əks təbliğat kampaniyası həyata keçirir, onların inhisarında olan beynəlxalq hüquq təşkilatları Azərbaycanı “qeyri-demokratik” ölkə kimi təqdim edirlər. Diqqət çəkən məqam budur ki, demokratiya anlayışının mahiyyətini hələ də dərindən dərk etməyən işğalçı Ermənistan “azad ölkələr” sırasında yer alır. Bu faktın özü gündəmə gətirilən hesabatların, rəylərin hansı əsasda hazırlandığını, dövriyyəyə buraxıldığını əsaslı şəkildə açıqlayır. Reallıq budur ki, Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələr tərəfindən həzm edilmir, nə yolla olursa-olsun ölkəmizin haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu kimi ədalətdən uzaq, əsassız təbliğatlara biganə yanaşmalar isə dünyanın ikili siyasətinin təqdimatıdır ki, Azərbaycan bunu istər demokratik inkişafa, istərsə də yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə aydın şəkildə görür. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində də bu reallığı diqqətə çatdırmışdır ki, aparılan əsassız təbliğatların əsas səbəbi müstəqil siyasətimiz, heç kimin qarşısında baş əyməməyimizdir.

Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarını nəzərə alsaq, bu çağırışı edə bilərik ki, müasir dövrümüzdə mətbuatın inkişaf problemləri ilə yanaşı, hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik  informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. Əsas diqqət yetirilən sahə isə sosial şəbəkələrdə yerləşdirilən informasiyaların ölkələrarası əməkdaşlığın genişləndirilməsindəki rolu və əhəmiyyətidir. İnkişaf istiqamətlərini demokratiyanın təkmilləşdirilməsində, söz, mətbuat, vicdan azadlığının qorunmasında görən Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayandığı kimi, hər kəsin ölkənin qanunları çərçivəsində sərbəst düşünmə və münasibətini bildirmə hüquqları mövcuddur. Həyatımızın ayrılmaz parçasına çevrilən, müxtəlif qurumlar, insanlar arasında münasibətlərin yaranmasında xüsusi rolu olan sosial şəbəkənin, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Əsas məsələ isə internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı qorumaqdır.

Hər bir ölkənin  müəyyən səbəblərdən, münaqişəli məsələlərin mövcudluğu üzündən mövqeləri fərqli olan əlaqələr də mümkündür. Təbii ki, bu zaman mənfi informasiyalara geniş yol açılır. Belə qərəzli münasibət ölkəmizdən də yan keçməyib. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz nitqində bu çağırışı etmişdir ki, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunun üçün gələcək nəsillər öz fəaliyyətlərini bu istiqamətdə qurmalı, təxribatlara uymamalı, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmamalıdırlar.

Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan, beynəlxalq təşkilatlarda söz sahibi kimi yüksək mövqeyə yüksələn Azərbaycan həqiqətlərinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkəmiz haqqında mənfi imic fomalaşdırmağa cəhd etsələr də niyyətləri baş tutmur. Belə qərəzli təbliğatlara tutarlı cavab Azərbaycan reallıqlarıdır. Hətta beynəlxalq təşkilatlarda təmsil olunan diplomatlar, siyasətçilər belə  məkrli yanaşmalara iradlarını bildirərək Azərbaycanı dünyada ən sürətli inkişaf edən ölkə kimi xarakterizə edirlər. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının, o cümlədən Dünya İqtisadi Forumunun hesabatları Azərbaycanın təkmil islahatlar, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində davamlı uğurlara imza atdığının aydın mənzərəsini yaradır. Qlobal informasiya məkanında həqiqətlərlə yanaşı, təxribat və yalan məlumatların kifayət qədər artdığını çıxışlarında xüsusi qeyd edən Prezident İlham Əliyev informasiya təhlükəsizliyini ərzaq, enerji təhlükəsizliyi kimi dövlət siyasətinin aspekti  hesab edir.

Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müstəqilliyimizin əbədiliyini təmin edən daxili və xarici siyasətimiz elə təməl üzərində qurulub ki, heç bir təsir onu sarsıda bilməz. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamda, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Ölkədə informasiya təhlükəsizliyinin təminatı üçün vacib olan məqamlara aydınlıq gətirilərkən qeyd olunur ki, müharibə şəraitində yaşayan Azərbaycanda  müdafiə sirlərinin qorunması üçün hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların verilməsində milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılması daha vacibdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, yeni texnologiyaların yaratdığı bütün imkanlardan səmərəli istifadə edərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Müxtəlif dillərdə internet resursları yaradılmalı, həqiqətlərimiz faktlar əsasında dünyaya bəyan edilməlidir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, Azərbaycan kosmik klubun üzvüdür. Son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Bu uğurumuz iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində mühüm addımdır.

Müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin, inkişafa aparan yolun əsasını təşkil edir.  Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Cənab İlham Əliyev bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respubilkamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Bu gün Azərbaycan çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması onun artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.

Dövlətimizin başçısı uğurlarımız fonunda bu reallığı qeyd edir ki, Azərbaycan ona görə bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir ki, heç kimin qarşısında baş əymir və əyməyəcək. Buna görə də ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.

Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Əsassız, ictmai rəyi əks etdirməyən təxribat xarakterli  məlumatların qarşısının alınmasında güclü vasitə olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırılması baxımından daha önəmlidir. Ölkə maraqlarını müdafiə etmək üçün təbii ki, ilk növbədə, Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. “Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər: “...xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil.” Ölkə Prezidenti bir daha son illərdə müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşdiyimizi, ancaq öz yolumuzdan dönmədiyimizi önə çəkərək bəyan etmişdir ki, ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür: “Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar.”

Yeganə Əliyeva, “İki sahil”