29 oktyabr 2019 19:32
1237

İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional inkişaf proqramın əsas məqsədlərindəndir

Dövlətimizin başçısı İlham Əliyevin Qəbələ və Ağdaş rayonlarına səfərləri çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirakı, açıqlanan hədəflər ölkəmizin uğurlu inkişafının aydın mənzərəsini yaratdı

“İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir” söyləyən cənab İlham Əliyev bu uğurlara yol açan məqamlara diqqəti yönəldərək bildirir ki, bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır: “Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var.”

Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Qəbələ və Ağdaş rayonlarına səfəri çərçivəsində bir sıra sosial obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşüb onların qayğıları ilə yaxından tanış olması insan amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirdi. “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas  vəzifəm ölkə daxilində olan problemləri həllə etməkdir.  Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram” söyləyən ölkə Prezidenti bildirmişdir ki, istəyirəm problemləri  vətəndaşların dilindən eşidəm və onlar öz həllini tapsın.

Bölgələrin inkişafının əsas göstəricilərindən biri infrastrukturun yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Ölkəmizdə  qazlaşdırmanın səviyyəsi  96 faizə yaxınlaşıb.  Təbii ki, bunu şərtləndirən amillər mövcuddur. Dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan özünün enerji təminatını yüksək səviyyədə ödəyir.  Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılıb.  Azərbaycan bu baxımdan da  ön sıralardadır. Bu hədəf də açıqlanır ki, cari ildə  mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Cənab İlham Əliyevin Qəbələ rayonuna səfəri çərçivəsində “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Qeyd olunmuşdur ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq  regionlardakı  istehlakçıların elektrik enerjisi  təchizatı Bakı şəhərindəki səviyyəyə çatdırılmalıdır və bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. Paylayıcı elektrik şəbəkələrində  informasiya-kommunikasiya texnologiyalarının və ən müasir standartlara cavab verən idarəetmənin geniş tətbiqi maksimum diqqətdə saxlanılır.

İnfrastruktur layihələri sırasında içməli su təminatı da əsas yer tutur.  Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu sahədə də qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olunub. Cənab İlham Əliyevin Qəbələ və Ağdaş rayonlarına  səfəri zamanı   içməli  su təchizatı və kanalizasiya  sistemlərinin istifadəyə verilməsi də deyilənlərin bariz nümunəsidir.  “Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq” söyləyən dövlətimizin başçısı bu rəqəmi də açıqlayır ki, hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da  suvarılmayan torpaqlara su çəkilir.

Nəzərə alsaq ki, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritetdir, biznes mühiti üçün beynəlxalq standartlara cavab verən, təkmil infrastrukturun mövcudluğu əsas şərtdir. Dövlətimizin başçısı bildirir  ki,  infrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi bölgələrdəki  vəziyyəti köklü şəkildə dəyişib.  Artıq bu gün böyük inamla qeyd edirik ki, bütün kəndlərimiz, qəsəbələrimiz inkişaf dövrünü yaşayır. Ən ucqar kəndlərimizin yolları belə müasir tələblərə uyğun qurulmuş, sosial-iqtisadi inkişafdan geri qalmayıb.  Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib. Bu gün uğurla icra edilən özünüməşğulluq proqramını stimullaşdıran amillər sırasında   infrastrukturun tələblərə uyğun qurulmasıdır. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması və coğrafiyasını genişləndirməsi də bu amilə söykənir.

Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də  sosial sahədə layihələrin həyata keçirilməsidir.  3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. Son illərin mühüm layihələri sırasında  modul tipli məktəblərin tikintisi əsas yer tutur ki, bunlar da ilk növbədə  kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərini əhatə edir. Təbii ki, əsas məqsəd insanların rahat yaşayışını təmin etmək, onların bütün ehtiyaclarını ödəməkdir.

Göründüyü kimi, atılan bu addımlarda əsas məqsəd  bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstəkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha  yüksək səviyyədə qurmalarını şərtləndirir.  Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında  duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir.     

Ölkə Prezidenti bu çağırışı edir ki,  çalışmalıyıq öz ərzaq  təhlükəsizliyimizi tam şəkildə təmin edək.  Təbii ki, rayonlar üzrə aparılan ixtisaslaşma,  dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə həmin sahələrin inkişafına dair müşavirələrin keçirilməsi, prioritetlərin açıqlanması qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımıza  əsas yaradır. Əsas  hədəflərdən  biri   ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkələr sırasında görməkdir.  İşsizlik və məşğulluq  probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir.  Yoxsulluq da 5 faiz səviyyəsindədir.  Beynəlxalq maliyyə qurumlarının hesabatlarında   Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir.  “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda,  bildirir ki, əlbəttə,  belə fikirlər ortaya  qoyulanda həm bizi daha da  sevindirir, həm də  dünyanın bütün maliyyə qurumlarına  bir siqnaldır.

Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 20 ən islahatçı ölkə kimi tanınır və  32 pillə irəliləyərək 25-ci yerdədir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı da diqqətə çatdırır ki,  Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir: “Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq. Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb.”

İnfrastrukturun yenilənməsi qarşıya mühüm vəzifə kimi qoyulan” “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisinin gerçəkləşdirilməsində də əsas rol oynayır. Özəl bölmənin əsas sahələrindən olan aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir.  Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac  potensialının artırılması məqsədilə  ölkədə müasir  aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki,  yaradılmaqda olan aqroparklar  ixrac potensialımızı böyük dərəcədə artıracaq. Aqroparkların yaradılması ən müasir təcrübə kimi dəyərləndirilir. Aqroparkda  fermer artıq   satışın təşkili, saxlanma, təkrar istehsal kimi  məsələlərdən azad olur. Bu rəqəmlər də açıqlanır ki, dövlət ancaq  infrastruktur  layihələrinə  200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur.

Qeyd edək ki,   son illərdə  əksər kənd təsərrüfatı  məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Sözsüz ki, müsbət göstəricilərimiz  verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlətimizin başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə  görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Əvvəldə də qeyd etdiyimizi kimi, ölkədə sabitliyi, eyni zamanda, normal biznes mühitinin mövcudluğunun nəticəsidir ki, son 16 ildən artıq dövrdə  ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük əksəriyyətini xarici investisiyalar təşkil edir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda xarici  investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Onu da qeyd edək ki, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Yaradılan əlverişli biznes  mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı  ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.

Dövlətimizin başçısı İlham Əliyevin  Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir. Strateji Yol Xəritəsində bu hədəf öz əksini tapıb ki,  2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq.

Ümumiləşdirmə aparsaq,   ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaq əsas hədəflərdəndir. Hədəfə çatmaq üçün  qeyri-neft sənayesi və kənd təsərrüfatı inkişaf etdirilir,  dövlət dəstəyi artırılır,  iqtisadi zonalar, sənaye parkları  yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki,  güclü iqtisadiyyat yaradaraq,  sosial məsələlərin həlli istiqamətində  addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan  vətəndaşının dayanmasından irəli gəlir. Ölkə Prezidenti Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə də bildirmişdir ki, xalq-iqtidar birliyi inkişafımızı şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”